İqtisadi böhran oğurluğa meydan açıb – ŞOK STATİSTİKA
8-12-2015, 21:57
Azərbaycanda soyğunçuluq cinayətləri günbəgün artır; Sosial ədalətsizlik aqressiya və cinayətlərə şərait yaradır
oqru1Daxili İşlər Nazirliyinin web-saytına bildirilir ki, 2015-ci ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlildə mülkiyyət əleyhinə cinayətlərdən dələduzluq 437 (+34,1%; 1717-1280), oğurluq 29 (+1%; 3041-3012), soyğunçuluq 21 (+17,1%; 144-123), quldurluqla bağlı cinayət 18 (+26,5%; 86-68) faktları çoxalıb. 2014-cü ilin eyni dövrü üzrə təhlildə əvvəlki ilə nisbətdə mülkiyyət əleyhinə cinayətlərdən oğurluq 565 (+23,1%; 3012-2447), dələduzluq 250 (+24,3%; 1280-1030), soyğunçuluq 20 (+19,4%; 123-103), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayət 12 (+8,4%; 155-143) faktları artıb. 2013-cü ildə mülkiyyət əleyhinə olan cinayətlərdən mənzillərdən oğurluqlar 33,5% (+441), avtonəqliyyatın qaçırılması 10,6% (+32) çoxalıb. Əvvəlki illə müqayisədə keçən il üzrə avtonəqliyyatın qaçırılması 43,6% (+17), oğurluq 13,9% (+717), o cümlədən mənzillərdən oğurluq 8,7% (+152) da artıb. Statistika oğurluq hallarının artan dinamika ilə inkişaf etdiyinin sübutudur.
Sanki oğruların psixikası da pozulub. Masazır qəsəbəsində qadının əl çantasını oğurlayanlardan biri İlkin Məmmədov böyrəyinin ağrıdığını bəhanə gətirib “içəridə” yata bilməyəcəyini deyib. Gözlərimiz aydın! Qazaxda isə girdiyi evdən əliboş çıxan oğru Səbuhi Ocaqverdiyev ev sahibinə məktub buraxıb, ona qənimət qoymadıqları üçün dişinin dibindən çıxanı yazıb. Dəmir oğrusu Masallı sakini Seymur Səfərov da haram yolla “qazandığı” pula özünə əyin-baş alıb. Biri ailəsinin ehtiyaclarına görə davranırmış, getdiyi yerdə bahalı kürk, zinət əşyaları görürmüşsə, onu mütləq arvadı üçün oğurlayırmış. Vaxtilə inglis dili müəllimi və tərcüməçi işədiyini deyən Ceyhun Fyodrov oğurluğa banka olan borcunu ödəmək üçün əl atdığını deyib. Gəncə sakinləri Anar Hüseynov və Vüqar İsmayılov Tovuzun Əyyublu kəndinə gələrək “VAZ 21-05” markalı avtomobili qaçırıblar, əməllərini polisə “içdik, kefimiz kök idi”, deyə anladıblar. Əyləncəyə getmək üçün əmisinin evindən oğurluq edən qardaşoğlu, atasını “soyan” oğul, polislə dərdləşən televizor oğrusu, narkotik satan adamın narkotikin qiymətindən şikayətlənməyini oxuyanda bilmirsən güləsən, yoxsa halına acıyasan. Vüsal Qənbərov adlı oğru isə özünü su, qaz və istilik idarəsinin işçisi, bəzən isə usta kimi təqdim edərək, evlərə daxil olub. Belə bir hadisə az qala bizim də başımıza gələcəkdi.
