Buğda, yağ, süd, tərəvəz... xaricdən idxal artır, kənd təsərrüfatı batır

Bu gün, 10:40           
Buğda, yağ, süd, tərəvəz... xaricdən idxal artır, kənd təsərrüfatı batır
Azərbaycanın idxaldan asılılığı getdikcə artır. İllərdir bunu müstəqil iqtisadçılar deyərək həyəcan təbili çalıb, ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək üçün addımlar atmağa çağırırdılar. Artıq rəsmi qurumların məlumatlarından da problemi aydın şəkildə görmək olur. Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı rəqəmlərdə də göstərilib ki, 2025-ci ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi 2 milyard 667,9 milyon ABŞ dolları və ya 48,8 faiz artıb.
Düzdür, Komitə bu artımı əsasən, qeyri-monetar qızılın həcmi ilə bağlayıb: “Qeyri-monetar qızılın idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8.6 dəfə artaraq 2 milyard 527.3 milyon ABŞ dolları təşkil edib. Qeyri-monetar qızılın idxalı nəzərə alınmadan idxalın həcmi 5 milyard 605.6 milyon ABŞ dolları təşkil etməklə 8.4 faiz artıb”.

Rəsmi rəqəmlərdən göründüyü kimi, qeyri-monetar qızılın idxalı nəzərə alınmasa belə, başqa mal-məhsulların idxalında yenə artım var. Bu da ölkənin tələbatının ödənilməməsilə bağlı problemlərdən xəbər verir.

İqtisadçı ekspert Vahid Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Dövlət Gömrük Komitəsinin təqdim etdiyi rəqəmləri təhlil edib. Ekspertin sözlərinə görə, Komitənin rəqəmləri əsasında aparılan hesablamalar göstərib ki, 2025-cü ilin yanvar-aprel aylarında Azərbaycanın idxal etdiyi yeyinti məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz artıb.

Ekspert xatırladıb ki, ötən ilin yanvar-aprel aylarında ölkəyə 773 milyon 337 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdi. Bu ilin ilk dörd ayında isə bu rəqəm 866 milyon 122 min dollar olub.

“Bu da o deməkdir ki, 2025-ci ilin yanvar-aprel ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə yeyinti məhsullarının idxalı dəyər ifadəsində 92 milyon 785 min dollar çoxalıb”, - Vahid Məhərrəmli bildirib.

İqtisadçı-ekspert əlavə edib ki, son 5 ildə yeyinti məhsullarının idxalı 63,3 faiz, son 10 ildə isə 2,5 dəfədən çox artıb: “Bu il buğda idxalı 57,2 faiz, tərəvəz idxalı 12,8 faiz, süd idxalı 38,5 faiz, kərə yağı idxalı 59, faiz, əsasən kəsim üçün nəzərdə tutulan heyvanların idxalı isə 2,6 dəfə artıb”.

Vahid Məhərrəmli adları sadalanan məhsulların idxalının bu şəkildə artmasını “kənd təsərrüfatının batması” kimi qiymətləndirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.