“Tekfen Holding” Azərbaycanın qanunlarını pozur

17-05-2016, 13:08           
“Tekfen Holding” Azərbaycanın qanunlarını pozur
Şirkət 51% pay sahibi olduğu “Cənubtikintiservis”i özü-özünə icarəyə verib “CTS”-nin ümumi yığıncağından səhmdarlara sürpriz rəqəmlər
"Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) 46% səhminin hüquqi sahibi "Caspian Ship Construction & Repair" şirkəti həmişəki kimi nümayəndəsini göndərmədiyindən aprel ayına təyin olunan ümumi yığıncağı may ayına keçirilmişdi. Mülki Məcəllənin (MM) 107-2-ci maddəsinə görə, səhmdarların ümumi yığıncağında səsli səhmlərin 60%-nin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Yetərsay olmadıqda, yığıncaq yenidən çağırılmalıdır, bu zaman səhmlərin 40%-nin sahibləri iştirak etdikdə iclas səlahiyyətlidir. Biz də MM-in bu maddəsini tətbiq etmək zorunda qalıb bir iclasa ildə iki dəfə gəlirik. Dövlət Neft Şirkətinin (SOCAR) strukturu olan "Xəzərdənizqazmatikinti" Trestinin bazasında yaradılmış "Cənubtikintiservis"in (qısaca "CTS") tam 51%-lə səhm-nəzarət paketi sahibi (nizamnamə kapitalı 1,3 milyon manat, səhm sayı 661 847 ədəd) Lüksemburqda yaradılmış "Tekfen İnternational Finance & İnvestments S.A." şirkətidir. Bütün offşor şirkətlər kimi hər ikisinin web-saytı mövcud deyil. Türklər demiş, kəndiləri ortağım olurlar.

"Bizi incidən xəyali cənabı tapın"

Yığıncaqda biri hüquqi şəxs olmaqla 28 səhmdar, ümumilikdə 340 362 səhm (51,42%) sahibinin iştirak etdiyi elan olundu. Gündəlikdə "CTS"-nin 2015-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabat, bir də cəmiyyətin müşahidə şurası tərkibi və maliyyə təftiş komissiyasının formalaşdırılması dururdu. Üç nəfərdən ibarət say komissiyası yaradıldı. Paket sahibini vəkalətnamə ilə təmsil edən, eyni vaxtda "Tekfen İnşaat və Təsisat A.Ş."-nin Azərbaycandakı nümayəndəliyinin baş direktoru Turqay Çabalar həmişəki kimi keçici olaraq səhmdarların arasında əyləşmişdi. Yığıncağa sədr seçilənə qədər nə səsvermədə iştirak etdi, nə də ağzını açıb bir kəlmə dedi. Hər şey əvvəldən danışılmış kimi alternativsiz onun namizədliyi irəli sürüldü, hamı lehinə, mən əleyhinə olmaqla keçib sədarətdəki yerində əyləşdi. O, başlamadan səhmdar Xaqani Məmmədov ortaqlarını sayıb iclaslara gəlməyən "Caspian Ship Construction & Repair" şirkətinin kimliyi ilə maraqlandı: "O cənab kimi təmsil edir, bizi bu qədər incidən adamı maraq edirəm. 10-15 səhmimiz var, hər iclasa gəlirik, o, 46 faizin sahibidir, amma təşrif buyurmur, bizim üçün də problem yaradır. Adresi, telefon nömrəsi yoxdurmu əlaqə saxlayıb, dərdini bilək"?

Pul üzünü görmədikləri ortağın hesabına köçürülür

Soruşdular "bəs o dividendi necə alır", ASC-nin mühasibi Piyalə Mahmudova pulun bank hesabına köçürüldüyünü dedi. X.Məmmədov da "nə gözəl, səhmləri alıb kənarda dayanıb, müəssisə idarə olunur, pul onun hesabına köçür, bu pul niyə azdır, niyə çoxdur, deyə sual eləmir", dedi. T.Çabalar özünə cavabdeh olduğunu söylədi: "O səhmdar 46%-i birjada alıb, buna bir şərhim yoxdur, siz Azərbaycan vətəndaşı olaraq mənim dilimdən anlamırsız", deyib bu iclasda ilk yersiz replikasını mənə atdı. Adətən hesabatın dövlət dilində verilməsini israr edirəm. Konkret adımı çəkmirdi, amma çıxışını sona qədər yazılarım üzərində qurdu. Dedi ki, "adresi məndə yoxdur, siz səhmdar kimi maraqlanmaq istəyirsinizsə, hüquqi cavab ala biləcəyiniz yer birjadır, kimə aid olduğu, direktorunun kimliyini öyrənə bilərsiz, xüsusilə də qəzetçilər bunu çox yaxşı edirlər".

