Azərbaycands rus sektoru davası, ruslardan isə bizə 13 faizlik "dostluq" - Deputatdan mövqe

18-09-2020, 10:56           
Azərbaycands rus sektoru davası, ruslardan isə bizə 13 faizlik "dostluq" -
Asim Mollazadə: “Ruslar Gürcüstana düşmən kimi baxırlar, eyni dildə danışan Ukraynaya münasibət də mənfidir”
Sosial medianın Azərbaycan seqmentində məktəblərdə rus dili bölmələrinin olub-olmaması davasının getdiyi vaxtda ibrətamiz bir statistika ilə qarşılaşmalı olduq. Məlum oldu ki, Azərbaycanda rus sektoruna tələbat artmasına baxmayaraq, onların dilində təhsil almağa üstünlük verən azərbaycanlılara heç də qonşu ölkədə münasibət yaxşı deyilmiş. Bu göstəricini Rusiyanın Levada Mərkəzi üzə çıxarıb. “Levada Center” təşkilatının sosioloqları tərəfindən bu ilin avqustunda keçirilmiş sorğunun nəticələrinə əsasən, Rusiya vətəndaşlarının cəmi 13 faizi Azərbaycanı ən yaxın dost və müttəfiq hesab edir.

Azərbaycan ümumi siyahıda Belarus, Çin, Qazaxıstan və Ermənistandan sonra beşinci yeri tutur. Düzdür, 2006-cı ildə aparılan araşdırma ilə müqayisədə Azərbaycanı dost ölkə hesab edən rusiyalıların sayı təxminən iki dəfə - 6 faizdən 13 faizə qədər artıb.

Amma yenə də bu nəticə qənaətbəxş hesab edilə bilməz. Çünki rəsmi Bakının atdığı addımlarda Moskva amilini hər zaman nəzərə alması, ölkədə rus bölmələrinin ləğv olunmaması, sıravi insanların sadə rus insanına normal münasibəti səbəbindən daha yüksək faiz görməliydik.

Üstəgəl, rus sektoru tədrisi ilə bağlı Azərbaycan cəmiyyəti ikiyə bölündüyü zamanda bu statistika həm də müəyyən nəticələr çıxarmağa əsas verir. Sorğuya əsasən, rusiyalıların 17 faizi Ermənistanı dost ölkə adlandırıb, 2006-cı ildə isə bu rəqəm 14 faiz olub.

Eyni zamanda respondentlərin 2 faizi Azərbaycanı dost olmayan dövlət hesab edir, onların sayı 2006-cı ildən iki dəfə azalıb. Rusların 2 faizi isə Ermənistanı Rusiyaya düşmən münasibətdə günahlandırır. “Levada Center” yetərincə ciddi mərkəz hesab olunur. Bu baxımdan onun keçirdiyi sorğunun nəticələrinə şübhə ilə yanaşmaq da düzgün olmaz.

Əslində analoji sorğu Azərbaycanda keçirilsə, hələ bilməz olmaz ki, neçə faiz insan Rusiyanı bizə dost, yoxsa düşmən sayacaq. Təbii ki, medalın bu üzünü də nəzərə almaq lazımdır. Amma reallıq ondan ibarətdir ki, 3 milyon azərbaycanlının yaşadığı Rusiyada bizə dost kimi baxanların sayı az imiş.

Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında Azərbaycan məktəblərində hansısa bölmələrin bağlanmasının yox, genişləndirilməsinin tərəfdarı olduğunu bildirdi. Onun fikrincə, 3-4 dildə təhsil verilməsi imkanlarını yaratmalıyıq: “Rus dili ilə yanaşı təhsildə başqa dillər də olmalıdır. Biz müzakirə etməliyik ki, hansı dillərdə təhsil açmaq, mütəxəssisləri cəlb etmək lazımdır. Fikrimcə, fransız, alman, ingilis, koreya dillərində məktəblər olmalıdır. Bu, hər bir azərbaycanlının dünyada tanınmasını, inkişafını təmin edə bilər”.

A.Mollazadə ölkədə rus dilində mükəmməl danışan insanlar olduğunu qeyd etdi: “Mən buna müsbət yanaşıram. Çünki xarici dildir. Eyni zamanda Avropa və Asiya dillərini öyrənməyi təmin etməliyik. Yəni mövcud olanı sındırmaq yox, genişləndirmək lazımdır. Eyni zamanda Azərbaycanda minlərlə rus yaşayır. Onların öz dilində oxuması nəzərə alınmalıdır. Bundan əlavə, ölkəmizdə rus icmasına həmişə hörmət olub. Azrbaycanın Qarabağ uğrunda üç rus şəhidi var və biz ölkədə yaşayan etnik qruplara hörmətlə yanaşmalıyıq”.

Deputat hesab edir ki, tədrisdə nəyisə bağlamaq yox, açmaq lazımdır: “Nə qədər dil bilsələr yaxşıdır. İngilis və fransız dili dünyaya çıxmaq üçün daha böyük ”fortuçka" ola bilər. Ona görə məktəblərdə rus dili bölməsini bağlamaq yox, başqa dilləri də açmaq üzərində fikirləşməliyik".

A.Mollazadə Levada Mərkəzinin keçirdiyi sorğunun nəticələrini təbii qarşılayır: “Rusların digər qonşularla daha pis münasibəti var. Gürcüstana düşmən kimi baxırlar, eyni dildə danışan Ukraynaya münasibət mənfidir. Bu, Rusiya cəmiyyətində olan mənzərədir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.