“Sən bilirsənmi ki, narkomanlar narkotikə görə adam da öldürərlər?” - Hakimin Abuşova sualı

13-03-2020, 11:44           
“Sən bilirsənmi ki, narkomanlar narkotikə görə adam da öldürərlər?” - Hakimin Abuşova sualı
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini, 41 yaşlı Əbülfət Abuşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org-un xəbərinə görə, əvvəllər də məhkumluq həyatı yaşayan Əbülfət Abuşov ötən ilin noyabrında Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 2,817 qram heroin aşkar edilib.

Polis əməkdaşları Ə.Abuşovun yaşadığı Xutor qəsəbəsindəki evinə də baxış keçiriblər. Ə.Abuşovun yaşadığı mənzildən ona məxsus narkotik və psixotrop maddələr olan 520,152 qram heroin, 8,044 qram metamfetamin, 56,559 qram tiryək və 1,64 qram metodon aşkarlanaraq götürülüb.

Ə.Abuşov barəsində Nərimanov rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Əbülfət Abuşov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində polis əməkdaşlarının ona yaşadığı ərazidə yaxınlaşmadıqlarını, birbaşa evə gəldiklərini və özləri ilə polis bölməsinə apardıqlarını göstərib: “Polislər evə girdilər, on-on iki nəfər olardılar. Üç maşın gəlmişdilər. İçəridə videoçəkiliş apardılar, narkotik vasitələri götürdülər”.

Ə.Abuşovun ifadəsinə görə, həmin vaxt polis əməkdaşları onunla birgə əmisi oğlu Boran Abuşovu da polis bölməsinə aparıblar: “Polis bölməsində üzərimə baxış keçirdilər. Əmimoğlunu da polisə aparmışdılar. Məndə o qədər narkotik vasitə olmayıb. Mənə aid olan cəmisi 30-35 qram “şüşə” idi. O da nəlbəkidəydi. Polis bölməsində 10 büküm “kakos” qoydular qarşıma ki, əgər etiraf eləməsən əmin oğluna qarşı da cinayət işi açılacaq. Dedilər, razılaş, yoxsa silah da qoyarıq. Mən də bütün şərtləri ilə razılaşmağa məcbur oldum”.

Tərəflərin suallarını cavablandıran Ə.Abuşov narkotik satışı ilə məşğul olmadığını, yalnız narkotik istifadəçisi olduğunu deyib. Bu zaman təqsirləndirilən şəxslər hakim arasında maraqlı dialoq yaranıb.

Hakim: Evində narkotik vasitə olub?

Ə.Abuşov: Bəli, amma satmamışam, özüm istifadə etmişəm.

Hakim: Sən bilirsənmi ki, narkotik istifadəçiləri narkotikə görə hətta adam da öldürürlər.

Ə.Abuşov: Mən adam öldürməmişəm....

Prosesdə əməliyyat tədbirini həyata keçirən polis əməkdaşları da dindirilib. Nərimanov rayon Pİ-nin 16-cı PB-nin əməkdaşı Ramiz Axundov ifadəsində göstərib ki, təqsirləndirilən şəxsə yaşadığı evin qarşısında yaxınlaşıblar və özləri ilə polis bölməsinə aparıblar: “Şalvarının cibindən on büküm “kakos” çıxdı. Heç bir müqavimət göstərmədi. Özü etiraf etdi ki, narkotik vasitəni İran vətəndaşından alıb. Evə baxış zamanı da xeyli “şüşə” çıxdı. Tiryək, “kakos” da var idi. Smetan qablarında siyirtmələrdəydi”.

Prosesdə dindirilən digər polis əməkdaşları da anoloji ifadə veriblər. Polis əməkdaşları ifadələrində göstəriblər ki, Ə.Abuşovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə polisə məlumat daxil olub. Məlumat əsasında əməliyyat qrupu yaradılıb: “Polis bölməsinə apardıq. Üzərindən narkotik vasitə aşkarlandı. Məlum oldu ki, evdə də narkotik var. Evinə də baxış keçirildi və külli miqdarda narkotik vasitə aşkarlandı”.

Məhkəmə prosesi zamanı məlum olub ki, Ə.Abuşov İrana gedib-gəlib. Narkotik vasitəni İran vətəndaşından alıb və sərhəddən qaçaqmalçılıq yolu ilə keçirib.

Həmçinin, prosesdə Ə.Abuşovun istintaqda fərqli ifadə verməsi məlum olub. O, istintaqdakı ifadəsini oxumadan imzaladığını, ümumiyyətlə, istintaqın ona qarşı qərəzli aparıldığını deyib.

Hakim isə “narkotiki sərhəddən qaçaqmalçılıq yolu ilə keçirmisən, əgər müstəntiq sənə qarşı qərəzli olsaydı elə Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddə ilə cinayət işi açardı” deyib...

Məhkəmə prosesi davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.