Ərdoğan Babacan-Gül-Davudoğlu “üçlüyünü” xəyanətdə ittiham etdi

11-07-2019, 10:01           
Ərdoğan Babacan-Gül-Davudoğlu “üçlüyünü” xəyanətdə ittiham etdi
Əli Babacanın AKP-dən ayrılması Türkiyə siyasətini silkələyib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasından ayrılan Əli Babacan, Abdulla Gül və Əhməd Davudoğlu haqqında danışıb. Ərdoğan bu şəxsləri “ümməti parçalamaqda” günahlandırıb. Eyni zamanda uğur qazana bilməyəcəklərini deyib.

Sitat: “Mən Əli Babacan bəyin özünə də söylədim, yolunuz yolunuzdur, amma bu ümməti parçalamağa haqqınız yoxdur. Siz bunu edirsiniz. Bunun parçalanması ilə bir yerə gedə bilməyəcəksiniz”.

Ərdoğan deyib ki, Babacanla bir qədər əvvəl görüşüb, ölkədəki və partiyadakı vəziyyəti müzakirə ediblər. Onun sözlərinə görə, Babacan partiya qurmağı düşünmədiklərini, amma bir platforma kimi fəaliyyət göstərəcəklərini deyib. Türkiyə prezidenti etiraf edib ki, Əli Babacanla daha əvvəl faiz mövzusunda (Babacan həmin illərdə baş nazirin iqtisadi sahəyə cavabdeh müavini olub - K.R.) anlaşa bilmədiklərini, eləcə də Gəzi parkı hadisələri zamanı onları mövqeləri “ciddi narahatlıq” yaradıb.

Ərdoğan ad çəkməsə də, jurnalistlərlə söhbətində Abdulla Gül və Davudoğlunu da tənqid edib. O deyib ki, vəzifəyə gələndə hər şey gözəl və yaxşı olduğu halda sonradan dəyişdi. Ərdoğan ad çəkmədən Gülün prezidentlikdən sonra yenidən AKP-yə üzv olmadığını xatırladıb.

Jurnalistlərin “bu şəxslərdən incidinizmi” sualına cavab olaraq Ərdoğan “bunlardan inciməyib, kimdən olacaq” deyə cavab verib və əlavə edib ki, bu inciklik yeni deyil. Ərdoğan söyləyib ki, bu şəxslər referendumda AKP əleyhinə səs veriblər. Eyni zamanda gözləsə də, hər 3 şəxsdən heç biri son İstanbul seçkilərində Binəli Yıldırıma dəstək çıxışı etməyib.

Qeyd edək ki, Əli Babacanın AKP-dən ayrılıb yeni partiya yaradacağı haqqında xəbərlər daha əvvəl Türkiyə mətbuatında yayılıb. 23 iyun seçkilərindən sonra isə media Babacanın Ərdoğanla görüşərək AKP daxilində və Türkiyədə baş verən neqativ hadisələrlə bağlı fikirlərini çatdırdığı haqda xəbər yaydı. İyunun 27-də isə “Reuters” agentliyi Babacanın AKP-dən ayrılıb yeni partiya yaratmağa hazırlaşdığı haqda xəbər yayıb. Xəbərdə Babacana yaxın şəxslərdən birinə istinadən payızda Babacan və Abdulla Gülün yeni partiya yaradacağı qeyd olunurdu. Başqa bir mənbə isə Babacan və Gülün artıq 6 aydır yeni partiyanın qurulması istiqamətində çalışdığını, 31 mart seçkilərindən sonra isə bu prosesin sürətləndiyini deyib. Babacanın müşavirləri hələlik partiyanın strukturu, maliyyələşməsi ilə bağlı detallı bilgi verməsələr də, yeni yaradılacaq partiyada hazırda parlamentdə AKP-dən olan bəzi deputatların, siyasətçilərin və elm adamlarının olduğunu bildirib.