Əcnəbi şirkətin köləsinə çevrilmiş səhmdar cəmiyyət

Dolayısıyla SOCAR-a məxsus şirkətin A.Əliyevin adında olduğunu "Bizim Yol" qəzeti neçə vaxtdan bəri ortaya çıxarıb. Cəmiyyətə bu qədər işin verilməsi də təsadüfi deyil, dövlət məmurları bağlı olmadıqları müəssisələrə çətin iş verərlər. Bunu biz təşkilatların tender nəticələrindən də həmişə görürük. Təklif olundu ki, komissiya yaradılsın, 46% sahibinin kimliyi, iclaslara gəlməməyinin səbəbi araşdırılsın, amma təklif olaraq da qaldı. Çabalar hesabatı vermədən əvvəl açıqlama edəcəyini söylədi. Dedi ki, "CTS"-nin səhmlərinin 51%-i Türkiyədəki "Tekfen Holding"ə daxil olan "Tekfen İnternational Finance & İnvestments S.A."-ya aiddir, özü isə "Tekfen İnşaat və Təsisat A.Ş."nin baş direktoru olmaqla bərabər bizim ortağımızın vəkalətnamə ilə nümayəndəsidir və bunu qarışdırmayaq. Qarışdırsaq nə var, ya keçəl Həsən, ya da Həsən keçəl, ikisi də bir holdinqin strukturudur. Əslində bu müraciət də mənə idi, çünki digər səhmdarlar yığıncaq bitdikdən sonra ASC-ni Allah rızası üçün də yada salmırlar. Mən isə yazmışdım ki, "Tekfen"də səhmdarlarla məsləhətləşmədən müəssisəmizi özlərinə sərf edən şərtlərlə kirayə götürüblər.

Mülki Məcəllə özü-özünə icarəni qadağan edir

Mülki Məcəlləyə əlavə edilən 49-1, "Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası" maddəsində qeyd olunur ki, hüquqi şəxsə (şirkətə) aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Bu anlayışın əhatə etdiyi şəxslər hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri; hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri; qohumları, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10% və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs; nizamnamə kapitalında ən azı 20% payla iştirak etdiyi hüquqi şəxsdir. Bağlı olduğu şirkətlə nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5% və daha çox hissəsini təşkil etdikdə həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Aidiyyəti şəxs olan iştirakçı əqdə dair səsvermədə iştirak edə bilməz. Qanunun tələbləri pozulduqda müqəssirlər məsuliyyətə cəlb edilir. Vergidən yayınma və minoritarları dividend almaq hüququndan məhrum etmək məqsədilə məşhur holdinqlər də bu üsuldan istifadə edirlər. Bəlli ki, məsələ yazıldığından şirkətdə ciddi narahat olublar, yenidən xırdalamaqla MM-ə, eləcə də Prezidentin sərəncamına qarşı çıxdıqlarını doğruladılar. Çabalar holdinqə daxil olan investor şirkətin "CTS"-də vəkalətlə təmsilçisi, onu icarəyə götürən digər şirkətin də rəhbəridir. Elan elədi ki, may ayından baş direktorluğu bitib, İstanbula "atılıb": "Bundan sonra İstanbulda xidmət göstərəcəm, ancaq "Tekfen İnternational" hissələrinin təmsilçilik səlahiyyətini mənə verib. Siz gəldiyiniz zaman vəkalətnən bir ortaq olaraq yenə burada yer alacam. Uyğun görsəniz müşahidə şurasında olmaq istəyirəm" (adam 5 ildir müşahidə şurasındadır və bunun qanunvericiliyə zidd olduğunu əsaslandıracam-H.H.). Bu qərarı holdinqdə kadrların sirkulyasiyası (rotasiya) ilə izah etdi, amma istisna deyil ki, baş direktorluqdan uzaqlaşdırılmağında yüngülvari "xidmətim" var. Dediyim kimi, burada maraqlar konflikti mövcuddur və güman ki, holdinqdə bunu nəzərə almaq üçün ümumi yığıncağı gözləyiblər. Çabaların mənə qarşı aqressivliyi və sona qədər söz verməməsinin altında məhz vəzifədən uzaqlaşdırılmağının yatdığını düşünürəm. Əslində Çabaların getməsilə mahiyyət dəyişmir, holdinq səhm-nəzarət paketi sahibi olduğu müəssisəni özü-özünə yenə icarəyə verib. Burada problem individlərin deyil, hüquqi şəxs olan şirkətindir.

"Devalvasiyadan sonra paramız kəndi-kəndinə artdı"

