Neftin qiymətinin azalmasında müsbət effekt var - SOFAZ

15-10-2015, 17:25           
Neftin qiymətinin azalmasında müsbət effekt var - SOFAZ
Neftin aşağı qiymətləri fonunda daxilolmaların təbii azalması ilə yanaşı, kotirovkaların (qiymət təyin etmə) enməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) investisiya portfelinə müsbət effekt göstərir.

Bunu Trend-ə “This Week in Focus” verilişində SOFAZ-ın icraçı direktorunun müavini İsrafil Məmmədov deyib.

O bildirib: “Aydındır ki, gəlirlərimizin əsas mənbəyi Azərbaycanda neft-qaz layihələridir. Buna görə də neftin qiymətləri ucuzlaşanda daxilolmalar azalır. Lakin digər tərəfdən neft idxalçıları olan inkişaf etməkdə olan ölkələrə sərmayə qoyuruq. Həmin ölkələrə neftin qiymətinin azalması sərf edir. Belə olan halda neftin qiymətinin azalması investisiya portfelimiz üçün müsbət effektə malikdir”.

İ.Məmmədov hesab edir ki, neftin qiymətləri balanslaşdırılmış olmalıdır: “Neftin olduqca baha qiymətləri dünya iqtisadiyyatına mənfi təsir edir, SOFAZ isə qlobal miqyasda investisiya yatıran institut kimi dünya iqtisadiyyatının hərtərəfli artımında və sabitliyində maraqlıdır”.

İcraçı direktorunun müavini qeyd edib ki, Fond hazırda dünya bazarlarında müşahidə edilən qısamüddətli qiymət dəyişkənliyə davam gətirə bilər: “SOFAZ uzunmüddətli perspektivi olan suveren fonddur. Bu fond gələcək nəslindir. Siyasətimiz uzunmüddətli planlara yönəlib. Buna görə də biz uzunmüddətli sərmayədar olmaqla valyuta məzənnəsində və aktivlərin dəyərində bu qiymət dəyişkənliyinə davam gətirə bilərik”.

İ.Məmmədov diqqətə çatdırıb ki, Fond 2012-ci ildə investisiya portfelində ciddi dəyişikliklər apardı və bundan sonra çoxvektorlu investora çevrildi: “SOFAZ-ın investisiya siyasəti daim inkişaf edir və Fondun təsisçisi üçün hansı risk səviyyəsinin məqbul olmasından asılıdır”.

Onun sözlərinə görə, SOFAZ-ın şaxələndirilmiş portfeli var: “Bunun 50 faizi dollarda, qalanı isə digər valyutalarda cəmləşib. SOFAZ bundan sonra da təkcə aktivlərin deyil, həm də valyuta qoyuluşlarının şaxələndirilməsinə çalışacaq”.

İ.Məmmədov diqqətə çatdırıb ki, Fondun məqsədi riskləri nəzərə almaqla investisiyalarının uzunmüddətli gəlirliliyinin maksimum səviyyəsini təmin etməkdir: “Məqsədimiz neft resurslarını maliyyə aktivlərinə çevirməkdir ki, gələcək nəsil bundan xeyir götürə bilsin”.

Proqramın buraxılışlarını Twitter və ya Facebook-da izləyə bilərsiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.