“Görək, seçiləndən sonra neçə deputatın obyekti, biznesi artacaq?!” - Sərt tənqid

27-01-2020, 12:00           
“Görək, seçiləndən sonra neçə deputatın obyekti, biznesi artacaq?!” - Sərt tənqid
“Görək, seçiləndən sonra neçə deputatın obyekti, biznesi artacaq?!”
Tanınmış idmançı Kamil Zeynallı Milli Məclisə keçirilən seçkilərlə bağlı maraqlı fikirlər səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, o, “İnstagram” hesabında Milli Məclisin keçmiş deputatlarını xalqa söz verib, əməl etməməkdə qınayıb. K.Zeynallı bildirib ki, hazırda təbliğat-təşviqat prosesində iştirak edənlərin çoxu deputat olduqdan sonra xalqın problemləri ilə maraqlanmayacaq:

“Mənə təzə seçiləcək Milli Məclis çox maraqlı gəlir. Hər cür millət vəkili olacaq. Mən elə fikirləşirəm ki, köhnə millət vəkillərini şamla axtaracağıq, hardasan, ay flankəs deputat? Hardasız, Milli Məclisdə onun-bunun arxası ilə baxanlar? Hardasız, Milli Məclisdə dil çıxardanlar? Görəsən, hal-hazırda apardıqları kampaniyaları, millətə verdikləri sözləri yerinə yetirəcəklərmi?

Məncə, seçilənə kimidir, indiyə kimi kimin məhləsinə, kəndinə, qəsəbəsinə, rayonuna durduq yerdə millət vəkili gəlib ki, mən sizin seçdiyiniz millət vəkiliyəm, sizin vəkilinizəm, gəlmişəm ki, görüm nə probleminiz var? İnanmıram! 99 faiz kreslo sevgisidir, vəzifə sevgisidir, bu dəqiqə seçilmək üçün dəridən qabıqdan çıxırlar. Yalan-doğru vədlər verirlər. Guya, seçilsələr, millətin halına yanacaqlar?!

Allah Prezidentimin canını sağ eləsin. Siz eləməsəniz də, Prezident edəcək. Çünki Milli Məclisdə indiyə kimi boş-boş oturub söhbətlər eləmisiniz. Siz özünüzə gün ağlayın, hələ bir seçilin, ondan sonra görəcəyik, kişinin sözü necə olur... Görək, seçiləndən sonra neçə millət vəkilinin obyekti, biznesi, işləri artacaq?!

Sözlərim əsl millət vəkilinin yaxşısından, vicdanlısından, milləti fikirləşənindən uzaq... Yaxşı, millətini fikirləşən millət vəkilinə can da qurban, səs də qurban...

Hə, bir də ki hər millət vəkilinin seçkidə səsləndirdiyi öz şüarı var. Əgər mən də namizəd olsaydım, mənim şüarım bu olardı: “Həyat qısa, dəyməz qıza”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament semkiləri keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.