İsmayıllıda aqrar sektorda böyük inkişaf var - Araşdırma
8-12-2015, 00:51
Ismayıllı rayonu həmdə aqrar rayondur. Dünənə qədər geridə qalan və ancaq dövlət dotasiyası ilə yaşayan bu rayon bu gün aqrar idarəetmə inqlabı yaşayır. teref.az İsmayıllı rayonunun aqrar inkişafı ilə bağlı kiçik bir araşdırma aparıb. Bu araşdırmada həmçinin İsmayıllı rayonu üzrə 9 aylıq hesabatdanda istifadə olunub. Bu araşdırmanı sizə təqdim edirik.
Ölkədə bu il “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Rayonda aqrar sektorun inkişafına böyük diqqət yetirilir. Əkinə yararlı, istifadə olunmayan torpaqlar müəyyənləşdirilir, onlardan istifadə imkanları dəqiqləşdirilir.
Bu ilin 9 ayı ərzində rayonda kənd təsərrüfatında ümumi məhsul istehsalı 75 milyon 944 min manat təşkil etmişdir. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 milyon 460 min manat artmışdır.
Taxılçılıq haqqında bir qədər ətraflı məlumat vermək istəyirik. Rayonda 2014-cü ilin payızında əkilmiş 28212 hektar payızlıq taxıl bitkisi sahələrinə aqrotexniki qaydalara uyğun qulluq olunduğu üçün normal bitiş alındı. Biçin mövsümünə ciddi hazırlıq işləri görüldü. Yanğın təhlükəsinin qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirildi. Biçin optimal müddətdə başa çatdırıldı. Nəticədə ilk dəfə olaraq rayon tarixində rekord səviyyədə, 103 min 282 ton taxıl istehsal olundu. Ümumiyyətlə 2015-ci il məhsulu üçün səpilmiş 28 min 919 hektar dənli və dənli paxlalı bitkilərdən 104 min 894 ton taxıl istehsal olunmuşdur. Dəmyə şəraitdə hər hektardan 36,3 sentner məhsul alındı ki, bu da yüksək göstəricidir. Əkinçilərimizin yüksək nailiyyəti bizi ürəkdən sevindirir, onların uğurlari ilə fəxr edirik. Eyni zamanda qeyd etmək istərdim ki, bu heç də son nəticə deyildir. Kəndlərdə əkin dövriyyəsinə cəlb olunmamış torpaq sahələri vardır. İntensiv metodlarla istehsalın artırılmasına daha çox diqqət yetirilməlidir. Belə ki, eyni torpaq və iqlim şəraitinə malik yaxın kəndlər üzrə məhsuldarlığı müqayisə etdikdə kəskin fərqlər meydana çıxır. Aydın olur ki, bəzi fermerlər sahələrə lazımi aqrotexniki qulluq göstərmədikləri üçün nəticə də zəif olur. Bütün bunlar təhlil olunmalı və lazımi nəticə çıxarılmalıdır.
Hesabat dövründə rayonda 3618 hektar sahədə yazlıq bitkilər, o cümlədən 684 hektar sahədə dənli-paxlalılar, 370 hektar sahədə günəbaxan, 1586 hektar sahədə kartof, tərəvəz və bostan bitkiləri, 955 hektar sahədə yem bitkiləri əkilmişdir.
Üzümçülük və meyvəçilik rayon iqtisadiyyatının ən gəlirli sahələrindən biridir. Hazırda rayon üzrə 934 hektar üzüm bağı və 1158 hektar meyvə bağı vardır.
Rayonumuzda 2014-cü ilin yanvar ayından Avropa İttifaqı və Almaniyanın “Dünyaya çörək” təşkilatının maliyyə dəstəyi ilə Aqro İnformasiya Mərkəzinin icra etdiyi “FİLİZ” layihəsi fəaliyyət göstərir. Layihənin məqsədi kənd təsərrüfatı məhsulları istehsal edən beş yüz aztəminatlı ailəyə gəlirlərin artırılmasına dəstək göstərməkdir. Eyni zamanda hədəf qrupları sahibkarlıq, idarəçilik və marketinq sahəsində bilik və bacarıqlar əldə etməsi üçün müvafiq tədbirlər də görülür. 7 kənddə 14 qrupdan ibarət 140 nəfər fermer layihəyə cəlb olunmuşdur. Layihə çərçivəsində pomidor bitkisinin açıq və örtülü sahədə becərilməsi üzrə 7, çiyələk bitkisinin becərilməsi üzrə 3, arıçılığın inkişafı üzrə 3 və heyvandarlıqda müqayisəli yemləmə üzrə 1 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində qruplara müvafiq olaraq avadanlıq və əkin materialı verilmişdir.
teref.az yazır ki,Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında səpilmiş 17269 hektar payızlıq buğda səpininə görə 5260 nəfər istehsalçıya 690,8 min manat kompensasiya hesablanmış və aprel ayından vətəndaşlara ödənilmişdir.
