Dəvətsiz qonşular: Yenotlar almanların həyatını kabusa çevirib, ekoloji fəlakət gözlənilir
Bu gün, 12:28

Almaniyada sərbəst şəkildə yayılan və sürətlə çoxalan təcavüzkar yenotlar səbəbindən ölkə ciddi ekoloji fəlakət təhlükəsi ilə üz-üzə qalıb.
Bu barədə "The Guardian" nəşri xəbər verir.
Məlumata görə, bəzi şəhərlər, xüsusilə Kassel bu heyvanların yayılmasına uyğunlaşmağa məcbur olub.
Yerli sakinlər qapı və pəncərələrə qoruyucu barmaqlıqlar quraşdırmaq, zibil konteynerlərini qıfılla bağlamaq və ərzaqları qorumaq üçün əlavə tədbirlər görmək məcburiyyətində qalırlar.
"Hər kəsin yenotlarla bağlı öz hekayəsi var. Bəziləri damlarında məskən salmış bütöv yenot ailəsi ilə mübarizə aparır. Digərləri isə parkda piknik edərkən yeməklərinin bu heyvanların hücumuna məruz qalmasından şikayətlənirlər", - deyə məqalədə vurğulanır.
Qeyd edilir ki, yenotlar hələ 2016-cı ildə invaziv növ kimi təsnif edilib. Onlar quşları, suda-quruda yaşayanları və yarasaları ovladıqları üçün yerli bioloji müxtəlifliyə ciddi təhlükə yaradırlar. Daha narahatedici hal isə onların təbii düşmənlərinin olmamasıdır ki, bu da populyasiyalarının sürətlə artmasına şərait yaradır.
Ekoloqlar problemin hələ dəqiq həll yolunu tapmayıblar. Lakin bəzi mütəxəssislər Avstraliya modelinə uyğun olaraq, Avropa üzrə bu növün yayılmasına ciddi məhdudiyyətlərin tətbiq edilməsini təklif edirlər.
Bildirilir ki, 2024-cü ildə 200 mindən çox yenot məhv edilib. Lakin bu tədbirlər vəziyyəti dəyişdirməyib. Bəzi yerli sakinlər isə bu heyvanları ovlayaraq onların ətindən qida kimi istifadə edirlər.