Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA
9-12-2015, 13:42
1996-cı ildən bu yana İraqın şimalında hərbi varlığını davam etdirən Türkiyə Bağdadın ultimatumlarına baxmayaraq, əsgərlərini 2017-ci ilin iyun ayına kimi Mosuldan çıxarmayacaq.
Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, 1200 əsgərini Başikaya göndərən Türkiyə İŞİD-lə mübarizə çərçivəsində daha iki il türkmanlar, ərəblər və kürdlərə hərbi təlim keçəcək.
2003-cü il İraq işğalından bu yana kürd rəhbərliyi ilə Bağdad arasında ciddi mübahisələrə səbəb olan, hətta keçmiş baş nazir Nuri Əl-Maliki ilə kürd muxtariyyətinin başçısı Məsud Bərzani arasında diplomatik və siyasi böhran yaradan mübahisəli bölgələr İraq konstitusiyasının 140-cı maddəsində əksini tapıb. Kərkük, Diyala, Mahmur, Sincar və Zummar kimi bölgələrin içində Başika da var. Bu bölgələrin taleyi İraq konstitusiyasının 140-cı maddəsinə görə, 2006-cı ildə keçiriləcək referendumla həll edilməli idi, ancaq problem indiyə kimi həllini gözləyir.
Kürd muxtariyyəti ilə problemi hərbi yolla həll etmək istəyən baş nazir Nuri Əl-Malikinin "Dəclə Əməliyyat Gücü" adı verilən hərbi birlik yaratması İraqdakı kürdlər tərəfindən etirazla qarşılandı. Ancaq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan kürdləri müdafiə edərək Malikiyə vəziyyətin qəbul edilməz olduğunu bildirmişdi. Ankaranın sərt reaksiyasından sonra Bağdad geri çəkildi. İraq rəhbərliyi hərbi qarşıdurma olacağı halda bölgədəki Türkiyə əsgərinin səssiz qalmayacağını düşündüyü üçün böhranı dərinləşdirmədi.
Qəzet yazır ki, Türkiyə əsgərinin İraqın kürd bölgəsində olmasından narahat olan İran kəşfiyyatının bir çox planlarının olduğu məlumdur. 4 iyul 2003-cü ildə Şimali İraqın Süleymaniyə şəhərində qərargah quran 11 türk əsgərinin Amerika hərbçiləri tərəfindən başlarına çuval keçirilərək aparılması və 60 saat sorğuya çəkilməsini də İranın planlaşdırdığı məlum olub. Hadisənin İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən üç şiə türkmanın amerikalı səlahiyyətlilərə casusluq etməsi ilə baş verdiyi bildirilir.
Türkiyə nəşrinin yazdığına görə, Bağdad və kürd muxtariyyəti arasında mübahisəli sayılan ərazilərdə İraqın heç bir fəaliyyəti yoxdur: “İŞİD-in Kərkükə doğru hərəkət etməsi ilə 2014-cü ilin iyul ayından İraq bölgəni tamamilə tərk edib. Mahmur, Sincar, Zummar və Başika kimi bölgələr xəritə üzərində Bağdada bağlı kimi görünsə də, işğaldan bu yana bu bölgələrdə Peşmərgə var və onların bütün ehtiyacları kürd muxtariyyəti tərəfindən qarşılanır. Amma Bağdad indi İran və Rusiyanın təzyiqi ilə Türkiyədən əsgərlərini geri çəkməyi tələb edir”.