Xatırladaq ki, sabiq baş nazir Əhməd Davudoğlu da bir qədər əvvəl yazılı açıqlama ilə çıxış edərək ölkədəki və AKP daxilindəki vəziyyəti sərt şəkildə tənqid edib. Bəzi mənbələrə görə, Davudoğlu yeni partiya yaradacaq, bəzilərinə görə isə bir müddətdən sonra Babacanın yaradacağı partiyaya qoşulacaq. Eyni zamanda BBC-nin türkcə xidmətinin əldə etdiyi məlumata görə, Abdulla Gülün də Babacanın partiyasında yer almayacağı, ancaq kənardan dəstək verəcəyi gözlənilir.

Türkiyə prezidenti AKP-nin qurucuları sırasında yer alan və mühafizəkar dairələrdə ciddi nüfuzu olan və hakimiyyət təcrübəsi olan bu şəxslərin ayrılmasından narazıdır. Çünki bu şəxslər yeni partiya yaradacaqları təqdirdə AKP-nin elektoratından səs alacaqlar. Bu səbəbdən də medianın yazdığına görə, Ərdoğan “üçlüyün” hərəkətini “arxadan bıçaqlanma” olaraq dəyərləndirib.

Ancaq məsələ ondadır ki, yeni partiya yaranacağı təqdirdə AKP-dən başqa nüfuzlu simalar da gedə bilər. Hazırda Türkiyə mediasında Babacanın yanında yer alan bir sıra şəxslərin adları gedir. Bir qədər əvvəl “Yeni Akit” qəzeti Əli Babacanın qurmağa hazırlaşdığı partiyada təmsil olunacaq şəxslərin adlarını açıqlayıb. Qəzet iddia edib ki, Babacanla birlikdə Türkiyə parlamentinin sabiq spikeri Cəmil Çiçək, sabiq nazirlərdən Sadullah Ergin, Bəşir Atalay, Lütfullah Kayalar kimi məşhur şəxslər də AKP-dən ayrılacaq.

Bu xəbərlər və Ərdoğanın reaksiyası göstərir ki, qarşıda aylarda Türkiyə siyasətində ciddi hadisələr baş verəcək. Hətta bəzi yazarların iddiasına görə, Babacanın yeni yaradacağı partiyaya AKP-nin parlamentdə təmsil olunan çoxlu sayda deputatı da qatıla bilər. Hətta o qədər ki, Babacan onların hesabına parlamentdə fraksiya qura bilsin. Görünür ki, Türkiyə prezidentini də narahat edən bu faktordur. Çünki hazırda AKP-nin qurucuları siyahısında yer alan, ancaq parlamentdə və hökumətdə vəzifə tutmayan, müxtəlif dövrlərdə incidilmiş çoxlu sayda nüfuzlu şəxslər var. Bu adamların Babacanın ardınca getməsi AKP ilə yanaşı bütövlükdə mühafizəkar camiədə bölünməyə səbəb ola bilər. Bu isə Ərdoğan üçün İstanbul seçkilərindən də ağır nəticələrə səbəb ola bilər. Hətta bəziləri bu vəziyyətdə növbədənkənar seçkilərin gündəmə gələ biləcəyini deyir.

Bu arada, Türkiyədə keçmiş Xəzinə işçisi Əli Çevik sabiq maliyyə naziri Əli Babacan haqqında Ankara Respublika Prokurorluğuna şikayət edib. Şikayətdə Əli Babacan FETÖ-yə “bilərək və istəyərək” yardım etməkdə ittiham olunur. Əli Çevik Babacanı nazir olduğu dönəmdə bürokrat təyinatlarında və İzmir hərbi casusluq işinin Xəzinə İdarəsində həyata keçirilməsinə məqsədli şəkildə yardım etməkdə günahlandırır. Açıqlamada qeyd olunur ki, Babacanın həmin dövrdə özünə müşavir təyin etdiyi kadrların demək olar ki, hamısının sonradan FETÖ ilə əlaqəsi üzə çıxıb və onlar dövlət qulluğundan qovulublar. Ancaq bu ittihamın Türkiyə cəmiyyətin və hökumət qurumlarında ciddi reaksiya doğurmaması onu göstərir ki, Babacana qarşı bu cür metodlarla mübarizə aparmaq çətin olacaq. Türkiyə siyasəti yeni mürəkkəb mərhələyə keçid prosesini yaşayır.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.