İki ölkə “etmirik” dedi, Türkiyə önə çıxdı: İsraillə bağlı ilginc sözlər

Bu gün, 08:34           
İki ölkə “etmirik” dedi, Türkiyə önə çıxdı: İsraillə bağlı ilginc sözlər
Fransanın müstəqil Fələstin dövlətini tanıması hər nə qədər gözlənilən olsa da, beynəlxalq ictimaiyyətdə maraq doğurdu. Lakin bir sıra Avropa ölkələrinin son zamanlarda Fələstinə dəstək çağırışları səsləndirmələrinə baxmayaraq, Qəzza ilə bağlı açıqlamaları birmənalı qarşılanmır.

Son olaraq Fransa və Almaniya liderlərinin Qəzzada yaşananları soyqırımı kimi tanımadıqlarını, ümumiyyətlə vəziyyətin belə olduğunu hesab etmədiklərini söyləmələri xüsusi diqqət çəkdi. Digər tərəfdən, ilk gündən Fələstin üçün beynəlxalq arenada çağırış edən Türkiyənin, o cümlədən İspaniyanın yanaşması isə daha konkretdir.

Almaniya və Fransanın İsraillə bağlı əvvəlcə sərt bəyanat vermələri, daha sonra isə hadisələri fərqli dəyərləndirmələrinə səbəb nədir?

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Avropanın böyük gücləri olan Fransa və Almaniyanın mövqelərindəki dəyişiklik, əslində onların regional və qlobal maraqlarının balanslaşdırılmasından irəli gəlir:

“Hər iki ölkə beynəlxalq hüquqa hörmət etdiklərini göstərmək, Fələstin dövlətçiliyinə dəstək vermək istəyir, lakin digər tərəfdən İsraillə dərin siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini qorumağa məcburdur.

Fransanın müstəqil Fələstin dövlətini tanıması gözlənilən addım olsa da, Paris Qəzzada baş verənləri “soyqırımı” kimi qiymətləndirməkdən çəkinir. Bunun səbəbi həm ABŞ-ın, həm də Avropa İttifaqının (Aİ) ümumi siyasi xəttindən kənara çıxmaq istəməməsidir. Almaniya isə tarixdən qaynaqlanan xüsusi məsuliyyətinə görə İsraili açıq şəkildə sərt tənqid etməkdə həmişə ehtiyatlı davranır.

Türkiyə ilə İspaniyanın mövqeyi isə daha konkret və sərtdir. Çünki onlar məsələyə daha çox humanitar və siyasi ədalət prizmasından yanaşır, Qəzzadakı müharibənin nəticələrini açıq şəkildə pisləyirlər.

Beləliklə, Fransa və Almaniyanın ilkin sərt bəyanatlardan sonra ritorikanı yumşaltmaları onların beynəlxalq arenada balanslı mövqe nümayiş etdirmək, eyni zamanda İsraillə münasibətləri pozmamaq cəhdləri ilə bağlıdır. Bu isə Avropa İttifaqı daxilində Fələstin məsələsində vahid mövqenin formalaşmasını çətinləşdirir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru