MTN şefi, Ağdamın icra başçısı və... - "Dəmir adam"...
6-11-2015, 12:27
Bu gün ölkə mətbuatının gündəmə çıxardığı mövzulardan biri də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun yaxın vaxtlarda tutduğu vəzifədən azad ediləcəyi və hətta həbs oluna biləcəyinə dair irəli sürülən ehtimallarla bağlıdır. İlk növbədə əlbəttə ki, bu ehtimalların “Ağdamlı Dəmir” kimi tanınan məşhur avtomobil alverçisinin həbsi ilə bağlı yayılmış və sonradan təkzib olunmuş məlumatlara paralel olaraq yayımlanması diqqəti cəlb edir. Artıq xəbər verildiyi kimi, Bakının bir neçə mərkəzi yerlərində böyük avtomobil salonları olan Dəmir Abdullayev, iddialara görə Eldar Mahmudovun şəriki olub. Bu xüsusda verilən açıqlamalarda bildirilir ki, bu şəxs ölkədə ən bahalı avtomobillərin satışıyla məşğuldur. Onun təsdiqlənməmiş həbsinə səbəb kimi isə, MTN-in iş adamlarına divan tutması prosesində, daha doğrusu, iş adamlarının şikayətlərində adı keçən əsas şəxslərdən biri olması göstərimişdi. Yayımlanan məlumatlara görə, MTN-in toruna düşən adamların avtomobilləri də məhz Dəmir Abdullayevin vasitəsilə satılırmış. Belə ki, bəzi iş adamları onlardan tələb olunan məbləğləri düzəldə bilməyəndə özlərinin bahalı avtomobillərini təhvil verməyə məcbur olublar. Belə hal olduqda, həmin şəxslər məhz “Dəmirə” yönləndiriliblər. Həmçinin mənbələr vurğulayırlar ki, Dəmir Abdullayevin sabiq nazirlə çox yaxın münasibətləri olub. Lakin bir çox informasiya vasitələri bu münasibətlərin məhz necə yaranmasına dair açıqlama vermirlər. Bizdə olan məlumata görə, “Dəmirin” sabiq nazirlə dostluğunun əsası MTN-in zirzəmilərində qoyulub. Həm də mənbə bu şəxsin “verbovkasının” baş tutmasında məhz Raqub Məmmədovun xüsusi rol oynadığını vurğulayır. Belə ki, Ağdam RİH-nin başçısı bu vəzifəyə təyinat almaqdan öncə, bir neçə il ərzində MTN-in Tərtər rayon şöbəsinə rəhbərlik etmişdir. Elə həmin vaxtlardan Dəmir Abdullayevlə dostluq münasibətləri olan Raqub Məmmədov, bu şəxsin MTN-lə bağlı problemləri yaranan zaman da ona öz kömək əlini uzatmışdır. Açıqlamada bildirilir ki, məhz Raqub Məmmədovun tövsiyyəsi və nazirlikdə göstərdiyi səyləri nəticəsində, “Dəmir” MTN-lə əməkdaşlığa başlamışdır. Lakin az bir müddət sonra, bu şəxsin özünün rəhbərlik səviyyəsində münasibətləri elə bir məqama çatmışdır ki, artıq o, özü dostlarına himayə göstərmək imkanlarına malik olmuşdur. Elə Raqub Məmmədovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə namizəd olaraq Eldar Mahmudov tərəfindən ölkə rəhbərliyinə təqdimatı da məhz Dəmir Abdullayevin səyləri nəticəsində gerçəkləşmişdir.
Bununla belə qeyd olunmalıdır ki, Raqub Məmmədovun bu vəzifədə fəaliyyəti heç də qənaətbəxş qiymətləndirilmir. Cəbhə xəttində yerləşən və ərazisinin yarıdan çoxu hələ də işğal altında olan bu rayonla bağlı ölkə mətbuatına daxil olan məlumatlar da, daha çox icra başçısının rəhbərliyi altında yerli məmurlar tərəfindən həyata keçirilən müxtəlif maliyyə maxinasiyaları, mənimsəmələr və digər qanunsuzluqlarla bağlı olur. Ağdam rayonunda son bir il ərzində baş verənlər və ümumiyyətlə yeni icra başçısının şəxsiyyəti ilə bağlı mətbuata daxil olan açıqlamalar, hər dəfə daha çox korrupsiya hallarının yer almasına dəlalət edir. Məsələn, bu günlərdə yayılan növbəti məlumatlardan birində bildirilir ki, icra başçısı nəvəsinin doğulması şərəfinə 30 qurban kəsdirib. Bundan başqa isə, Raqub Məmmədov nəvəsinin doğum evindən çıxması şərəfinə yeni dünyaya gələn körpənin qundağına 400 min manatlıq villanın açarını qoyub.
Bu arada isə, bəzi mətbu orqanlarının səhifələrində Raqub Məmmədovun Ağdam RİH-nin başçısı təyin olunduğu vaxt verdiyi vədlər yenidən xatırladılır: “Bu vəzifədə olduğum müddətdə dövlət başçısının mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam. Bilirsiniz ki, Ağdam rayonu cəbhə bölgəsində yerləşir. Rayon əhalisinin yarıdan çoxu məcburi köçkündür. Rayonun müəyyən hissəsi ermənilər tərəfindən işğal edilib. Bütün bunlar rayonun sosial-iqtisadi inkişafını əngəlləyən səbəblərdən biridir. Bütün bunlara baxmayaraq, biz Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, rayon əhalisinin sosial rifahının daha da yüksəldilməsi və digər məsələlərin həlli üçün əlimizdən gələni əsirgəməyəcəyik”. Lakin göründüyü kimi başçı verdiyi vədə əməl etmək istiqamətində heç də yetərincə səy göstərməyib. Hər halda Ağdamda hələ də müşahidə olunan məmur özbaşınalıqları bunu deməyə əsas verir.
Məqalədə adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.