Türk dünyası üçün önəm daşıyan münasibətlər

Bu gün, 15:27           
Türk dünyası üçün önəm daşıyan münasibətlər
Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olan böyük bir ailədir. Dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq əlaqələri ildən ilə daha da möhkəmlənməkdədir.
Prezident İlham Əliyevin türkdilli ölkələrə, onların dövlət başçılarının Azərbaycana qarşılıqlı səfərləri davamlı xarakter alıb. Prezident İlham Əliyevin mayın 20-21-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Macarıstan Respublikasına səfəri də bu baxımdan xüsusi vurğulanmalıdır.
Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə səfərə gələn Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı bildirib ki, Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Bu gün Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, səfər Azərbaycan Prezidentinin Macarıstana 6-cı səfəridir. Baş nazir Viktor Orban isə Azərbaycana 7 dəfə səfər edib. “Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır”, - deyən dövlətimizin başçısı əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edib.
Toplantıda bildirilib ki, Azərbaycanın Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.
2024-cü ildә Türkiyә vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan üzәrindәn tranzit keçәn daşımalarının hәcmi 11 milyon ton təşkil edib. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılıb, müştərək müəssisələr qurulub. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb.
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, Biz Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bu gün Azərbaycanın Xəzər dənizində 50-dən çox ticarət gəmisi vardır və hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Bununla da, Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Yaxın vaxtlarda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.
Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin, 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.