Tarixi barışıq: Hədəfdə Rusiyadır, Azərbaycan isə...

6-04-2015, 17:16           
Tarixi barışıq: Hədəfdə Rusiyadır, Azərbaycan isə...
İranla Qərb arasında illərdir gözlənilən “barış” Lozannada əldə edildi. 30 ilə yaxındır ABŞ və dostlarının blokadada saxladığı İranın Qərblə anlaşması dünyanın gündəmini sözün əsl mənasında dəyişə bildi. 8 gün davam edən müzakirələrdən sonra İran uranı zənginləşdirməyəcəyini, Qərb isə bunun müqabilində Tehrana tətbiq edilən sanksiyaların dayandırılacağına söz verib. Lozannada tarixə düşən bu anlaşma sözsüz ki, müxtəlif müzakirələrə də yol açıb.

Versiyalar müxtəlifdir. Ehtimal edilir ki, ABŞ və dostlarının hazırki durumda İranla kompramisə getməsi heç də təsadüf deyili. Burada Rusiya amili əsas rol oynayır. Yəni, ABŞ və digər Avropa ölkələrinin əsas hədəfində Rusiya durur. Səslənən iddialara görə, dünya gücləri İranı öz tərəfinə çəkməklə Rusiyanı çökdürməyə çalışacaq.

Ekspertlər bu barədə nə düşünürlər, Qərb-İran barışığının görünməyən tərəfləri nədən ibarətdir?

Politoloq Elxan Şahinoğlu AzVision.az-a mövzunu şərh edərkən deyib ki, dünyada İranla bağlı çox ciddi hadisələr baş verir.

“İran hazırki siyasi durumdan çox məharətlə istifadə etdi. Hazırda Yaxın Şərqdə ABŞ-ın çox böyük problemləri var, həm İŞİD terror təşkilatı, Suriya və İraqda müharibə və son olaraq da Yəməndəki böhran. İran Avropanın bu məsələlərə başının qarışmağından istifadə etdi, amma həm də öz növbəsində o da geri addımlar atdı. ABŞ İran münasibətlərinin normallaşması Obama üçün də uğurlu oldu. Çünki Obama hakimiyyətdə olduğu 6 il ərzində “Əl-Qaidə” liderinin öldürülməsi və iqtisadiyyatda bir neçə gediş istisna olmaqla ABŞ-ın daxili və xarici siyasətində ciddi uğur qazanmayıb. Əgər İranla razılığa gəlsə, bu, Obamanın da şəxsi uğuru olacaq”.

Ekspertin fikrincə, Lozanna anlaşması Rusiyanın heç də ürəyində olmayıb.

“Rusiya İranla Qərb arasında yaxınlaşmanın olmasını istəməzdi. Çünki bu, faktiki olaraq İranın əldən çıxmasıdır. Amma görəndə ki, beynəlxalq ictimaiyyət İranla razılaşır, Rusiya bu prosesə mane ola bilməzdi”.

İsrailin narahatlığına gəlincə, poliqoloq bunun da başa düşülən olduğunu hesab edir: “İsrail hökuməti düşünür ki, İran nüvə silahı əldə etsə, onlar üçün böyük təhlükə yarana bilər. Bu, həqiqətən də belədir. Amma ABŞ təminat verir ki, İran nüvə silahı yaratmayacaq. İrana mütəxəssislər göndərilib nüvə mərkəzləri nəzarətə alınacaq və nüvə silahının əldə olunmasına imkan yaradılmayacaq. Buna baxmayaraq İsrail yenə də qorxur. İki-üç il öncəyə qədər İsrailin İrana hava zərbəsi endirəcəyəindən danışılırdı. Hətta burada Azərbaycanın da adı hallanır, Azərbaycan torpaqlarından İrana qarşı istifadə ediləcəyi iddiaları səslənirdi. Bunun əvəzində isə iranlı general və din xadimləri ölkəmizi hədəf seçmişdi. Halbuki bu, dezinformasiya idi, mümkün hərbi qarşıdurmada Azərbaycan neytral mövqe tutacaqdı. Ona görə də indi İranla Qərb arasında belə razılaşmanın əldə olunması bizim də maraqlara xidmət edir”.

