Bayram deyil, seyran deyil, bu ingilis bizi niyə öpür? Yeri gələndə heç bizim ənişdəmiz də deyil
Bu gün, 09:31

İki gündür fikirləşirəm, amma bir türlü “nə etdik ki, birdən-birə Böyük Britaniyanın strateji tərəfdaşı səviyyəsinə yüksəldik” sualına cavab tapa bilmirəm. Bəlkə yaxın zamanlarda ticarət dövriyyəmizi ərşə yüksəltdik ki, ingilis “qardaşlarımız” bizə münasibətlərini bir pillə yuxarı qaldırdı? Baxıram iqtisadi göstəricilərə, fərqli mənzərə görürəm. Son 2 ildə ticarət dövriyyəmiz nəinki göylərə fışqırıb, əksinə azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi cəmi 641 milyon ABŞ dolları təşkil edib. Və bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 117,2 milyon ABŞ dolları və ya 15,5% azdır.
Üstəlik, hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin cəmi-cümlətanı 1,49%-i həcmində olub.
Ötən ilin 11 ayında Azərbaycan Böyük Britaniyaya 401,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 45,2 milyon ABŞ dolları və ya 10,1% azdır. Dövr ərzində Böyük Britaniya ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 1,65%-ni təşkil edib.
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Böyük Britaniyadan məhsul idxalını illik müqayisədə 72 milyon ABŞ dolları və ya 23,1% azaldaraq, 239,7 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində Böyük Britaniya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 1,28%-ni təşkil edib.
İnsafən, 2025-ci ildə ticarət dövriyyəmizdə xeyli artım var. Bu ilin yanvar-mart aylarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 4,3 dəfə artaraq 323,3 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Böyük Britaniyaya ixrac: 74,59 milyon dollar (+5,9 dəfə)
Böyük Britaniyadan Azərbaycana idxal: 248,7 milyon dollar (+3,9 dəfə)
Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Böyük Britaniya ilə ticarətin payı 2,68 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,91 faiz bəndi çoxdur. Bununla belə, sözügedən artım Böyük Britaniyanın 6-cı ticarət ortağı olmağımızdan o tərəfə keçməyib.
Olmaya, hərbi əməkdaşlıq sahəsində inqilab etmişik? Rəsmi statistikalar bu versiyanı da təsdiqləmir. Məlumata görə, 2024-cü ildə Azərbaycan xarici ölkələrdən 2.2 milyard dollarlıq silah alıb. Ən çox silah aldığımız ölkələr isə belə sıralanıb – Rusiya, Türkiyə, İsrail. Böyük Britaniya bu siyahıda da ən yaxşı halda 4-cü, ən pis halda isə adı ümumiyyətlə bu sırada yoxdur.
Azərbaycan son zamanlar alternativ enerji sahəsinə xarici sərmayədarlar cəlb etməyə üstünlük verir. Günəş enerjisi sahəsinə BƏƏ-nin “Masdar”, külək enerjisi sahəsinə isə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti öncüllük edir. Böyük Britaniyanın BP şirkəti isə hələ də bu imkanları nəzərdən keçirir.
Qısası, Böyük Britaniyanın adını heç bir siyahıda ön sıralarda görmək mümkün deyil. Bəs onda sözügedən krallıq nəyimizə aşıq olub tərəfdaşlıq dərəcəmizi ən yüksək səviyyəyə çıxarıb? Özü də Rusiya ilə münasibətlərimizin bu qədər kəskinləşdiyi bir zamanda.
Belə çıxır ki, ingilislər bizim əlimizlə arı pətəyinə çöp uzatmaq istəyirlər. Görünür, bu səbəbdən də 25 avqustda Azərbaycana səfər edən Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Stiven Dautinin Bakıda rəsmilərimizlə keçirdiyi görüşləri hardasa 20 gün sonra təzə xəbər kimi böyük təmtəraqla təqdim edib qaşınmayan yerdən qan çıxarmağa çalışır.
Söz yox ki, istənilən dövlətlə münasibətləri hər hansı səviyyəyə qaldırmaq və ya endirmək Azərbaycanın müstəsna hüququdur və kimsənin bu işə qarışmağa haqqı çatmır. Amma Azərbaycan hakimiyyəti onu da nəzərə almalıdır ki, ingilisin ipiylə quyuya enənlər yerin dərinliyində Simruq quşu ilə rastlaşmırlar. Xarici imperializmin ağına da lənət, qarasına da. Elə ingilisinə də.
Heydər Oğuz
TEREF