Sonra türk təmsilçi bizim "Dövlət dili haqqında" Qanunu yenə pozub hesabatı öz dövlət dilində oxudu. Dediyinə görə, ASC-nin 2015-ci il üzrə "Cənub Körpüsü" və Gülbala Əliyev küçəsi 25 adresdə "Azfen" BM ilə aylıq 197 500 dollar icarə müqaviləsi bağlanıb. Əlavə olaraq BM-lə cəmiyyətin kampında yaşayan işçilərin sayına görə (20 dollar ədv-siz) icarə müqaviləsi imzalanıb. Eyni şəkildə "Tekfen İnşaat və Təsisat A.Ş." nümayəndəliyi ilə işçilərə görə müqavilə bağlanıb. Keçən il "CTS"-də çalışan işçilərin sayı 62 nəfər olub, hazırda bu 70-dir. Ötən ilin yekunlarına görə "Azfen" BM-nin elektrik enerjisi üçün 110 151.78 manat, yenə həmin şirkətdən icarə haqqından 1 242 828 manat, BM-nin xaricdən gətirdiyi işçilər üçün 102 684 manat kamp xidmətinə dair ödəniş (bir ildə14 işçi deməkdir-H.H.) edilib. "Tekfen İnşaat və Təsisat A.Ş."-dən kampda qalan işçilərdən dolayı icarəyə görə alınan pul 6 016 084.81 manatdır (o vaxt dolların kursu ilə 795 işçi-H.H.). Kənarda qalan "Tekfen" işçilərinin camaşırları 6 min manata təmizlənib. "Tekfen"lə anlaşma dollarla olduğundan 616 min manat kurs fərqi alınıb. T.Çabalar: "Qazandığımız bütün pullar "Yapı Kredi" bankında dollar hesabımızda idi. Devalvasiyadan sonra da paramızın dəyəri avtomatik olaraq kəndi-kəndinə artmış oldu. Buradan gələn gəlir isə 1 819 732 manatdır. Fiziki şəxslərə satılan bəzi ıvır-zıvır mallardan da 5 904 manat gəlir olub. Bu rəqəmlərin cəmi 10 119 538.31 manatdır. "CTS"-nin yarandığı vaxtdan bu günə qədər əldə etdiyimiz ən böyük gəlirdir".

6 milyonu qazanmaq üçün 4 milyon belə xərclənib

Bu gəliri yaratmaq üçün ən çox xərclərimiz də elə keçən il çıxıb. Mal-material xərcləri 22 000, əmlakın dövlət kirayə xərcləri 842 000 manat olub. "Bunu da açıq yazın ki, yanlış anlaşılmasın, mən dövlətin əmlaka görə kəsdiyi fakturanı ödəyirəm", deyə Çabalar yenə mənə ismarış yolladı. Keçən il sosial sığorta ayırmaları ilə bağlı 189 000, "CTS"-nin isidilməsi, soyudulması kimi xidmətlərə görə yanacağa 3 692, elektrik enerjisi xərcləri - müəssisənin ərazisi və"Azfen"dən əldə edilən elektrik enerjisi üçün toplam xərclər 229 000, bunlardan dolayı məişət tullantıları 10 000, "Azfen"inki 110 000, qaz 3 450, qeyri-maddi aktivlərin amortizasiyası 593 000, əsas vəsaitlərin amortizasiyası 262 000, xəsarət alanlara ödənişlər 51 900, azqiymətli tezköhnələn əşyaların amortizasiyası 46 608, əmlak vergisi 31 614, təmir məsrəfləri ümumi xərclərin yüzdə ikisi - 1 968, illik audit hesabatı üçün Auditorlar Palatasına ödəniş 750, bank xidməti üzrə komisyon haqq 8 128 manat, reyestrin aparılmasına 661, işçilər və avadanlıqların sığortası 11 427, poçt xidməti 139, notarius xidməti 274, internet xidməti 18 218, təsərrüfat xərcləri 74 000, digər xərclər 141 000 manat təşkil edib və cəmiyyətin ümumilikdə 2 052 628 manat xərci olub. 2015-ci ilin maliyyə hesabatından göründüyü kimi il ərzində malların təqdim edilməsi, icarə haqqı, kurs fərqindən cəmi 10 119 538.31 manat gəlir əldə edilib, bu gəlirin əldə olunmasına faktiki 2 052 628 manat vəsait xərclənib və bunun nəticəsində 8 066 910.31 manat gəlir yaranıb. Bundan büdcəyə 20% mənfəət vergisi 1 613 381.92 manat çıxıldıqdan sonra 6 453 527.67 manat qalıb. Bundan da il ərzində 8 mart qadınlar günü, Novruz bayramı, Qurban bayramı, kiməsə köməklik, cəmiyyətdə uzun illər işləyərək dünyasını dəyişdirən Vahid Yasin oğlunun dəfninə məsrəfləri çıxdıqdan sonra yerdə qalan istifadə edilməmiş mənfəət 6 217 683.59 manat olub. Çabalar xalis mənfəəti səhm sayına böldü və hər səhmə 9.39 manat düşdüyünü dedi: "Keçən il dividend 2,5 manat idi, kiçik ortaqlarımıza 5 manatdan ödəmə etdik. İndi artıq kiçiyi, böyüyü qalmadı". Yenə bitirdiyinə işarə üçün "olay budur", dedi. Mən də keçənilki kimi deyirəm: həqiqətən də olay ki, nə olay. Adam poçt xidməti üçün 139 manatın hesabatını verdi, 62 işçiyə 1 milyonluq əməkhaqqı fondunun üstündən sükutla keçdi...

(ardı növbəti sayda)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.