772-ci batalyon - Karmiravan döyüşü

21-04-2015, 09:59           
772-ci batalyon - Karmiravan döyüşü
Oxucularımıza eksklyüziv olaraq, 21-ci ildönümü ilə bağlı Karmiravan döyüşünü təqdim edirik. 772 saylı batalyon haqqında silsilə yazılarımız isə davam edəcək.

Karmiravan

Həmsöhbətim 772-reyd dəstəsindən artıq oxucularımıza tanış olan döyüşçü
Yalquzaq.

21 aprel saat 19:30-da Ağdərə-Qırmızıkənd istiqamətində avtomobil yolunun kənarı ilə ermənilərdən ibarət bir qrup bizim eyni istiqamətdə dayanan 772-ci xüsusi təyinatlı batalyonun (XTB) mövqeylərinə yaxınlaşır və bunu müşahidə edən bölük komandiri batalyon komandirinə məlumat verir...

<< Onlar yol qırağı ilə hərəkət edərkən, biz onları müəyyən etdik və müşahidə apardıq. Gəldilər və orada əvvəl trasserlərlə atəş açdılar, sonra sakitlik çökdü. Mən belə bir hala rast gəlməmişdim müharibə boyu.
Yolun sağ tərəfində mənim bölüyüm, solda isə bigər bizim batayon bölüyü mövqelərdə dayanırdıq. Biz 5-6 nəfər gördük. Nə qədər olduqlarını dəqiq bilmirdik. >>

21 aprel gecə 772-ci XTB-nin iki kəşfiyyat qrupu: "Starik" və "Kobra" düşmən mövqeyinə tərəf irəliləyirdilər. Bu qrupların tapşırığı irəliyə soxulmuş ermənilərin kimliyini öyrənmək və ən ümdə məsələ onları məhv etmək, meyidləri öz tərəfimizə keçirmək idi...

<< Biz irəliyə soxulmuş ermənilər haqqında batalyon komandirinə xəbər verdikdən sonra, o, iki kəşfiyyat qrupunu irəli göndəribmiş, amma bizim bundan xəbərimiz yox idi. Biz yalnız səhər döyüş başlayanda bundan xəbər tutduq. Döyüş qızışanda bizim tank və PDM-lərə kəşfiyyatçılarımıza atəşlə dəstək verməsi əmr olundu. Onlar biraz irəliləyib, erməni mövqelərinə atəş açır və yerinə qayıdırdı. Döyüş gedən ərazi bizdən çox uzaq deyildi. >>

- Bu kəşfiyyat qrupları haqqında çox eşitmişəm, onlar kimlər idi? "Starik" və "Kobra" haqqında məlumat vermənizi rica edirəm.
- Bu kəşfiyyat qruplarını batalyon komandiri daha təcrübəli, çox sayda döyüş keçmiş döyüşçülərdən təşkil etmişdi. Qrup yarı kəşfiyyat, yarı həmlə xarakteri daşıyırdı. Onların tapşırığı hər zaman daha çətin əməliyyatlar olurdu. Komandir onlara tam arxayın idi və onların əməliyyatlarından bizim yalnız əməliyyat başa çatdıqdan sonra xəbərimiz olurdu. Hər birinin tərkibi 12 nəfərdən ibarət idi, əsasən köhnə döyüşçülər olsa da tərkiblərində bir-iki yeni döyüşçülər də olurdu.
Danışmaq istədiyim bir məqam daha var. Atəşkəs dövründə (iyun ayıda), cəsədlər dəyişdirildikdə ermənilər Qenrix Ayrapetyan haqqında çox soruşurdular. O, qruplardan birinin komandiri idi. Niyə görəsə onun adı erməni mənbələrində "14 nəfər"in (http://beatok.ru/4/26) arasında yoxdur. Həm ermənilər o döyüşdən ancaq bir qrup və 14 nəfər üzvü haqqında məlumat verir, orada isə 2 və za 3 qrup olmuşdu. Onun, məhv edildikdən sonra, cibindən Azərbaycan pasportu tapmışdıq. Xatirimdə deyil pasportdakı ad və soy ad (pasportda ad Bayramov Allahverdi Şükür oğlu olub - K.S.), ola bilər ki, işğal edilmiş rayon və kəndlərdən qətlə yetirdikləri vətəndaşlarımızdan götürmüşdülər. Bakılı idi, bəlkə də o, azərbaycanca təmiz bilirdi və bu səbəbdən belə sənədi hər hansı fövqəladə hal üçün üzərində gəzdirirdi... Adı indi ermənilərin "14-lərinin" siyahısında olmasa da ermənilər canfəşanlıqla onu axtarırdılar. Qəribədir ki, ölüsünü, və ya dirisini soruşub dururdular. Həm cəsədlər dəyişərkən, sadəcə əldə olan meyidlər dəyişir, kimsə xüsusi olaraq, təsadüfi hallarda axtarılır...

