“Aztelekom” “SAMENA Liderlər Sammiti”ndə infrastruktur layihələri ilə bağlı təcrübəsini paylaşacaq
Bu gün, 11:46

AZCON Holding şirkətlərindən olan “Aztelekom”un baş direktor vəzifəsini icra edən Həsən Ömərov 26 may tarixində BƏƏ-nin Dubay şəhərində keçiriləcək “SAMENA Liderlər Sammiti”ndə çıxış edəcək.
Tədbir çərçivəsində SAMENA və Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasının (WBBA) birgə təşkilatçılığı ilə sabit şəbəkə sənayesinə həsr olunmuş yüksəksəviyyəli dairəvi masa görüşü də baş tutacaq. H.Ömərov görüşdə çıxış edərək “Aztelekom”un həyata keçirdiyi infrastruktur layihələri, o cümlədən “Onlayn Azərbaycan” təşəbbüsü barədə iştirakçılara məlumat verəcək.
Qeyd edək ki, SAMENA Telekommunikasiya Şurası Hindistan yarımadası, Asiya, Yaxın Şərq və Şimali Afrika regionunda fəaliyyət göstərən ən böyük genişzolaqlı operator qruplarını təmsil edən, qlobal miqyasda təsirə malik regional təşkilatdır. Şura telekommunikasiya və rəqəmsal xidmətlər sektorunda siyasət, tənzimləmə və sənaye prioritetlərini uzlaşdırmaqla rəqəmsal transformasiyanın və dayanıqlı inkişafın həyata keçirilməsini dəstəkləyir.
Məlumat üçün bildirək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.