Maaş və pensiyalar nə qədər artırılmalıdır?
13-01-2016, 12:46
Ekspertlərə görə, təkcə dekabrdakı real inflyasiya göstəriciləri nəzərə alınaraq maaş və pensiyalar 50 faiz artırılmalıdır
2015-ci il ərzində manatın iki dəfə devalvasiyaya uğraması və ölkədə baş verən qiymət artımı sosial baxımdan həssas olan kəsimin gəlirlərinə ciddi təsir etdi. Nəticədə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqı, pensiyalar iki dəfədən artıq dəyərsizləşdi. Bu isə qiymətlərin artmasının, xidmətlərin bahalaşdığı bir zamanda bu kəsimin aldığı maliyyənin artırılmasını zəruri edir. Amma 2016-cı ilin büdcəsində bu istiqamətdə artım nəzərdə tutulmur.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, hökumət pensiya və maaşların indekasasiyasını bir qayda olaraq ötən ilin illik göstəricisinə görə həyata keçirir. N.Əliyevin sözlərinə görə, hökumət pensiyaların baza hissəsini 2015-ci ildə bahalaşmanın nə qədər olmasına uyğun artıracaq. Güman ki, bu artım 3-4 faiz həcmində olacaq: “Bu çox yanlış yanaşmadır. Ötən ilin dekabrın 21-də Mərkəzi Bankın verdiyi qərardan sonra bütün istehlak mallarının dəyəri əlli faizin üstündə bahalaşıb. Devalvasiya Mərkəzi Bankın dekabrın 21-də elan etdiyi həddə də qalmayıb. Dolların manata məzənnəsi 1.8-ə qalxıb. Bir müddət sonra bu göstəricinin 2 manatın üzərinə qalxacağı gözləniləndir. Hökumət təkcə dekabrdakı real inflyasiya göstəricilərinə istinad edərək əməkhaqlarını, pensiyaları, təqaüdləri 50 faiz artırmalıdır”.
N.Əliyevin fikrincə, 50 faiz artım olmalıdır ki, heç olmasa əhaliyə dəyən ziyan müəyyən mənada kompensasyia edilsin. N.Əliyevin fikrincə, hökumət elə bir siyasət yürütməlidir ki, ölkədəki 4.6 milyon məşğul əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində nəticə əldə edə bilsin. “Yoxsa yalnız dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması işə yaramır”, deyə N.Əliyev vurğuladı.