Daşkəsən Filizsaflaşdırma zavodu ətrafında ehtiraslar səngimir. Bazar dəyəri, azı, 1 milyard dollar bu dəmir filizi yatağı və onun istismarı ilə məşğul olan zavod son 20 ildə bir neçə dəfə əl dəyişib. Dövlət onu 2 dəfə "xarici" investora satıb və əlindən geri alıb, kombinatın idarə olunması məqsədilə ayrıca dövlət şirkəti yaradıb və onu ləğv edib. Nəhayət, 2016-cı ilin iyulunda yenidən investorlara təklif edib, amma ortaya çıxan yoxdur. Elə o vaxtdan da kombinatın qapısı (kitabı) bağlanıb. Bu kombinata "göz qoyanlar" arasında Baku Steel Company də var. Hətta BSC bu kombinatın əsas elementi olduğu 1 milyard avroluq qara metallurgiya klasteri yaratmaq niyyətini 2017-ci ildən ortaya qoyub. Görünür, "qara" inhisarçının hökumətdəki arxası zəiflədiyindən onun layihəsi siyasi dəstək ala bilmədi. İndi Daşkəsən filizsaflaşdırma kombinatının "həyatında" yeni era yazılır. Bugünkü prezident sərəncamı ilə müəssisə faktiki olaraq dövlətə məxsus "AzerGold" QSC-nin idarəetməsinə verilib. Bunun uğurlu, uğursuz olacağını indidən demək çətindir. Amma dünya təcrübəsi, elə ən yaxşı nümunə kimi Azərbaycan gerçəkliyi təsdiq edir ki, dövlət ən pis idarəedicidir. İstəyir AzerGold əyninə qızılddan don geyə. Hafiz Babalı Teref.az