- Siz onun meyidini verdinizmi ermənilərə?
- Elə maraqlısı da budur ki, biz onun meyidini də ermənilərə verdik, amma meyidlər qazılaraq, çıxarılıb verilmişdi, atəşkəsdən sonra, ola bilsin ki, onlar onu tanıya bilməmişdilər. Mən sonradan döyüşlər haqqında erməni mənbələrini oxuyurdum. Və onun itkin kimi getdiyini, axtardıqlarını gördüm erməni mənbələrdə.

- Siz necə bildiniz ki, söhbət məhz Genrixdən gedir?
- Söhbətlərimizdə demişdim sizə, məhv etdiyimizdə ermənilərin cibində bütün sənədləri olurdu. Bu haqqda geniş sonra danışarıq, sadəcə onu qeyd edim ki, onun da cibində arayış vardı, yazılırdı ki, << komandir razvedqruppı "Prizrak" >>. O, orta yaşlı idi. Erməni meyidləri arasında elə hamısı orta yaşlılar idi. Bir məqam da maraqlıdır ki, bu döyüşdən meydanda apara bilmıdikləri 17 meyid qalmışdı, amma ermənilər 14 itki verdiklərini yazır. Bizim uşaqlar onlardan 13, ya 14 nəfərini gətirmişdilər. Ortada 3-4 meyidləri qalmışdı. Bizə məlum deyil, onlar nə qədər yaralı və meyid daşıyıb, apara bilmişdilər.

- Məncə, burada bir məqam da maraqlıdır, onlar nə səbəbə trasserlərlə atəş açıb öz yerlərini aşkar etdirirdi sizə? Səbəb sizcə nə idi?
- Düşünmək olar ki, onlar bilərəkdən yerlərini bəlli edib, diqqət cəlb edib, hansısa əməliyyat keçirməyi düşünürlər, amma sonralar da o istiqamətdə onların heç bir əməliyyatı olmadı. Məncə, onlar sadəcə başıpozuq, qeyri peşəkar, bir yığın harınamış quldur idi və özlərini döyüşçü deyil, məhz quldur kimi aparırdılar.

- Aydındır.
- Erməni mənbələri onları çox şişirdir. Ola bilsin ki, onlar təcrübəli idilər, yaşlarına görə artıq müharibəni keçmiş olmalı idilər, amma hərəkətlərindən sadəcə quldur dəstəsi təəssüratı bağışlayırdılar...
---------------------------------------------------------------
Həmsöhbətim 772 saylı XTB-nin döyüşçüsü
Mehdi Cavadov.

