Azərbaycanı qaz bazarında kim sıxışdırır – Rusiya, Qərb, yoxsa hər ikisi?

15-01-2016, 10:17           
Azərbaycanı qaz bazarında kim sıxışdırır – Rusiya, Qərb, yoxsa hər ikisi?
Gürcüstanın qərarı enerji bazarında SOCAR-ın hökmranlığına son qoymağa yönəlib
İki gün əvvəl qaz məsələsini müzakirə etmək üçün SOCAR rəhbərliyi və Gürcüstanın hökumət rəhbərləri Tiflisdə görüşüblər. Görüşdə Gürcüstanın qış mövsümündə təbii qaza artan tələbatının tam ödənilməsi üçün mövcud qaz kəmərlərinin texniki vəziyyəti və nəqlin artırılması imkanları ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan tərəfini SOCAR prezidenti Rövnəq Abdullayev, “SOCAR Georgia”nın baş direktoru Mahir Məmmədov, Gürcüstan tərəfini baş nazir Georgi Kvirikaşvili və Kaxa Kaladze təmsil edib.

Gürcüstan hazırda özünü üç mənbədən qazla təmin edir. Rəsmi Tiflis gün ərzində SOCAR-dan 6 milyon, “Şahdəniz 1"dən təxminən 3 milyon kubmetr qaz alır. ”Şahdəniz 1"dən qaz Bakı-Tiflis-Ərzurum boru kəməri ilə nəql edilir.

Gürcüstan Rusiyadan isə 2-2,5 milyon kubmetr qaz idxal edir. “Qazprom” Gürcüstana 2014-cü ildə 300 milyon kubmetr qaz satıb. Rusiya Ermənistana ötürdüyü qazı tranzit haqqının əvəzində Gürcüstana “mavi yanacaq” satır.

Qonşu ölkənin energetika naziri Kaxa Kaladze iddia edir ki, SOCAR Gürcüstanı yetəri qədər qazla təmin edə bilmir. Gürcü tərəfinin Rusiya ilə İsveçrədə separat qaz danışıqlarına getməsi hətta Gürcüstan müxalifətinin də sərt etirazına səbəb olub. Keçmiş prezident Mixail Saakaşvilinin partiyası Gürcüstan hökumətini Rusiyanın “Qazprom” şirkəti ilə qaz müqaviləsi bağlandığını elan etməyə çağırıb. “Vahid milli hərəkat” partiyasının üzvləri bildiriblər ki, bu müqavilə Azərbaycanla energetika sahəsində əməkdaşlığa xələl gətirəcək. Azərbaycan tərəfi bir neçə il ərzində stabil olaraq Gürcüstanın enerji bazarını qazla təmin edir. Hətta bir neçə dəfə istənilən miqdarda qaz nəql etməyə hazır olduğunu bildirib. Etirazçılar həmçinin “Qazprom”dan asılı olduqları illəri xatırlayıblar.

“Biz Gürcüstan hakimiyyəti qarşısında bütün öhdəliklərimizi yerinə yetiririk”-deyə SOCAR prezidenti Gürcüstanın “Rustavi 2" televiziyasına müsahibəsində deyib. R.Abdullayev bildirib ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və digər hökumət nümayəndələri ilə danışıqlar yaxşı keçib. ”Gürcüstan hakimiyyətinə qəbul üçün təşəkkür edirəm. Bütün çətinliklərə baxmayaraq, biz neft və qaz qiymətlərində öhdəliyi yerinə yetiririk. Texniki problemləri isə birlikdə həll etməyə çalışacağıq", - deyə SOCAR rəhbəri bildirib.

ANS-in məlumatına görə, “SOCAR Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov isə bildirib ki, Azərbaycan Gürcüstana nəql etdiyi gündəlik təbii qazın həcmini 6 mln. kubmetrdən 7 mln. kubmetrə qədər artıracaq. Onun sözlərinə görə, görüşdə əsasən müzakirə mövzularından biri qaza tələbatın pik dövründə texniki imkanların yaxşılaşdırılması idi. “Bu, yeni baş nazir Georgi Kvirikaşvili səviyyəsində ilk görüş idi. Biz bilirik ki, qış mövsümündə qaz istehlakı böyüyür. Əsas müzakirə etdiyimiz məsələ isə yaranan defisiti texniki yollarla necə doldurmaqdır. Biz razılaşdıq ki, ekspertlərimiz bu istiqamətdə birgə işləyəcəklər”, - deyə Mahir Məmmədov bildirib.

