Hacı Məmmədov nədən 10 il MTN-də saxlanılıb... - İDDİA
9-12-2015, 13:17
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun işi üzrə istintaqın yenilənəcəyi haqda məlumat vermişdik. “Yeni Müsavat”a daxil olan son məlumata görə artıq H.Məmmədova vəkil tutulub. Vəkil məşhur arestantla görüşmək üçün MTN-ə rəsmi olaraq müraciət edib. 1 həftə əvvəl quruma təqdim olunan müraciətə hələlik baxılmayıb. Bu səbəbdən vəkilinin H.Məmmədovla görüşü gecikir. Yada salaq ki, Eldar Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra Hacı Məmmədov cinayət işinin yenidən araşdırılmasını tələb edib. O, MTN-də saxlanıldığı son 10 il ərazində təzyiq altında olduğunu, məhkəməsi zamanı DİN Cinayət Axtarış İdarəsinin rəisi, general Zakir Nəsirova qarşı yalan ifadələr verməyə məcbur edildiyi mesajını yollayıb. Məşhur arestantın müraciətindən belə nəticə hasil olur ki, o, cinayət işinin yenilənməsini, yenidən məhkəmə keçirilməsini tələb etməklə onun vasitəsi ilə, ifadələri əsasında məhkum edilmiş Zakir Nəsirov və digərilərinin barəsində doğru-dürüst ifadə vermək imkanı qazansın.
Xalqxeber.az saytı yazır ki, Hacı Məmmədovun məhkəmə hökmündən sonra MTN-in təcridxanasında saxlanılması məsələsi yenidən gündəmə gəlib və hakimiyyətdə qovğa yaradıb. Sayta daxil olan məlumatda deyilir ki, iqtidarda "MTN işi”nin dərindən araşdırılmasının tərəfdarı olan qruplaşma bu məsələyə də aydınlıq gətirilməsi üçün səy göstərir. Məlumat üçün deyək ki, Hacı Məmmədov məhkəmə hökmündən sonra Qobustanda ömürlük azadlıqdan məhrum edilən məhbuslar üçün nəzərdə tutulan həbsxanaya göndərilməli olduğu halda MTN-in təcridxanasında saxlanılıb və bu günəqədər də oradadır. Mətbuat dəfələrlə Hacı Məmmədovun hansı səbəbdən Qobustandakı həbsxanaya köçürülməməsi məsələsini qaldırsa da, MTN hər dəfə "Hacı Məmmədov özü istəmir” şəklində cavab verib. Lakin mülahizələrə görə, Hacı Məmmədovun MTN-in təcridxanasında saxlanılması onun hansı sirrləri açıqlaya biləcəyi təhlükəsindən irəli gəlib. Özü də bu sirlərin açılması MTN-in keçmiş rəhbərliyinin, eyni zamanda hakimiyyətdəki bəzi qrupların maraqlarına ziddir. Elə bu səbəbdəndir ki, “MTN işi”nin dərindən araşdırılmasında maraqlı olan qruplaşma Hacı Məmmədovun Qobustana köçürülməsinə, həmçinin bildiklərini danışmasına çalışır. Məlumatda bildirilir ki, bu məsələdə MTN-in keçmiş rəhbərliyi qədər Ədliyyə Nazirliyinin də rəhbərliyi də ittiham olunur. Eldar Mahmudov Hacı Məmmədovun Qobustana köçürülməsinə mane olubsa, Fikrət Məmmədov da qanunun aliliyini təmin etməyib. Halbuki bu, onun birbaşa vəzifəsidir.