- 94-cü ilin Karmeravan döyüşləri haqqında danışmanızı rica edirəm?
- 1994-cü il bizim batalyonun şəxsi heyəti seyrəldikdən sonra 31 yanvarda batalyonu formalaşdırmaq üçün cəbhə bölgəsini tərk etmək əmri verildi. 1994-cü il yanvar çağrışçılarını mart ayında qəbul etdik və təlimlərə başladıq. Çağrişçılar 1976-cı il təvəllüdlü yanvar çağrışçıları idi. Təlim gedən ərəfədə, aprelin 12-si əmr gəldi və biz Ağdərə istiqamətinə yola düşdük. Aprelin 15-i bizim bir bölük Ağdərə Karmeravan cəbhəsində mövqe tutmuşdu. Bu istiqamətdə 17 aprel hücum olandan sonra batalyonun qalan hissələri də həmin istiqamətə gəldik. Biz ehtiyat qüvvə kimi orada dayandıq. Səhər tezdən, saat 8:00 radələrində hücum başladı. Qüvvələrimiz müqavimət göstərdi, amma artilleriya atəşi çox güclüydü. Yaralılarımız çox oldu. Qüvvəmiz azalırdı. Onlara kömər etmək istəsək də buna izin verilmədi. Biz ehtiyat qüvvə idik. Sonra ermənilər Güllücə kəndini tutduğuna görə bizi o istiqamətdə göndərdilər. Ağdərə istiqamətində olan bölüyümüzə günorta saatlarında texnika ilə güclü hücum başladı. Onlara çıxmaq üçün əmr verilmədi və son ana qədər vuruşdular. Döyüşün axrına 10-15 əsgər qalmışdı. Səhid olan yoldaşlarımızın cəsədi döyüş ərazisində qalmışdı. Nağıyev Sədinın və başqalarının... Quliyev Ramiz düşmən PDM2-sindən açılan atəşlə mərmi partlayışından hər iki ayağını itirmişdi, yoldaşları onu çıxartmaq istəyəndə, onlara mənsiz çıxın -deyərək, yoldaşlarına yük olmasın deyə qumbarayla özünü partlatmışdı. Ərazidə bizim 7 şəhidimizin cəsədi qalmışdı. Sona qədər vuruşmuşdu bölüyümüz. Biz bu haqqda sonradan öyrəndik. Ermənilərin qrupunu məhv edib, meyidləri öz tərəfimizə keçirmək haqqında əmri alanda bunlardan hələ xəbərimiz yox idi...
Sonradan bizə Güllücə istiqamətini tərk etmək əmri verildi. Biz Karmiravan istiqamətində cəmləşdik. Təxminən 2 km geri çəkilərək yenidən mövqelər qurduq. Daha sonra bizi 24 nəfər kəşfiyyat üçün ayırdılar. Bir gün boyu kəşfiyyat apardıq və ikinci gün düşmənin qurduğu mövqeyə girmək üçün əmr verildi. Əsas məqsəd ermənilərdən əsir götürmək və ya öldürərək meyidlərini öz tərəfimizə gətirmək idi. Aprel ayının 21-ində sübh çağı, təxminən 4:00 radələrində düşmən mövqelərinə girdik. Hüseynov Hafiz, Cabbarov Yusif dozor idi, onlar düşməni müşahidə etdi və sonra tam düşmənin səngərinə qədər yaxınlaşdıq. Biz hücum cəhdi etdik, səngərdə erməni çox idi.
Bizimlə gedənlərdən 24 nəfərin 9-u yanvar ayında təzə hərbi xidmətə çağırılmış əsgər idi və döyüş görməmişdilər. Məndə olan məlumata görə ermnilər orada 38 nəfər olublar, hamısı da bizdən yaşca böyük və təcrübəli idilər. Əsir götürmək mümükün olmadı və qərara aldıq ki, səngərlərə girməliyik. Nəyin bahasına olursa olsun, erməni ələ keçirməli idik. Biz səngərə dolan kimi qaranlıqda ara qarışdı. Və biz səngərdə nəzarəti əlimizə alaraq, əməliyyatın sona catdıdılması ücün tədbirlər görməyə başladıq
Artıq düşmən məğlub vəziyyətdə bizdən canını qurtarmağa calışsa da bu mümkünsüz idi, biz qəfil səngərlərə girməklə artıq döyüşü udmuşduq.
Mən xatırlayıram ki, biz qaçan düşmənə növbə ilə atəş açarkən, atəş növbəsini pozanlara irad edirdik... yəni o dərəcədə uğurlu əməliyyat oldu.
Bizim 18 yaşlı çağrışçımız Qədirov Emin (Xaçmaz rayonundan) düşmənlə əlbəayağa döyüşdüyündə erməni onunla bacarmadığını görərək, onun alt dodağını dişi ilə cənəsinə kimi dartıb qoparmışdı. Amma yenə Eminlə bacara bilməmişdi! O, həmin döyüşdə güllə yarası alıb, əlil oldu. Müzəffərov Eynulla (Şamaxı rayonundan) qaranlıq səngərdə qarşısına çıxan ermənini avtomatın qundağı ilə vurub, yerə sərmiş və güllələmişdi. Bu, ermənilərin az qala pəhləvana çevirib, qehrəman elan etdiyi Qambaryan idi.
Düşməni tam müşahidə edib, hədəfdə saxlasaq da əməliyyat planına uyğun olaraq atəş açmayıb əsir götürmək üçün əlverişli məqam gözlədik və sonda risk etməyərək, (kanalın içinə) qəfil basqınla əməliyyata başladıq.
Odeyalı ciyninə atıb dayanan ermənini 7 mertlikdən vurmaq problem olmasa da eyni zamanda 3 nəfər biz, onu hədəfə aldıq və eyni zamanda atəş açmaqla onların mövqelərinə girdik və şəraitə görə bizim üstünlüyümüz mövcud idi ki, planı icra etmək ücün əlimizdən gələni etdik.
Əməliyyat zamanı səngərdə olan ermənilərin bəziləri qaçmağa macal tapsa da, əksəriyəti səngərdə məhv edildi.
24 əsgər: sıramızda böyüyümüzün yaşı 20, kiçiyimizin yaşı 18 olmaqla düşmənin ən aşağı təvəllüdü 1968-ci il, bizdən yaşca çox böyük və uzun döyüş təcrübəsi olmasına baxmayaraq bu əməliyyatı uğurla başa vurduq. Bir şəhidimiz, dörd yaralımız oldu. Ermənilərin təxminən 16 - 17 meyidi qalmışdı ortalıqda. Yeddi şəhidimizə qarşı 17 erməni meyidi! Erməni meyidlərini geri apararaq, basdırdıq və atəşkəsdən sonra şəhidlərimizin cəsədləri ilə dəyişdik. Aprelin 24-ü Şotlanlı isrtiqamətində erməni irəliləyəndən sonra bizim dəstəyə həmin istiqamətdə mövqe tutmaq əmri verildi. Mövqelərimizi möhkəmləndirdik. O ərəfədə mən yaralandım (24 aprel) və 1 mayda Karmeravan uğrunda gedən amansız şiddətli döyüşlər oldu...
Həmin gün, 21-i döyüş səngiyəndən az sonra, günorta saatlarında ermənilər mühasirəyə saldığımız qüvvələrinə yardım etmək məqsədi ilə yenidən həmin mövqeylərə girmək istədi, amma biz hücumun qarşısını qətiyyətlə aldıq

