Afaq Bəşirqızını özündən çıxaran səbəb - direktorun “gizli planı” imiş?

19-10-2019, 08:01           
Afaq Bəşirqızını özündən çıxaran səbəb - direktorun “gizli planı” imiş?
Xalq artisti: “Mənə cavab verilənə qədər susacağam...”
Artıq iki gündür Xalq artisti Afaq Bəşirqızının Akademik Milli Dram Teatrının və Teatrlar İttifaqının rəhbəri, Xalq artisti Azərpaşa Nemətov barədə ciddi ittihamlar səsləndirməsi müzakirə olunmaqdadır. Xatırladaq ki, aktrisa prezidentə müraciətində həmkarını hegemonluqda ittiham edib:

“Dövlətin büdcəsini qara pula çevirib cibinə axıdanlar, qarın sahələrini qabardanlar təəssüf ki, bizim sahədə daha çoxdur. Bu islahatlar mədəniyyət və teatr sahələrində aparılmalıdır. Təsadüfi adamlar öz yerlərini bilməlidirlər. İncəsənət xadimləri sənətləri kimi incə ürəyə malikdirlər. Ailələrinə bir parça çörəyi aparmağın dərdindədirlər. Siz təsəvvür edin, həmin incəsənət xadiminə ”mənimlə olmasan, səni işdən çıxararam", “mənimlə olmasan, səni fəxri ada göndərmərəm”, “ələ alına bilən jurnalistlərə sifariş verib saytlarda biabır edərəm” deyib səslərini kəsiblər. Sanki bir parça çörəyi verən Allah deyil, hegemonlardır.

Mədəniyyətin tarixini təhrif edirlər. Bu, mədəniyyəti öldürmək deməkdir. Necə ola bilər ki, 147 yaşlı Akademik Milli Dram Teatrını 100 yaşlı kimi təqdim edəsən?! Teatr 1873-cü ildə dövlət tərəfindən tanınıb. Həmin ildə bir çox teatrlar tanındı (SSRİ-də fəaliyyət göstərən digər ölkə teatrları - red). 1919-cu ildə dövlət statusu verilən teatrın 100 illiyi Ulu Öndər Heydər Əliyev tərəfindən 1974-cü ildə (1 il sonra) keçirilib. Bu barədə sənədli filmlər, tarix var. Siz təsəvvür edin ki, indi teatrın 147 yaşı var, lakin Azərpaşa Nemətov (sözügedən teatrın direktoru) öz vəzifə kreslosunu daha da bərkitmək üçün dövləti də aldadıb. 1919-ci ildə dövlət statusu verilib, bundan da istifadə edir, 100 illik kimi təqdim edir. Nə var ki, qarşıdan gələn seçkilərdə qalib olsun, teatr kreslosunda otursun. Mən susurdum, düşünürdüm ki, həmkarlarımdan kimsə fəxri adlar alacaq, illərdir gözlədiyi ordenin sahibi olacaq. Bilirsiz, cənab prezident, aktyorlar diqqət, qayğı və mükafatlarınızla yaşayır. İncəsənət xadimlərinin çəkdiyi əziyyət, bu sənət yolunda verdikləri sağlamlığın nəticəsi gül-çiçək və alqışlardır. Bu, ömrümüzün və başımızın tacıdır. Amma bundan sui-istifadə edənlərə nə ad vermək olar? Mən onlara hegemon deyirəm. Çox xahiş edirəm, teatr sahəsində böyük islahatlar aparılsın. Aktyorlara, incəsənət xadimlərinə, işçilərinə göstərilən haqsız təzyiqlərə son qoyulsun. Və nəhayət, 73 yaşlı Azərpaşa Nemətovun 15 ildən artıq Teatrlar İttifaqında oturması və bura üçün heç bir iş görməməsi ağlasığmazdı".

Afaq Bəşirqızı sonda teatrlara ayrılan vəsaitlərin də araşdırılmasını xahiş edib.

Qeyd edək ki, Azərpaşa Nemətov 1991-ci ildən Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədridir. Adətən 5 ildən bir qurultay keçirilməli və qurultayda seçki yolu ilə quruma sədr seçilməlidir. Lakin dəfələrlə qurultay qapalı şəkildə, hətta konfrans adı ilə keçirilib. Məsələn, bundan əvvəl 2014-cü ildə də hər kəs bu qurultayın nə zaman və harada keçiriləcəyini gözləyirdi. Lakin sonradan məlum oldu ki, mediaya qapalı olan və harada keçirildiyi məlum olmayan qurultayın iştirakçıları tədbirə konfrans adı ilə dəvət edilib. Həmin zaman bir sıra mətbuat orqanlarında yayılan məlumata görə, qurultayın media üçün qapalı keçirilməsinə səbəb hazırkı sədr Azərpaşa Nemətovun yenidən bu postda rəsmiləşdirilməsi ilə bağlıdır. Mədəniyyət Nazirliyindən isə bildirilmişdi ki, qurultayın harada və necə keçirilməsi yalnız ittifaqa aid olan məsələdir, nazirliyin buna heç bir aidiyyəti yoxdur.

Yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə bu il oktyabrın 22-də yenidən ittifaqın qurultayı keçirilməli idi. Lakin Azərpaşa Nemətov yenidən qurultayı konfrans şəklində təşkil edib, yenidən sədr seçilmək üçün tədbirlər həyata keçirir. Hətta bununla bağlı 17 oktyabr tarixində Akademik Milli Dram Teatrda böyük iclas keçirilib. İclasa teatrın demək olar ki, bütün əməkdaşları qatılıb. Nəzərdə tutulan konfransda çıxış etmək üçün bir neçə aktyor və aktrisa da cəlb edilib. Onların arasında Xalq artisti Məleykə Əsədovanın da adı hallanır. Digər məlumata görə isə Xalq artisti Afaq Bəşirqızı da qurum sədrliyinə namizəddir. Azərpaşa Nemətovun qurultayı konfrans şəkildə keçirmək istəməsi isə xalq artistini özündən çıxarıb.

Səslənən ittihamlar və sonuncu məsələ ilə bağlı Azərpaşa Nemətovun mövqeyini öyrənməyə çalışdıq. Lakin daima jurnalistlərdən uzaq duran və suallarınızı cavabsız qoyan xalq artisti bu dəfə də öz ənənəsinə sadiq qalaraq zənglərimizi cavabsız qoydu. AMDT-nın mətbuat katibi Cavid Zeynallı isə bildirdi ki, direktor heç bir ittihama cavab verməyi düşünmür. Aldığımız son məlumata görə isə qurultayın tarixi dəyişdirilərək naməlum vaxta keçirilib. Keçiriləcəyi məkan da həmişəki kimi gizli saxlanılır.

Məsələ ilə bağlı Afaq Bəşirqızının da mövqeyini öyrənməyə çalışdıq. Xalq artisti məsələyə bu cür mövqe bildirdi: “Mən müraciətimin cavabını gözləyirəm və ona qədər susacağam. Hər şey qurultaydan sonra məlum olacaq”.

Akademik Milli Dram Teatrına gəldikdə isə qeyd edək ki, Azərpaşa Nemətov bu teatra rəhbər təyin olunan vaxtdan teatrda dəfələrlə qalmaqallar, işdən çıxarılmalar, narazılıqlar müşahidə olunub. Məsələn, 2016-cı ildə Azərpaşa Nemətovun teatrı “taxtabiti yuvası” adlandırması ilə bağlı səs yazısı yayılmışdı. Səs yazısında o, teatr əməkdaşlarından biri ilə söhbəti zamanı teatra könüllü gəlmədiyini demişdi: “Azərbaycanda bilirsiniz də, onsuz da qanan, qandıran yoxdur. Ona görə rəhbərlik bilir. Məni cənab prezident bura qoymasaydı, mən bu taxtabiti yuvasında nə gəzirdim?” Direktorun səs yazısı mətbuatda, sosial şəbəkələrdə uzun müddət müzakirə obyekti olmuşdu.

Ən böyük qalmaqal isə görkəmli aktyor Fuad Poladovun teatrdan getməsi olmuşdu. Məlum olduğu kimi, xalq artisti haqsızlıqla teatrdan çıxarılan aktyor Hikmət Rəhimova dəstək məqsədilə teatrı tərk etmişdi. Həmçinin əməkdar artist İlham Hüseynovun “davamiyyəti pozduğu üçün” işdən çıxarılması, teatrın əməkdaşı Elşad Əliyevin heç bir xəbərdarlıq edilmədən teatrdan uzaqlaşdırılması da bu qalmaqallar siyahısındadır.

Xalq artisti Zemfira Nərimanova isə Azərpaşa Nemətovun teatra rəhbər təyin olunandan tamaşalarda ona rol verilmədiyini demişdi: “Mən bir neçə dəfə ondan soruşmuşam, cavab verib ki, gözlə. Nə vaxta qədər gözləməliyəm. Mən də bəzi aktrisalar kimi onun otağından çıxmamalıyam? Gedib ağız açmalıyam ki, mənə rol ver? Soruşmalıyam ki, niyə məndən xoşun gəlmir? Artıq bezmişəm...”

X.GƏRAY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.