Bakıda 43 yaşlı kişi marketdən çıxan qadına təcavüz edib - TƏFƏRRÜAT

Bu gün, 09:47           
Bakıda 43 yaşlı kişi marketdən çıxan qadına təcavüz edib - TƏFƏRRÜAT
Bakının Səbail rayonunda 1982-ci il təvəllüdlü Tural psixi pozuntusu olan qadına qarşı seksual xarakterli hərəkətlər edib.

TEREF "Teleqraf"a istinadla xəbər verir ki, hadisə ötən il avqustun 7-də baş verib. Bakı şəhər sakini Tural həmin gün səhər saat 7 radələrində yaşadığı evin həyətində olarkən yüngül kəmağıllılıq psixi pozuntusu olan və ona qarşı hərəkətlərin xarakterini anlamayan Lətafətin (adlar şərti verilib - red.) köməksiz vəziyyətindən istifadə edib.

O, qadını yarıçılpaq vəziyyətə gətirib, seksual xarakterli zorakılıq hərəkətləri edib.

İstintaq orqanı Turalın barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edib.

"Pivə içdik, hal-əhval tutduq"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, hadisə günü təxminən səhər saat 7 radələrində pivə almaq üçün marketə gedib: "Marketə əvvəllər tanımadığım Lətafət adlı bir qadın daxil oldu və ona da pivə almağımı xahiş etdi. Pivə aldıqdan sonra Lətafətə yaxınlaşdım və marketdən çıxaraq həyətə tərəf getməyi təklif etdim.

Həyətin bir kənarında əyləşdik, bir qədər pivə içdik, hal-əhval tutduq. Sonra Lətafət mənim intim yerlərimə toxunmağa başladı. Onu öpdüm, köynəyini dartdım. Ayağa qalxdığına görə köynəyi bir qədər aralandı. sonra şalvarını özü soyundu.

Lətafət ayağa qalxan zaman ona əl vurmamışam. Bir qədər sonra Lətafətin bacısı həyətdə bizi gördü və səs-küy salaraq məni oradan qovdu".

"İntim yerinə əl vurmamışam"

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Lətafəti əvvəllər şəxsən tanımayıb, sadəcə olaraq həmin ərazidə yaşadığını bilib:

"Mən videogörüntü çəkilən ərazidə yaşamıram. Marketə sadəcə özümə pivə almaq məqsədilə getmişəm. Həmişə olmasa da, hərdən səhərlər pivə içirəm.

Hadisə günü Lətafəti marketin yanında gördüm. Ümumiyyətlə, hadisədən əvvəl Lətafətin hərəkətlərinə, davranışına fikir verməmişəm və ya onunla danışmamışam. Həmin gün qadın mənim yanımda əyləşdi. Ona pivə almağımı özü məndən xahiş etdi.

Lətafətin hər hansı intim yerinə əl vurmamışam. Sadəcə belinə toxunmuşam".

"Özü könüllü şalvarını aşağı çəkmişdi"

Təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı Lətafət ona hansısa müqavimət göstərməyib: "Bizə qadının bacısı yaxınlaşdı və məni qovdu.

Lətafət pivə istədiyini mənə jestlə bildirdi. Onun əqli çatışmazlığı və ya hər hansı xəstəliyinin olması barədə məlumatım olmayıb. Qadının hansı dildə danışdığını da bilmədim. Ona sual verdim, sualdan yayınaraq güldü. Mənim intim nahiyələrimə o toxundu. Qadın əyləşdiyimiz yerdən qalxanda, onu köynəyindən dartdım və o, yenidən əyləşdi. Onda ayaqlarına toxundum.

Videoçəkilişdə Lətafətin qucağımda olmasının səbəbi odur ki, həmin an yıxıldı, onu tutdum. Lətafət könüllü olaraq özü şalvarını aşağı çəkmişdi".

İş üzrə şahid qismində ifadə verən zərərçəkmiş Lətafətin bacısı Elnarənin sözlərinə görə, hadisə günü həyətə çıxanda bir nəfərin bacısına sataşdığını görüb:

"O, bacımın şalvarını alt paltarı ilə birlikdə tam aşağı çəkmişdi, köynəyini isə yuxan qaldıraraq onu yarıçılpaq vəziyyətə gətirmişdi, ayaq nahiyəsindən tutaraq qucaqlamışdı. Mən onlara yaxınlaşıb bacımı ayırmaq istədim. Ancaq Tural məni itələdi, mənə qarşı nalayiq ifadələr işlətdi. Turalı evin həyətindən qovdum".

"Bacım 7-8 il əvvəl evdən çıxaraq itmişdi"

Elnarə bildirib ki, hadisə vaxtı Tural içkili vəziyyətdə olub: "Hadisəni məndən əvvəl qonşularımız görmüşdülər. Onlar mənimlə əlaqə saxlayaraq evin həyətinə düşməyimi xahiş etdilər. Həmçinin baş verənlərin qısa çəkilişini də etmişdilər.

Bacım şizofreniya xəstəliyindən əziyyət çəkir və etdiyi hərəkətləri dərk etmək iqtidarında deyil. Yaşadığımız ərazi üzrə bütün məhəllə bacımın əqli geriliyi olduğunu bilir. Bəzən özü-özünə danışa-danışa gəzir, bəzən anidən qışqırır. Lətafət istədiyi zaman evdən çıxır və evə özü qayıdır. 7-8 il əvvəl bir dəfə evdən çıxaraq itmişdi".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Tural 4 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.