***
Əməliyyatda hər birində 12 əsgər olmaqla 2 qrup - "Starik" və "Kobra" qrupları iştirak etmişdir. "Starikdə" 6-sı gənc, "Kobrada" 3-ü yeni çağrışçı idi, qalanlar təcrübəli sayıla bilərdilər, artıq döyüşlərdə iştirak etmişdilər.
Kobra - Hafiz Hüseynov, Yusif Cabbarov, Müşfiq Cəfərov, Habil Məmmədov, Faiq Cəlilov, Qabil Xatiyev, Nəcməddin İsmayılov, Vəli Abdullayev, Osman Xəlilov, Mirzə İsrafilov, Adil Məmmədli. Kazımov Rövşən.
Starik - Eynulla Müzəffərov, Rahim Əliyev, Mehdi Cavadov, Mübariz Hacaliyev, Vaqif Dondolov, Yadigar Zeynalov, Emin Qədirov, Rahim Məmmədov, Samir Həsrərov, Kamil Məmmədov, Faiq Əsədullayev, Fədai Xudiyev.
Əməliyyatda Hacaliyev Mübariz, Dondolov Vaqif, Zeynalov Yadigar, Qədirov Emin yaralandı. Həsrətov Samir isə şəhid oldu.
Mübariz Hacaliyev əlil oldu, amma onun hərbi biletinə yazılmış hərbi xidmətlərə görə medalını vermədilər
------------------------------------------------------------------
Həmsöhbətim 772 saylı XTB-nin döyüşçüsü
Hafiz Hüseynov

- Siz məhşur kəşfiyyat dəstəsinin döyüşçülərindən birisiniz. Bizə 21 aprel döyüşünü təfsilatı ilə danışmanızı istərdim. Bir çox həqiqərtlər 21 il sonra nəhayət ki, işıq üzü görsün.
- Erməni sayt və forumlarında bu haqqda çox yazılır. Bu, artıq ermənilərin güclü texnika ilə hücuma keçdikləri dövr idi.
Biz yanvarın 31-də Bakıya komplektləşmək - itgilərimizin yerini doldurmaq üçün gətirilmişdik. Aprel ayının 12-si bizi Tərtərə göndərdilər. 13 Aprel bizi mövqeylərə apardılar. Eşitmiş olarsınız, Papravənd kəndi Ağdamla Ağdərənin birləşən ərazisidir.
Bir növ orduda vəziyyət qarışıq idi. Biz də bölgəyə hazırlıqsız getmişdik. Yeni qəbul etdiyimiz əsgərlər hazırlıq keçməmişdi. Onlara hələ təlimlər verilməmişdi. Bizim komandir, doğrusu, zabit kimi olduqca savadlı idi, indi də orduda xidmət edir, elə məhz onun zabit bilik və bacarıqlarının nəticəsi idi ki, bizim batalyon əsasən döyüşlərdən az itkiylə çıxırdı. Bu döyüşə göndərildiyimizdə, o, batalyonun hazır olmaması haqqında raport vermədi, əsgərlərin hazırlıqsız olması və batalyonun yeni komplektləşdirilməsini qabardaraq, etiraz edə bilərdi, amma etmədi. Bizi göndərdilər əməliyyata. Təsəvvür edin ki, ermənilər ancaq artilleriya və texnika ilə höcuma keçirdilər. Canlı qüvvəni sipər etmirdilər. O qədər çox texnikaları vardı... Ruslardan böyük dəstək alırdılar. Hər hücuma 10-12 texnikayla keçirdilər.
Bizim batalyonda "Kobra" və "Starik" qrupları yaradıldı. Əsas heyyət döyüş görmüş əsgərlər idi. Biz öz qrupumuzda 12 nəfər idik, 3 cavan əsgər vardı aramzıda. Orduda zabit qitlığı vardı. Bizlər isə 19-20 yaşında əsgərlər idik.
Komandir məni yanına çağırdı ki, özünlə 2 nəfər də götür, get müşahidə elə. Bizlə ermənilərin arasında məsafə 2-3 km olardı. Onlar meşədə idi. Bizim tapşırığımız onların yerini və sayını müəyyən etmək idi. Ermənilərlə aramızda üzüm sahələri, sahələrin başında su arxları, su arxlarının üstündə isə 3 ədəd söyüd agacları vardı. İki əsgər götürərək getdim və bu söyüdlərdən birinin başına çıxdım. İki-üç saat beləcə binoklla müşahidə etdik, heç bir nəticə olmadı. Xəritə üzrə qarşıda Mağalı yarımstansiyası var, sovet dövründə orada kənd təsərrüfatı texnikası yığılırdı, indi kimsəsizlik olan bir yer idi. Müşahidə zamanı biz də kimsənin hərəkətini müşahidə edə bilmədik. Bom-boş meşəlik idi qarşımızda. Geri dönərək məruzə etdik ki, müşahidə zamanı heç bir hərəkətə rast gəlmədik. Bu səbədən də tapşırıq aldıq ki, o yarımstansiyaya qədər hərəkət edək və qarşınıza çıxan nə olarsa məhv edərək, meyidləri gətirək. Qrupumuzda zabit yox idi, 12 nəfər - hamımız siravi əsgərdik. Əmri aldıq və hərəkətə keçdik. Meşəyə çatmağımıza 500-700 metr qalmış bizi güclü atəşə tutdular. Biri var boşuna açılan atəş, amma bu, məhz istiqamətlənmiş atəş idi. Güllələr başımızın üstündən keçirdi. Rabitə vasitəsi ilə komandirlə əlaqə yaratdıq, vəziyyəti məruzə etdik. Bizim orduda gecə görmə cihazı yox idi, o haqqda yalnız filmlərdən, kitablardan məlumatımız ola bilərdi. 19-20 yaşlı siravi-çağırışçı əsgər idik və ağlımıza da gəlmirdi ki, ermənilərin belə avadanlığı var. Komandir əmr etdi ki, geri qayıdaq. Qayıtdıq və səhər bir daha müşahidəyə getmək üçün əmr aldıq. Getdik və bu dəfə 3-4 saat o ağacların üstündə müşahidə apardıq. Yenə heç bir hərəkət müşahidə etmədik. Bu dəfə axşam getdik.