Oğru bu dəfə “Elektrikşəbəkə”dən təşrif buyurub
Dekabrın 3-ü yağan yağış Bakıda yolları iflic eləməklə qalmadı, axşam saatlarında həmişəki kimi elektrik verilişini də paytaxtın bir çox yerlərində dayandırdı. Təəccüblü deyil, ona görə ki, yerə bir balaca yağıntı düşsün, vəziyyətimiz belədir. Xətai rayonu Nobel prospektində 4 saatlıq bir fasilə yarandı. Rayon Elektrik Şəbəkəsinə çoxsaylı zənglərim boşa çıxdı, öz işlərini bilirdilər, telefonu qabaqcadan kənara qoymuşdular. Abunəçilərlə çənə vurmamaq üçün bu “üsul”dan tez-tez yararlanırlar. Gecə işıq bərpa olundu. Növbəti gün binada çiynində çanta birini görüblər. Sakinlərlə rastlaşan adam izahat verməyə məcbur qalıb, bir evdə işıq olmadığı barədə guya onlara zəng edildiyini deyib. Amma binada hər kəsin işığı olduğundan bu hadisə camaatı duyuq salıb, çiynində çanta olanın şəbəkə işçisi yox, oğru olduğu ehtimal edilir. Bəlli ki, oğrular şəbəkədə problem meydana çıxanda vəziyyətdən yararlanırlar. Adicə binada qəza olanda qəza xidmətindən elektrik gətirmək müşkülə çevrilir, gərək şəbəkə rəisinə zəng vurub xahiş edəm ki, sonra gəlib xətləri bərpa etsinlər. Öz xoşlarına gəlmədiklərindən, bu, onlara oxşamırdı. Binada məndən başqa şəbəkəyə zəng vuran yoxdur, “haqlı” olaraq düşünürlər ki, başqaları onların əvəzindən bu işi görəcək. Ərz elədiyim kimi mən də şəbəkəyə zəng vura bilməmişdim. Bu hadisədən sonra məsələni araşdırmaq üçün dispetçerlə əlaqə saxladım. Dedilər, onların tərəfindən deyilən ünvana işçi göndərilməyib. Həm də şəbəkənin qəza xidmətinin əməkdaşları üzərində “Bakıelektrikşəbəkə” yazılmış (yəqin yenilərdə “Azərişıq”) xidməti geyimlərdə olurlar. Xanım söylədi ki, bir müddətdir onların adından mənzillərə girib oğurluq edənlər, bloklarda avtomatları söküb aparanlar peyda olub. Xəbərdar elədi ki, camaat ayıq olsun, çünki sayğacı birinci dəfə şəbəkə quraşdırır, oğurlanarsa mənzil sahibləri cavabdehdir. Əvvəla sayğacların oğurlanmağından sakinlərə nə? Yaşadığım binada sayğac mənzildən 20-30 metr kənarda, ümumi dəhlizdədir. Vaxtilə “Bakıelektrikşəbəkə” onu evdən uzaq, gözdən iraq quraşdıranda sakinlərlə məsləhətləşməyib. Bizim sayğacın altında oturub keşiyini çəkmək barədə öhdəliyimiz yoxdur. Odur ki, Şəbəkədə zəhmət çəkib səhvlərini düzəltsinlər, hər kəsin sayğacını mənzilinin girişinə gətirsinlər. Bir dəfə mərtəbələrdən birində iki sayğac oğurlanmışdı, Şəbəkədən gəlib bərpa elədilər. Bu, belə.
