Afaq Bəşirqızı və Fikrət Qocadan “İçərişəhər” ETİRAZI: “Kimdir o şəxs ki, bu qədər yer azlıq edib...”

25-04-2019, 20:25           
Afaq Bəşirqızı və Fikrət Qocadan “İçərişəhər” ETİRAZI:  “Kimdir o şəxs ki, bu qədər yer azlıq edib...”
Bir neçə gündür ki, sosial şəbəkələrdə “İçərişəhər”də Qala divarlarının bir hissəsinin sökülməsini əks etdirən fotoların yayılması böyük müzakirə və narazılığa səbəb olub.

Xalq artisti Afaq Bəşirqızı və Xalq şairi Fikrət Qoca Cebhe.info vasitəsilə “İçərişəhər”də gedən proseslərə etiraz ediblər.

Afaq Bəşirqızı bildirib ki, “İçərişəhər”lə bağlı mövqe birmənalıdır:

“Bunları etmək mümkün deyil. Kimdir bunlara icazə verən, bunu edən? Kimdir o şəxs ki, bu qədər yer azlıq edib, “İçərişəhər”in divarını söküb, restoran tikir? Bu, mənim tarixi abidəmdir, bu, mənim şəhərimdir, bu, mənim “İçərişəhər”imdir. Nəinki özümüzünkülər, düşmən belə bir fikrə düşsəydi, bizim ona reaksiyamız qəti, amansız olmalıdır”.

Fikrət Qoca isə ““İçərişəhər”in divarları o qədər ömürsüzdür ki, indi özü bilər qalsın, yoxsa sökülsün. Onu sökməyə heç birimizin ixtiyarı yoxdur. Bizim gələcək nəsilə qoyub getdiyimiz, qalan yadigar “İçərişəhər”dir. Təəssüf ki, düşmən oturub, özümüz özümüzə edirik”,- deyə etiraz səsini ucaldıb.

Xatırladaq ki, qala divarlarının söküntüsü ilə bağlı məsələyə aydınlıq gətirən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, Kiçik Qala küçəsində, qala divarları boyunca görülən işlər qətiyyən tikinti mahiyyəti kəsb etmir:

“Sadəcə, şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli kafe-terrasların yaradılması nəzərdə tutulur. Bu üslubda təmir-bərpa işləri qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə "İçərişəhər"in, nə də qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan "İçərişəhər"in ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız idarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir. Görülən işlər zamanı qala divarlarına heç bir zərər vurulmur, əksinə, orada bürclərin möhkəmləndirilməsi işləri aparılır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.