TDT üzv ölkələrin siyasi və iqtisadi cəhətdən güclənməsində mühüm rol oynayır
Bu gün, 10:47

Dünyada çox mürəkkəb geosiyasi hadisələr cərəyan edir. Məhz bu baxımdan dövrün çağırışlarına lazımi cavab vermək, üzv dövlətlərin təhdidlərə hazır olması, ölkələrin siyasi və iqtisadi cəhətdən inkişafı, güclənməsi üçün Türk Dövlətləri Təşkilatı mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına böyük önəm verir. Öz çıxışlarında vurğulayıb ki, Türk dövlətləri təşkilatı bizim ailəmizdi, bu inkişaf təmin olunacaq. Bu təşkilat olaraq nəinki iqtisadi və humanitar, hətta hərbi və təhlükəsizlik sahəsində müvafiq işlər aparılmalıdır. Biz görürük ki, dövlət başçısının qeyd etdiyi kimi, bu illər ərzində birləşmə prosesi baş verir. Artıq İstanbulda qərargah fəaliyyət göstərir. Bir sıra ṣəhərlərdə, Bakıda, Astanada, Daşkənddə bu təşkilatın qurumları var.
Naxçıvan sazişinin imzalanmasından ötən 16 ildə böyük inkişaf müşahidə olunur. Belə ki, Türk Şurası kimi fəaliyyətə başlayan qurum artıq beynəlxalq təşkilata çevrilib. Hazırda bu beynəlxalq təşkilat çərçivəsində bir sıra mühüm siyasi, iqtisadi və humanitar layihələr həyata keçirilir.
2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olan böyük bir ailədir. Dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq əlaqələri ildən ilə daha da möhkəmlənməkdədir.
Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaq Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının “Şərq və Qərbin görüş nöqtəsi” adlanan qeyri-rəsmi Zirvə toplantısı may ayının 20-21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilib. Qeyri-rəsmi zirvə görüşü dövlət başçılarına prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələləri həll etmək üçün mühüm imkan yaradacaq. Bundan başqa, tədbirdə təşkilatın ümumi strategiyasını və dünyaya baxışını ifadə edən Budapeşt bəyannaməsi qəbul edilib.
Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə səfərə gələn Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı bildirib ki, Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Bu gün Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, səfər Azərbaycan Prezidentinin Macarıstana 6-cı səfəridir. Baş nazir Viktor Orban isə Azərbaycana 7 dəfə səfər edib. “Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır”, - deyən dövlətimizin başçısı əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edib.
Toplantıda bildirilib ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.
Ölkəmizin Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.
2024-cü ildә Türkiyә vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan üzәrindәn tranzit keçәn daşımalarının hәcmi 11 milyon ton təşkil edib. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılıb, müştərək müəssisələr qurulub. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb.
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, Biz Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bu gün Azərbaycanın Xəzər dənizində 50-dən çox ticarət gəmisi vardır və hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Bununla da, Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Yaxın vaxtlarda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.
Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin, 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü