NONSES: Bakı küçələrində milyonlarla dollarlıq avtomobillər, evlər – rəsmi milyonçularımız isə “yoxdur”...

20-04-2019, 17:52           
NONSES: Bakı küçələrində milyonlarla dollarlıq avtomobillər, evlər – rəsmi milyonçularımız isə “yoxdur”...
Məlumdur ki, dünyada olan ən varlı şəxslərin sıyahısını məşhur “Forbes” nəşri dərc edir. Hər il yenilənən siyahıda biz sürpriz isimlərin adına rast gəlirik. “Forbes”in siyahısında qərarlaşan varlı insanların aktivlərinin bahalaşdığının və ya ucuzlaşdığının şahidi oluruq. Hiss edilir ki, dünyadakı biznes mühiti yerində saymır, dinamik olaraq inkişaf edir və çalxalanır. Ancaq nə qədər təəccüblü olsa da, həmin siyahıda biz Azərbaycanda fəaliyyət göstərən biznesmenlərin adına rast gəlmirik. Maraqlı bir paradoks alınır. Əgər burdan çıxan xalqın nümayəndələri pul qazanmağı bacarmırsa, onda niyə hər il “Forbes”in siyahısındakı milyarderlərin siyahısında azərbaycanlıların sayının artdığını görürük?

Ancaq maraqlıdır ki, həmin varlı soydaşlarımız ölkəmizin hüdudları çərçivəsində fəaliyyət göstərməyənlərdi. Gəlin, “Forbes”in tərtib etdiyi Rusiyanın ən varlı 200 biznesmeninin reytinq siyahısına diqqət edək.

Reytinqdə ilk yeri “Novatek” qaz şirkətinin rəhbəri və “Sibur” neft-kimya kompaniyasının səhmdarı Leonid Mixelson tutub. Onun varidatı 24 milyard dollar həcmində qiymətləndirilir. Siyahıda ikinci yerdə NLMK poladəritmə kompaniyasının direktorlar şurasının sədri Vladimir Lisin (21,3 milyard dollar), üçüncü yerdə isə “LUKoyl” neft kompaniyasının prezidenti, əslən azərbaycanlı olan Vahid Ələkbərov (20,7 milyard dollar) qərarlaşıb. Biz həmin sihaıda rəsmən milyarder olan başqa azərbaycanlıların da adına rast gəlirik: Zarah İliyev, Qod Nisanov , Araz Ağalarov, Fərhad Əhmədov və s. Deməli, azərbaycanlılar pul qazana bilir. O halda ölkəmizin sərhədləri daxilində fəaliyyət göstərən iş adamlarının adı niyə həmin siyahıya düşmür ki, biz də onlarla, ölkəmizdəki biznes mühitinin inkişafı ilə fəxr edək? Ölkəmizdəki iş adamlarının adının həmin siyahıda olmaması heç də o anlama gələ bilməz ki, burda varlı adamlar yoxdur. Yoxdursa, bəs o zaman Bakıda dünyadakı varlı şəxslərin qibtə edə biləcəyi villalar, sürülən ən bahalı avtomobillər kimlərə məxsusdur və hansı pulla alınır? Əmlak alqı-satqısı saytlarına nəzər salsaq görərik ki, insanlar dəyəri 10 milyonlarla ölçülən əmlakların alqı-satqısını həyata keçirir. Gömrükdən idxal olunan bahalı avtomobillərlə bağlı araşdırma aparılsa, məlum olar ki, ölkəyə dəyəri 200-300 min dollarla ölçülən ən dəbdə olan avtomobillər gətirilir. Hətta biz Bakının küçələrində dəyəri bir milyonla ölçülən avtomobillərin sürüldüyünün də şahidi oluruq. Təbiidir ki, bunların hamısını üzərində böyük ictimai və dövlət nəzarəti olan məmurlar edə bilməz. İstisna etmirik ki, belə dəbdəbə içində yaşayan və varidadı milyonlarla ölçülən məmurlar da az deyil. Ən azı, mediada içtimailəşən mövzular və təqdim edilən konkret faktlardan bunu görə bilirik. Onların şəffaf fəaliyyətinin olub-olmaması ilə məşğul olmaq əlaqədar qurumların üzərinə düşür. Bizi isə sırf bizneslə məşğul olan iş adamlarının özlərini gizlətməyi maraqlandırır. Bir dəfə Azərbaycanda fəaliyyət göstərən bir iş adamı verdiyi müsahibədə varidadından danışmışdı. Açıq bəyan edirdi ki, gizlədəsi heç nəyi yoxdur, çünki hamısını halal yolla qazanıb. Hətta bir neçə bahalı əmlakının siyahısını da rəsmən açıqlamışdı. Hələ onun özünün açıqladığı siyahı əsasında adı mütləq “Forbes”ə düşməliydi. Maraqlı sual yaranır: Azərbaycanda fəaliyyət göstərən və varidatı milyon və hətta milyardlarla ölçülən iş adamları niyə gəlirləri barədə ictimaiyyətə şəffaf hesabat vermirlər? Bunu etsələr, biz də ən azından belə varlı milli burjuaziyamızın nümayəndələrinin olmasından qürür duyardıq. Bunu etməkdən çəkinirlərsə, deməli, burda hansısa əmma var. Hansı əmmadan söhbət gedə bilər?

Hüquqşunas Fərhad Mehdiyev “Bakı-Xəbər”ə bildirdi ki, bunun bir sıra səbəbləri var:“Mənim təxminimə görə, bunun birinci səbəbi ondan ibarətdir ki, bizdəki böyük biznes sahələrinin çoxu bu və ya digər mənada məmur oliqarxlara bağlıdır. Bu səbəbdən də onlar bu məsələnin ictimailəşməsini qəti istəmirlər. Həmin işi aparan və heç kimin tanımadığı adam milyoner və ya milyarder kimi elan olunandan sonra onun kimliyi araşdırılacaq və gəlib məmurlara bağlantısı çıxa bilər səbəbindən həmin varidatların leqallığı ilə bağlı məlumat verilmir. İkinci səbəb budur ki, Azərbaycan bazarı o qədər də böyük deyil. Bazarın kiçikliyi və investisiya mühitinin hələ tam mükəmməl olmaması yerli varlı iş adamlarının sayının azalmasına səbəb olur. Üçüncü səbəb isə budur ki, ölkədə mərkəzləşmiş idarəçilik sistemi var. Əsas ixrac oluna bilən xammal və materal üzərində ya hökumətin, ya da oliqarxların nəzarəti var. Digər ixrac oluna bilən mallarla isə çox gəlir əldə etmək mümkün deyil. Məsələn, nar şirəsi və ya meyvə məhsullarını xaricə satmaqla hansısa iş adamının adının “Forbes”ə düşməsi mümkün deyil”.
Bakı Xeber












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.