Məzarı bu gün də tapılmayan nazir ...

20-09-2019, 07:55           
Məzarı bu gün də tapılmayan nazir ...
Teref.az yazır ki, Zaqafqaziya Seyminin və sonradan Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumət kabinetinin (26 dekabr 1918 – 14 mart 1919) poçt-teleqraf və əmək naziri, dördüncü hökumət kabinetinin ədliyyə və əmək naziri (14 aprel 1919 – 22 dekabr 1919) Aslan bəy Səfikürdskinin doğum günüdür.
1919-cu il iyunun 9-11-də AXC-nin ali səlahiyyətli fövqəladə orqanı – Dövlət Müdafiə Komitəsi (DMK) yarandıqda Səfikürdski həmin qurumun üzvlüyünə daxil olmuşdu. 1919-cu il sentyabrın əvvəllərində İstanbul Konfransı olmuşdu. Konfransa AXC-nin nümayəndə heyəti də dəvət olunmuşdu. 1918-ci il sentyabrın 6-da Bakınnı xilaskarı Ənvər paşa İstanbul danışıqlarında iştirak edən nümayəndə heyətimizi Türkiyədə yenicə hakimiyyətə gəlmiş sultan IV Məhəmmədə təqdim etmişdi. Sultana təqdim olunan nümayəndə heyətinin tərkibində Aslan bəy də var idi.
İyunun əvvəllərində Tiflisdən Gəncəyə köçən Azərbaycan hökuməti çox ciddi daxili və xarici problemlərlə üzləşdi. Bu vaxt artıq Nuru paşanın rəhbərlik etdiyi türk hərbi mütəxəssislərindən ibarət 300 nəfərlik qrup Gəncədə idi. Onların fikrincə, Milli Şura və onun yaratdığı hökumət həddən artıq sol və inqilabi mövqelərdə dururdu.
Aslan bəy Səfikürdski türklərin hərəkətini qəti surətdə pislədi və qeyd etdi ki, biz sosialistlər həmişə türklərin tərəfində olmuşuq və bu istiqamətdə işləmişik.
"Mənim bu istiqamətdə fəaliyyətim Sizin hamınıza yaxşı məlumdur. Lakin türklər Azərbaycana daxil olduqları ilk günlərdən, özlərinin ilk addımlarından bizim xalqın mənafeyinin əksinə olduqlarını sübut etdilir. Təəssüf hissilə qeyd etməli oluruq ki, türk paşası bizim Milli Şuranı və Azərbaycan hökumətini buraxıb, onun yerində özünün istədiyi yeni hökumət yaratmaq fikrinə düşüb"
Səfikürdskinin keşməkeşli, çətin həyatının sonu isə lap ağır olur. 1937-ci ildə dünyasını dəyişəndə bir kəs irəli durub onun cənazəsini dəfn etməyə cürət göstərmir. Hamı hökumətdən, NKVD-dən qorxurdu.
Nəhayət, qara xəbər doğulduğu Səfikürd kəndinə çatır. Oradan atası Ağalar bəyə vaxtilə yaxın olmuş insanlar Bakıya gəlir və onu torpağa tapşırırlar.
Bununla belə, Aslan bəy Səfikürdskinin məzarının harada olması bu gün də heç kəsə bəlli deyil. Çünki dəfndə iştirak edənlərdən bu barədə bir kəlmə belə deməmək barədə yazılı iltizam alınmışdı.
...Bəli ,fırtınalar içində doğulan, enişli-yoxuşlu yollar qət edən, odlu-alovlu ömür yaşayan Səfikürdskinin həyatı belə sakitcə və hüznlə bitdi.... Sovet hakimiyyəti dövründə onilliklər boyu bütün silahdaşları kimi onun da adını çəkmək belə yasaq edildi. Xalqın tarixinin həmin dövrü barədə hamı susmalı oldu....
Allah Rəhmət Eləsin ...
Baba Allahnezerov
Teref.az

Foto:.Dekabr 1919 Aslan bəy Səfikürdski, Xudadat bəy Məlik-Aslanov, Səməd bəy Mehmandarov, Nəsib bəy Yusifbəyli, Məmməd Yusif Cəfərov, Rəşid xan Qaplanov, Ağa Əminov, Camo bəy Hacınski, Nəriman bəy Nərimanbəyli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.