E.Şahinoğlu həmçinin vurğulayıb ki, razılaşmanın nəticəsi olaraq bölgədə gərginlik aradan qalxacaq: “Mümkündür ki, sanksiyalar aradan qaldırılandan sonra İran öz qazını Azərbaycan və Türkiyə üzərindən TAP və TANAP vasitəsilə Avropaya çatdırsın. Bu da bizim maraqlara uyğundur. Bundan başqa Azərbaycan kapitalı İrana, İran kapitalı isə Azərbaycana gələ bilər. Digər tərəfdən isə İran əsasən Azərbaycan əleyhinə addımlar atırdı, indi isə Qərbə meyillidir və bu da bizim xeyrimizədir. Yeganə zərərli tərəfi odur ki, neftin qiyməti azalacaq”.

Qeyd etdiyimiz kimi neftin qiymətinin ucuzlaşacağı bir çox ekspertlərin proqnozlaşdırdığı versiya idi. Bəs, bu hal iqtisadi proseslərə necə təsir edəcək? Neft ölkələri, xüsusilə də Azərbaycanda bunun hansı təsirləri hiss oluncaq?

İqtisadçı alim Vüqar Bayramlı hesab edir ki, İranla Qərbin münasibətlərinin yumuşalması bazarda neftin qiymətinin artmasına mane olacaq: “Dünya bazarına çıxarılan neftin artması onun qiymətinin də indiki həddə qalmasına və azalmasına səbəb olacaq. Danışıqlar başladıqdan sonr İranın neft bazarına çıxardığı məhsulun həcmi 2 dəfə artıb. İranla əldə olunan razılaşma Azərbaycana ikili təsir göstərəcək. İlk olaraq onu qeyd edim ki, neft ixracatı ilə bağlı sanksiyaların aradan qaldırılması İranın neft bazarına çıxış imkanını genişləndirəcək ki, bu da neftin qiymətini azaltmayacaq. Azərbaycan neft ölkəsidir və buna görə də neftin qiymətinin azalmasında maraqlı deyil”.

V.Bayramlı onu da qeyd edib ki, digər tərəfdən İran ABŞ yaxınlaşması iqtisadi baxımdan Azərbaycan üçün əhəmiyyətlidir.

“İlk olaraq Azərbaycanla İran arasında ticari əlaqələrin həcmi artacaq. Azərbaycan İran üzərindən bir sıra Yaxın Şərq ölkələrinə çıxış imkanı əldə edəcək. İran isə öz növbəsində Azərbaycandan tranzit ölkə kimi istifadə edəcək. Bu da münasibətlərin yaxşılaşması və gələcəkdə İranın TANAP və TAP layihələrinə qoşulmasını da istisna etmir. Yəni İran Azərbaycanın reallaşdırdığı regional layihələrə qatılacaq və bu da həmin layihələrin rentabelliliyinin artmasına gətirib çıxaracaq”-deyə ekspert vurğulayıb.

İqtisadçı alim hesab edir ki, İranla Qərbin münasibətlərinin yaxşılaşması Rusiyanın Qərb tərəfindən sıxışdırılmasına xidmət edən addımdır: “Çünki bu yolla Qərb neftin qiymətini ucuz saxlaya bilir. Bundan başqa belə vəziyyət İranın Rusiyadan idxal etdiyi malları azaldacaq. İranın aldığı hərbi məhsulların böyük hissəsi Rusiyadan alınırdı ki, artıq bu, Qərblə əvəz olunacaq. Amma Azərbaycan qonşusunun Qərblə münasibətlərinin yaxşı olmasında maraqlı ölkədir”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.