Diversiya dəstələri adətən 12 nəfərdən ibarət olur. Ikinci dəfə komandir "Starik" qrupunu da bizimlə bərabər göndərdi. İndi 24 nəfərdən ibarət tərkibdə meşəyə tərəf hərəkət edirdik. İki gün ərzində başında oturub, müşahidə apardığımız ağaclara çatanda yenidən atəş açıldı. Diversiya qruplarında əməliyyata gedərkən qarşıda həmişə 2 nəfərdən ibarət ön seyrçilər gedir. Onlar irəliyə getdikcə, təhlükəsizliyə əmin olduğunda geriyə xəbər verir və dəstə beləcə təhlükəsiz irəliləyir. Önseyrçi kimi mən və Cabbarov Yusif gedirdi (O, indi də orduda xidmət edir - H.H). İki gün ərzində müşahidə apardığım ağaca çatdığımda, gördüm ki, məndən sağ tərəfdə siqaret çəkə-çəkə kimsə gəlir. Gözlərimə inanmadım. Bizim batalyon, xüsusən də reyd dəstələri, polad qanunlar işləyən hərbi qurum idi və bizdə belə özbaşınalıq ola bilməzdi. Amma anlaya da bilmirəm ki, iki gün ərzində saatlarla müşahidə apardığım, heç bir hərəkət qeydə almadığım ərazidə erməni belə rahat gəzə bilər. Biraz duruxdum və ani olaraq vəziyyəti anlaya bilmədim. Bizim hesabımızla ermənilər olan əraziyə çatmaq üçün biz hələ bir kilometr getməliyik. İnana bilmədim ki, serjant öndə önseyirçi kimi getsin, əsgər də belə özbaşına arxamca siqaret çəkərək gəlsin!
Gecə saat 3 olardı. Demək ki, ermənilər bizdən öncə buraya gəlib və yoxlayıb, hərəkət görmədiyindən belə arxayın geri qayıdırmış. Bizim, döyüşlərin ugursuzluğu mənasında, vəziyyətimiz çox acınacaqlı idi. Amma onlar rusun texnika yardımı baxımından uğurla hərəkət edirdilər və demək olar ki, harnamış vəziyyətdə idilər. Mənim müşahidə apardığım ağacın ətrafında mövqe seçib, postlar qurmuş, arxayınlıqla yatmışdılar. Siqaret çəkən isə güman ki, postları yoxladıqdan, və ya ətrafı müşahidə etdikdən sonra tam arxayın geri dönürdü. Bunu anladım və həmən 15 mert kimi məsafədə geri çəkildik. Qrupda olan döyüşçülərlə məsləhət etdikdən sonra qərara gəldik ki, ilk açılan atəşdən sonra nə qədər güllə varsa istifadə edək və düşmən tam məhv edilsin. Bu an ağacın altında da canlanma baş verdi. Yeqin ki, hənirtini onlar da hiss etmişdi. Onlardan biri yanında olan palatkaya elini çırpdı və biz eyni anda onun tərəfinə atəş açdıq. Hələ alatoran idi, biz onları tam seçə bilmirdik, kölgə kimi görünürdülər. Biz bir qədər atəş açdıqdan sonra dayandıq, qarşıdan cavab yox idi, amma biz onların orada olduğunu dəqiq görmüşdük. Aramızda 15-18 metr məsafə ancaq olardı. Bunlar bizə niyə cavab verməsin - deyə, təəccüb içindəydik. Biraz atəşə ara verdikdən sonra heç bir reaksiya olmadığını gördükdə, irəliləməyə başladıq. Arxlar 1-1,5 metr derinliyində olardı və onlar buranı özlərinə səngər seçiblərmiş. İrəlilədikdə arxda bir erməni gördüm və Cabbarova dedim ki, sən o