Polisin “qoruduğu” marketi 3 dəqiqəyə “soyublar”
Adətən oğru gecə saatlarında, daha çox da səhərə yaxın 4-5 aralarında “ov”a çıxır. Bu dəfə yəqin “əlimyandıda” olduğundan saata baxmayıb. Oğrular məhəlləmizə çoxdan dadanıblar, son vaxtlar çevrəmizdə oğurluq hallarının sayı da artıb. Əgər bizim yoxsul məhəlləmizə qədər gəlib çıxıblarsa, deməli vəziyyət o dərəcədə ağırdır. Ya da şəhərin mərkəzi tam kameralaşdığından oğrulara da görüntüyə alınmadıqları yerlərdə “fəaliyyət göstərmək” təhlükəsizdir. Hadisələrin qeydiyyata düşməyəni də az deyil. Məsələn, bir-iki ay əvvəl aşağı mərtəbədəki qonşunun eyvanına oğru dırmaşıbmış. Ev sahibləri görüb, onu siçovulu qovan kimi uzaqlaşdırıb, heç polisə də xəbər verməyiblər. Oğru “xoş üz” gördüyü yerə təkrar qayıdır, ondan şikayət yoxdursa, narazılıq eləmirlərsə, məqsədinə çatmaq üçün yenə gələcək. Qonşuya acığım tutdu, ondan yan keçənin bizim qapımıza yol alacağı istisna deyil. Ən azından sahə müvəkkilinə məlumat verə bilərdilər. Polislər də bizim kimi gecələri gedib evlərində yatırlar. İndi növbədə qalıb, telefonlara cavab verən, hadisə baş verdikdən sonra şikayət əsasında olay yerinə gedənləri istisna edirəm. Onların da dincəlmək haqqı var. Gəl oğruya başa sal ki, “polis də insandır, o da yatıb yuxusunu almalıdır, get gündüz gələrsən”. Oğrunun dili, dini, məzhəbi yoxdur. Dükanların önündən 10-20 qəpiklik taxta yeşikləri gecələr maşınlara yığıb aparırlar. Keçən həftə birinin başına gəlib, yaxındakı marketin kamerasına baxıblar, adam maşını görünməyən yerdə saxlayıb, 40-a yaxın yeşiyi ata malı kimi ora daşıyıb. Küçələr də Xətai Rayon İcra Hakimiyyətinin sayəsində həmişəki kimi zülmət qaranlıqdır, oğrunun üzünü görmək olmur. Sonra keçib o biri mağazaları da “təftiş edib”, əlinə bir şey keçməyəndən sonra gedib. Yeşik sahibi də haqlı olaraq 3 manata görə günlərlə polisə ayaq döymək fikrindən daşınıb. Hələ market və bazarlarda alış-veriş edərkən fürsətdən yararlanıb ərzaq, meyvə-tərəvəz çırpışdıranları nəzərə almıram. Market demişkən, təzəlikcə “Bolluq Market”i də “yardıqları” barədə məlumat almışam. Özü də marketin mühafizə xidməti ilə müqaviləsi ola-ola. 3 dəqiqə ərzində dükandan 2000 manat aparıblar, siqnalizasiya işə düşüb, polis özünü hadisə yerinə çatdırana qədər oğru aradan çıxıb. Əcəb cəld və peşəkar soyğunçuymuş. Müdirin otağını da yaxşı tanıyırmış, heç ləngiməyib, qəniməti ordan götürüb, qaranlığa qovuşub. Bu halda asayiş keşikçiləri ya oğrunu tapıb o pulu mağazaya qaytarmalıdırlar, ya da özləri ödəməlidirlər. Çünki mağaza sahibi obyektinin təhlükəsizliyi üçün onlara pul köçürür. Yeri gəlmişkən, polisdə də “bir pəncərə” sisteminə keçilsə, yaxşı olacaq. Bir dəfə ərizə yazıb şikayət edəni hər dəfə idarəyə çağırmasalar, camaat da dərdini asayiş keşikçiləri ilə rahat bölüşər.