Bu il kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı daha da gücləndirilmiş, ödəniləcək kompensasiya 25 faiz artırılmışdır. İyun ayında 6358 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 27387 hektar əkin sahəsinə görə 1 milyon 397 min 861 manat kompensasiya hesablanmış və vəsaitlər istehsalçılara ödənilmişdir.
Heyvandarlıq kənd təsərrüfatında aparıcı sahələrdən biridir. Hesabat dövründə iribuynuzlu mal-qaranın baş sayı 51 min 371başa, xırda buynuzlu heyvanlar 178 min 473 başa çatdırılmış, 3947 ton diri çəkidə ət, 25665 ton süd, 8 milyon 534 min ədəd yumurta istehsal olunmuşdur. Bütün göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir.
Rayon Baytarlıq İdarəsi epizootik vəziyyətin sağlam saxlanılması ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Belə ki, yoluxucu xəstəliklərə qarşı vaksinasiya və digər profilaktiki tədbirlər vaxtında həyata keçirilmişdir. 2015-ci ilin 9 ayı ərzində Dövlət Baytarlıq Müfəttişliyinin nəzarət etdiyi ət satışı məntəqələrində yoxlama aparılan zaman 14 baş iri buynuzlu, 21 baş xırda buynuzlu heyvanın daxili orqanlarında müvafiq xəstəliklərin yoluxduğu aşkar edilmiş və ət məhsulları yandırılaraq məhv edilmişdir. Dövlət Baytarlıq müfəttişinin nəzarət etdiyi yerlərdə, Hesabat dövrü ərzində mal-qara arasında heç bir yoluxucu xəstəlik baş verməmiş, rayon ərazisi epizootik sağlam olmuşdur.
İsmayıllı “Aqroservis” filialı və Aqrokimya MMC tərəfindən cari ildə istifadə etmək üçün 1504 ton mineral gübrələr gətirilmiş və kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qiymətlərlə satılmışdır. Hazırda “Aqroservis” filialı tərəfindən gələn ilin məhsulu üçün 605 ton azotlu mineral gübrə gətirilmişdir.
2015-ci ilin birinci yarısında Meşə Mühafizəsi və Bərpası Müəssisəsində ümumilikdə 40 hektar sahədə meşə bərpa tədbirlərinin aparılmışdır. Eyni zamanda müəssisənin tingçilik sahəsində 0.2 hektar sahədə səpin şöbəsi, 0.5 hektar sahəsə çiling kökləndirmə şöbəsi və 0.5 hektar sahədə böyütmə şöbəsi yaradılmışdır. Həm meşə səpinində, həm də tingilik səpinində 1 ton müxtəlif ağacların toxumları tədarük edilmişdir. Tingilik sahəsində bu il 150 min ədəd yeni tinglər yetişdirilmişdir. Meşə əkinlərinin ətrafında 9 km çəpər çəkilmiş, 7 km çəpər isə təmir edilmişdir. Meşə yanğınlarının baş verməsinin qarşısını almaq məqsədi ilə 20 km yanğına qarşı minerallaşdırılmış yanğın zolağı yaradılmış və 18 km köhnəlmiş zolaqlar təmir edilmişdir.
Bu ilin 9 ayında meşə qanunvericiliyinin pozulması ilə əlaqədar cəmi 19 ədəd akt-protokol tərtib edilmişdir. 37.75 kub metr ağacın özbaşına kəsilməsi müəyyən edilmiş və cəmi 708 manat cərimə hesablanmışdır.
Beləliklə İsmayıllı rayonunda aqrar sektor inkşafında böyük sıçrayış olduğu göz qabağındadır. teref.aznun əməkdaşlarının İsmayıllı rayonu ərazisində apardıqları müşahidələr onuda göstərdi ki, bu rayonun rəhbərliyi doğrudanda bacarıqlı əllərdədir. İsmayıllı rayonu belə getsə dövlət büdcəsindən nəinki dotasiya alacaq, görünür o dövlət büdcəsinə öz töhvəsini verə biləcək rayonlardan biri olacaq!
teref.az
İsmayıllı - Bakı