Dünya şöhrətli Filip Kotlerin “Müasir marketinqin əsasları” nəşrində “Aztelekom” təcrübəsindən bəhs olunacaq

Dünən, 17:38           
Dünya şöhrətli Filip Kotlerin  “Müasir marketinqin əsasları” nəşrində “Aztelekom” təcrübəsindən bəhs olunacaq
Aztelekom, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinginin (AZCON ) tərkibində fəaliyyət göstərən telekommunikasiya şirkəti, müasir marketinqin atası kimi tanınan hörmətli Dr. Filip Kotlerin təsis etdiyi Kotler Impact-in son təşəbbüsü - "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing - EOMM) kitabının ilk Azərbaycan nəşrində təqdim olunacaq. Kitabda şirkətin həyata keçirdiyi “Onlayn Azərbaycan” meqalayihəsinin icra prosesi və Azərbaycanın rəqəmsal transformasiyasında layihənin əhəmiyyəti barədə yazılacaq.
100-dən çox ölkəni əhatə edən bu qlobal layihə çərçivəsində hazırlanacaq kitab seriyası hər bir ölkəyə xüsusi yanaşma ilə tərtib olunaraq yerli biznes uğurlarını beynəlxalq marketinq prinsipləri ilə bir araya gətirir. Italiya, Braziliya, Polşa, Hindistan, Pakistan, Banqladeş, Gürçüstan, Türkiyə də daxil olmaqla 30-dan çox ölkə bazarları haqqında nəşr olunmuş kitablar geniş oxucu marağı ilə qarşılanıb. Azərbaycan üçün hazırlanan nəşr isə ölkənin uğurlu biznes təcrübələrinin beynəlxalq arenada tanıdılmasına töhfə verməklə yanaşı, yerli biznes mütəxəssislərinə də dünya təcrübəsindən faydalanmaq imkanı yaradacaq. Kotler Impact-in MDB regionu və Azərbaycandakı ekskluziv nümayəndəsi olan AWE Consulting bu təşəbbüsün ölkəmizdə reallaşmasında əsas rol oynayır. Kitab qlobal elektron kitabxanalarda və təhsil platformalarında təqdim ediləcək.
“Aztelekom”un bu kitabda yer alması ilə bağlı fikirlərini bölüşən şirkətin baş direktor vəzifəsini icra edən Həsən Ömərov bildirib:
“Kotler İmpact-in nəşrində “Onlayn Azərbaycan” layihəsinin yer alması bizim üçün böyük qürur mənbəyidir. Bu kompleks layihə ölkənin iqtisadi inkişafının sürətləndirilməsinə, rəqəmsal savadlılığın artırılmasına və Azərbaycanın investisiya cəlbediciliyinin güclənməsinə təkan verdi. Eyni zamanda bu miqyasda layihənin icrası “Aztelekom”un gündəlik işə yanaşmasında da fundamental dəyişikliklərə səbəb oldu. Dəqiq strateji hədəfləri, güclü komanda işi və ortaq məqsədə inam bu mürəkkəb layihənin uğurla həyata keçirilməsinə imkan yaratdı. Bu layihənin icrası zamanı şirkətimizin keçdiyi yolun “Müasir marketinqin əsasları” kitabında əks olunması bizim üçün həm böyük nailiyyətdir, həm də daha yüksək hədəflərə çatmaq üçün əlavə motivasiyadır”.

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.