Özgəninkini mənimsəməklə “özünütəsdiq”
Oğurluq – ilk növbədə öz ehtiyaclarını ödəmək cəhdidir. İnsanın bütün fəaliyyəti, elə soyğunçuluğun özü də onu qane etməyən ehtiyaclarını ödəmək üçündür. Oğurluğun psixoloji genezisinin (törəmə) ikinci aspekti insanın aqressivliyidir. Bütün oğurluqların altında dolayısıyla təcavüz yatır. Əgər uşaq başqasına məxsus oyuncağı götürərək ona ziyan vurduğunu dərk etmirsə, böyüklər bunu gözəl anlayırlar. Zorakılıqla nəsə əldə edən və ziyan vuranların çoxu bir qələbə, uğur kimi oğurluqdan zövq alırlar. Bəzən də oğurluq sadəcə konkret birinə zərər vurmaq üçün edilir. Oğurluğun üçüncü elementi də var. Nəsə toplamaq istəyi. Gələcək üçün lazım olduğundan artıq ehtiyat toplama davranışının heyvanlar aləmində də xeyli nümunələri məlumdur. İnsanlarda bu, tez-tez “baxmayaraq ki, artıq məndə var, lakin burda olan nəzarətsizdir, ona görə götürüm, birdən lazım olar”, prinsipi ilə realizə olunur. Bu instinktlə oğurluq yoxsul və ac adamlar tərəfindən törədilmir. Acın oğurluğu bir başqadır, boğazına qədər tıxıb, qəbir evinəcən təmin olunmuş insanın yığmaq ehtirası daha fərqlidir. Özünütəsdiq istəyi – bəzən oğurluq insanın ehtirası, onun ambisiyalarını təmin etməyə xidmət verir. Buna “böyük işlər” görən iddialı-nüfuzlu oğrularda rast gəlinir. Məsələn, bizdə “nüfuzlu oğru” statusu bəzi yüksək çinli məmurlara məxsusdur. Adam işi və ya bacarıqları ilə deyil, başqasına məxsus olanı mənimsəməklə də “özünütəsdiq”i gerçəkləşdirə bilər. Psixoloji xüsusiyyətləri ilə yanaşı, oğurluq sosial münasibətlər sistemində bir təzahür kimi qəbul edilməlidir. Korrupsiya, məmur özbaşınalığı, məhkəmə hakimiyyətinin zəifliyi, mükəmməl olmayan qanunlar, təhsil və təlimdə yol verilən neqativ faktorlar şübhəsiz ki, oğurluğu sosial təzahür kimi “istehsal” edir. İnflyasiya özü də oğurluq kimidir, “kim kimdən oğurlayır” sualını vermək yersizdir. Ekspertlərə görə cəmiyyətdə maddi problemlər artdıqca bu məzmunda cinayətlər də çoxalır. Korrupsiya, rüşvət, talama, oğurluq, soyğunçuluq, dələduzluq, mənimsəmə, etibardan sui-istifadə etmə belə xarakterli cinayətlərdir. Son vaxtlar təkcə məişət deyil, insana qarşı zorakılıq faktlarının da sayı artıb. Dərinə getdiyiniz zaman bu ümumi psixozun kökündə sosial problemlər dayanır. Sosial ədalətsizlik aqressiya və cinayətə səbəb olur.
Həyatından məmnun insanlar bir qayda olaraq aqressivlik nümayiş etdirmir, cinayətlə nəticələnən konfliktlərə getmirlər. Araşdırmalar göstərir ki, yaşamaq üçün ən münasib və təhlükəsiz ölkələr də iqtisadi-sosial cəhətdən güclü olan inkişaf etmiş dövlətlərdir. Keçən il tərtib olunmuş reytinq cədvəlində 142 ölkə arasında Azərbaycan 81-ci yerdədir. Norveç, İsveçrə, Kanada, İsveç, Yeni Zelandiya, Danimarka, Avstraliya, Finlandiya, Niderland və Lüksemburq kimi inkişaf etmiş ölkələr ilk onluqdadır. Hon-Kong kriminogen duruma görə ən sakit ölkədir, əhalinin 89%-i gecələr küçəyə çıxanda özünü təhlükəsiz hiss edir. Fund for peace (Sülh Fondu) təşkilatının versiyasına görə isə Finlandiya dünyanın ən stabil ölkəsidir, əmlak oğurluğu burada 3,7%-dir.
“Bizim Yol”