Neftin qiyməti büdcəni “şişirdir”- gəlir hara gedəcək...

8-05-2024, 13:16           
Neftin qiyməti büdcəni “şişirdir”-
Maliyyə naziri bildirib ki, bu ilin dövlət büdcəsinin proqnozlarına ilin ortalarında yenidən baxıla bilər

Azərbaycan hökuməti 2024-cü ilin dövlət büdcəsinə yenidən baxa bilər. Bununla bağlı maliyyə naziri Samir Şərifov jurnalistlərin suallarını cavablandırarkən məlumat açıqlayıb. Nazir bildirib ki, bu ilin dövlət büdcəsinin proqnozlarına ilin ortalarında yenidən baxıla bilər, çünki ötən dövrün nəticələri pis deyil: “Heç nəyi istisna etmək olmaz, bir qayda olaraq, biz ötən dövrün, yəni dörd ayın yekunlarına nəzər salırıq ki, qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı pis deyil, kifayət qədər yüksəkdir, neft sektoru, eləcə də vergi və gömrük daxilolmaları xətti ilə əlavə gəlirlər mövcuddur”.

S.Şərifovun sözlərinə görə, bazarda neftin qiyməti büdcə proqnozlarına daxil ediləndən yüksəkdir: “Bildiyiniz kimi, bu il Azərbaycanın dövlət büdcəsində neftin bir bareli 60 dollar səviyyəsində müəyyən edilib. Müvafiq olaraq, neft sektorundan əlavə gəlirlər də nəzərə alınacaq, bizim neftlə yanaşı, qazdan da gəlirimiz var”.

Nazir qeyd edib ki, beynəlxalq qaz bazarlarında qiymətlər çox dəyişkəndir, belə ki, son vaxtlar qazın qiyməti ucuzlaşmağa başlayıb: “Bütün deyilənləri nəzərə alaraq, bu gün müəyyən hesablamalar aparılır. Buna görə də həmişə olduğu kimi, əlavə gəlir olanda və onlardan makroiqtisadi sabitliyə xələl gətirmədən layihələr üçün istifadə etmək imkanı yarananda orta müddətli, makrofiskal dayanıqlığa əngəl törətməməklə müvafiq səviyyədə qərar veriləcək”.

Qeyd edək ki, Azərbaycanda neft-qaz gəlirlərinin axını başlayandan ilin ortasında dövlət büdcəsinə dəyişikliklər edilməsi demək olar ki, hər il təkrarlanan praktikaya çevrilib. 2014-2016-cı illərdə neft qiymətlərinin kəskin azaldığı dövr istisna olmaqla, belə dəyişikliklər bir qayda olaraq büdcə xərclərinin artırılması istiqamətli olur. Buna büdcəyə nəzərdə tutulandan daha çox gəlirlərin daxil olması imkan verir. Lakin bu ilin ilk rübündə büdcəyə daxilolmalarda artım elə böyük həcmdə deyil. Belə ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 milyard 234,3 milyon manat, xərcləri isə 8 milyard 412,6 milyon manat təşkil edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,4 faiz və 28,1 faiz çoxdur. Son nəticədə büdcədə 821,7 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 52,3 faiz və yaxud 2,1 dəfə azdır.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 12,9 faiz çox icra edilməklə 6039,0 milyon manat təşkil edib.

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərinin 4281,7 milyon manatı və ya 46,4 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3195,3 milyon manatı və ya 34,6 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1469,9 milyon manatı və ya 15,9 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 159,4 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların, 118,8 milyon manatı və ya 1,3 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 9,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşür.

2024-cü ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 532,0 milyon manat və ya 14,2 faiz, gömrük orqanlarının xətti ilə 102,9 milyon manat və ya 7,5 faiz, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 0,3 milyon manat, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 2,0 milyon manat və ya 27,8 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və digər daxilolmalar üzrə 52,3 milyon manat və ya 23,2 faiz çox icra edilib.

2024-cü ilin 1-ci rübü üzrə dövlət büdcəsinin gəlirləri 2023-cü ilin həmin dövrü ilə müqayisədə Dövlət Neft Fondudan dövlət büdcəsinə transfert üzrə 1 milyard 619,3 milyon manat və ya 2 dəfə, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1,3 milyon manat və ya 16,5 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və digər daxilolmalar üzrə 16,6 milyon manat və ya 6,3 faiz çox icra olunsa da, vergi oqanlarının xətti ilə daxilolmalar üzrə 617,8 milyon manat və ya 12,6 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 75,1 milyon manat və ya 4,9 faiz az icra edilib.

Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2024-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 50,6 faizini təşkil etməklə 4 milyard 671,7 milyon manat olub ki, bu da proqnozla müqayisədə 472,8 milyon manat və ya 11,3 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 241,7 milyon manat və ya 5,5 faiz çoxdur.

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 62,4 faizini və ya 2 milyard 914,4 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 31,5 faizini və ya 1 milyard 469,9 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,5 faizini və ya 118,8 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,4 faizini və ya 159,4 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 9,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.

Dünya bazarında neft qiymətləri yüksək olsa da, qaz qiymətlərinin ucuzlaşması, həmçinin Azərbaycanın neft irxacındakı azalma neft-qaz sektorundan büdcəyə vergi daxilolmalarının kəskin azalmasını şərtləndirib. Belə ki, bu ilin birinci rübündə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4 milyard 562,6 milyon manat təşkil edib. Bu, proqnozla müqayisədə 216,7 milyon manat və ya 5,0 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 702,6 milyon manat və ya 18,2 faiz çoxdur. Ötən illə müqayisədəki artım bütünlüklə Dövlət Neft Fondundan transfertin hesabınadır. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 30,0 faizi və ya 1 milyard 367,3 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 70,0 faizi və ya 3 milyard 195,3 milyon manatını isə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir. Ötən ilin birinci rübündə fonddan büdcəyə transfertin həcmi 1 milyard 576 milyon manata bərabər olmuşdu.

Bu ilin birinci rübündə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olunan neft-qaz gəlirlərinin 48,8 faizi və 667,9 milyon manatını “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 34,0 faizi və ya 464,8 milyon manatını Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 17,2 faizi və ya 234,6 milyon manatını ABƏŞ-in mənfəət vergisi təşkil edir. Qeyd edək ki, ötən ilin eyni dövründə Vergi Xidmətinin xətti ilə büdcəyə neft-qaz sektorundan 2 milyard 284 milyon manat daxil olmuşdu. Bu isə cari ildə bu mənbədən büdcəyə daxilolmaların 40 faizdən çox azalması deməkdir.

2023-cü ilin birinci rübündə “Şahdəniz”dən 1 milyard 545,7 milyon manat mənfəət vergisi ödənmişdi. Cari ildə bu mənbədən vergi ödənişi 56,8 faiz azalıb.

Bu ilin yanvar-mart aylarında SOCAR-ın büdcəyə vergi ödənişləri 9,4 faiz azalıb - ötən il şirkət 545,7 milyon manat vergi ödəmişdi.

Azəri-Çıraq-Günəşli yatağından ödənilən mənfəət vergisi isə ötən ilki 225,2 milyon manata qarşı 4.2 faiz artım nümayiş etdirib.

Neft ixracında, həmçinin qaz qiymətlərində azalma Neft Fondunun gəlirlərində də azalmaya səbəb olub. Belə ki, Neft Fondu bu ilin yanvar-aprel aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından hasil olunan mənfəət neftindən 1 milyard 798,6 milyon ABŞ dolları gəlir əldə edib.

“Yeni Müsavat”ın fondun məlumatları əsasında apardığı hesablamaya görə, bu, ötən ilin eyni dövründəki göstəricidən 27,1 faiz azdır. 2023-cü ilin yanvar-aprel aylarında fonda AÇG-dən 2 milyard 468 milyon dollar daxil olmuşdu.

4 ayda Neft Fonduna “Şahdəniz” yatağından (qaz və kondensat) 202,715 milyon ABŞ dolları daxil olub ki, bu da illik ifadədə 78,4 faiz azalma deməkdir. Ötən il “Şahdəniz”dən fond 935,754 milyon dollar gəlir əldə etmişdi.

Yanvar-apreldə “Şahdəniz”dən əldə olunan gəlirin 60,784 milyon dolları qaz kondensatının satışından əldə olunub. Ötən il bu mənbədən 197,763 milyon dollar daxil olmuşdu.

Beləliklə, aydın olur ki, bu il dövlət büdcəsinin proqnozdan artıq gəlirləri elə də böyük həcmdə deyil. Lakin nəzərə alsaq ki, aprel ayında dünya bazarında neft qiymətləri ilk 3 ayla müqayisədə daha yüksək olub, üstəlik, Azərbaycanın əsas neft hasil olunan AÇG yatağında yeni platformadan hasilat başlanıb, onda növbəti rüblərdə gəlirlərin daha sürətli artımı ehtimalı yüksəkdir. Bu isə o deməkdir ki, hökumət ənənəsinə sadiq qalaraq, büdcəyə yenidən baxmaq imkanı əldə edə bilər. Bu zaman artacaq xərclər sırasında azad olunan ərazilərin bərpası və müdafiə xərclərinin ilk yerlərdə olacağı gözlənilir...

Dünya SAKİT,

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.