biri tərəfdən gəl. Amma hiss olunurdu ki, bu erməni özündə deyil, ehtimal ki, yaralı idi. Mən istədim onu diri tutaq, amma Cabbarov (yaşca kiçik olduğundan biz ona malış deyirdik) onu kürəyindən vurdu. Döyüşdə həyacan ayrı şeydir. O da həyacanlı idi. Qarşıda qaçanların kölgəsini görürdük. Onların mövqeyini gəzdik və nə baş veridyini anlamadıq. Burada cəmi 2 meyid vardı, bəs bu qədər açılan atəş nə oldu?! Ölü hər halda çox olmalıydı. Hardasa 1 saat çəkmişdi bunlarla toqquşma. Artıq hava açılırdı.
Aprel ayında otun qalxan vaxtıdır, o yerlərdə ot hündür olur. Ermənilər də özlərini veriblər otluğa və yaralılarını dartirlar dallarıyca. Bizdən gizlənmək üçün sürünürlər, qaçmağa imkanları yoxdur...
İkinci, əsas əməliyyat bundan sonra başladı. Əl qumbarası elədir ki, atdığında, 3-4 metr qəlpə yuxarı paylanır. Onların çox olduğu yeri müəyyən etdikdə əl qumbarasını onlara tərəf atırdım və onlar da geri qumbara ataraq, cavab verirdilər. Mən arxın içindəydim, gizlənməyə imkanım vardı. Qumbaralarla bunlarlı, bir növ "daşlaşa-daşlaşa", çıxardıq dözənliyə. Bu anda bizə bir dənə də dəstə köməyə gəldi. Biz isə bu ana qədər dəstəmizdən bir şəhid vermişdik. Mənim qrupumda əsgərlərimə heç nə olmamışdı, bizimlə gələn ikinci qrupdan bir şəhid vermişdik, iki döyüşçü də yaralanmışdı.
Erməniləri otluqdan çıxarandan sonra, ovçu arxayın ovunu nişan aldığı kimi, onları bir-bir aradan qaldırdıq. Bəziləri özünü üzümlüyə çatdıra bildi. Təsəvvür edin ki, məhv etdiyimiz erməni meydlərinin arasından keçib, girdik üzümlüyə. Bunları qovuruq... Bu vaxt arxadan, komandirdən əmr gəldi ki, olduğunuz yerdə qalın, qabağa getməyin. Bizə deyildi ki, tank göndərirəm, erməni meyidlərini yığıb gətirin. Bundan 5-6 gün öncə bizdən şəhid olanlar omuşdu. Məqsəd cəsədləri dəyişmək idi. Döyüşçülər cəsədləri yığanda birinə yaxınlaşırlar, bu, Vardanyan (http://panarmenian.net/m/rus/news/87741) - erməni komandiri idi. Ermənilərin 17 meyidi ortada qalmışdı, biz onlardan 14 meyidi gətirib, basdırmışdıq, sonradan onlar bizim şəhidlərin cəsədləri ilə dəyişdirildi.
Döyüş isə onunla əlamətdar idi ki, bu döyüşdə biz ermənilərlə rusun texnika və artilleriya dəstəyi olmadan üz-üzə dayanmışdıq! Bizim onlarla üz-üzə dayandığımız heç bir döyüş bizim üçün uğursuz olmayıb. Ermənilər qarşımızda tab gətirə bilmirdi və dovşan kimi qaçırdılar! Onlar rusdan aldğı texnika və sursatın, rus ordusunun peşəkar artilleriyaçılarının atəşi dəstəyi hesabına bizi üstələyə bildilər. Amma hələ müharibə bitməyib! ...

Qeyd: bunu da oxucuma deməyi vacib hesab edirəm ki, ermənilərin paylaşdığım linklərin birində Qambaryan haqqında yazılan məqalədə, guya bizim cəsəd dəyişən zabitin Qambaryan haqqında dediyi tərif tamamilə yalandır və bu cəsəd dəyişməsində iştirak edənlər özləri olan söhbətlər haqqında xatirələrini bizimlə bölüşəcək.
772-ci batalyon - Karmiravan döyüşü
772-ci batalyon - Karmiravan döyüşü
772-ci batalyon - Karmiravan döyüşü
Könül Sərdarlıшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.