Faktiki olaraq Gürcüstan-Azərbaycan razılaşması baş tutmayıb və bu da neft gəlirlərindən məhrum olan ölkəmiz üçün qaz satışından əldə olunacaq gəlirləri də itirmək riski yaradır. Ortaya müxtəlif suallar çıxır, Gürcüstan niyə Rusiyaya meyl edir? Tiflisin bu addımları Azərbaycanın təsir dairəsindən çıxmaq üçündür, ya ortada başqa səbəb var?

Bəzi müşahidəçilər hesab edir ki, Qərbə inteqrasiya xətti tutmuş Tiflisin bu addımları ilə ABŞ-ın Azərbaycana qarşı siyasəti arasında da əlaqə var. Hesab olunur ki, ABŞ-dan Azərbaycana qarşı sanksiya hədələrinin intensivləşdiyi bir məqamda Gürcüstanın Azərbaycan qazından müxtəlif bəhanələrlə imtina etməsi elə de-fakto sanksiya anlamını verir. Bu mənada Azərbaycana qarşı gürcü gedişinin arxasında Qərbin dayandığı ehtimalı da var. Onu da qeyd edək ki, ARDNŞ ilə Yunanıstanın DESFA qazpaylayıcı şirkəti arasında əldə olunan ilkin razılaşma da yarımçıq qalıb. Üstəlik, dövriyyəyə “Qazprom” da girib. Beləliklə, Qərb dairələri və Rusiya arasında soyuq küləklər əssə də, onların maraqları Azərbaycan məsələsində üst-üstə düşür. Faktiki olaraq Azərbaycanın qaz bazarından sıxışdırılması prosesi gedir.

Qubad İbadoğlu: “Gürcüstanın qərarı enerji resurslarına olan təminatını şaxələndirməklə, bazarda SOCAR-ın hökmranlığına son qoymağa yönəlib”
İqtisadçı ekspert, ABŞ-ın Dyuk Universitetinin professoru Qubad İbadoğlu “Yeni Müsavat”a mövcud durumu şərh edərkən bunları bildirdi: “Gürcüstanın qərarı enerji resurslarına olan təminatını diversifikasiya etməklə, yəni şaxələndirməklə bazarda SOCAR-ın hökmranlığına son qoymağa yönəlib. Xatırlayırsınızsa, bu hökumət yenicə formalaşanda da SOCAR-la bağlı araşdırmalara başladı və qiymətin endiriminə nail oldu. Burda bir neçə məqam diqqəti cəlb edə bilər. Təbii ki, ən başlıcası siyasidir”. Q.İbadoğlunun sözlərinə görə, hazırkı hökumətdə Rusiya və İranla əməkdaşlığa meylli, Azərbaycana qarşı qüvvələr fəallaşıb: “Ola bilər ki, bu, həm də Saakaşviliyə olan münasibətdən qaynaqlanır. Çünki SOCAR-a geniş fəaliyyət imkanlarının yaradılması onun adı ilə bağlanır”.

ABŞ-ın bu məsələyə münasibətinə gəlincə, iqtisadçı alim hesab etmir ki, Tiflisin bu məsələyə dair siyasəti oradan idarə olunur və bu, Azərbaycana münasibətlə bağlıdır: “ABŞ Azərbaycanın enerji resurslarının Gürcüstan, Türkiyə və Avropya satılmasını birmənalı şəkildə dəstəkləyir. Odur ki, burda günahı Gürcüstanın hazırkı hakimiyyətində axtarmaq düzgün olardı”.

İlham Şaban:“SOCAR Gürcüstanın Kaxetiya bölgəsindəki köhnə neft yatağında yeraltı qaz anbarı tikmək təklifi ilə çıxış edib”


Neft mütəxəssisi İlham Şaban isə bu barədə danışarkən dedi ki, əslində SOCAR-ın Gürcüstan bazarında rolu ilə bağlı mövcud olan ajiotaja ötən ilin sentyabrında nöqtə qoyulmuşdu: “Azərbaycan 2015-ci ilin nəticələrinə görə Gürcüstan bazarında 87%-ə söz sahibi olub. 2016-2018-ci illərdə bu rəqəm 2-3% azala bilər. Bunun əvəzinə Gürcüstan özünün artan tələbatını Rusiya qazı ilə ödəyə bilər. Ancaq 2019-cu ildən Azərbaycan ”Şahdəniz-2" qazının hesabına yenidən Gürcüstan bazarında mövqelərini bərkitməyə başlayacaq və hətta 90%-dək artıra biləcək". İ.Şaban qeyd etdi ki, SOCAR da öz tərəfindən təkliflə çıxış edib: “Gürcüstan bazarında mövqelərini möhkəmlətmək, bazara qazın orta perspektivdə stabil verilməsini təmin etmək üçün SOCAR Gürcüstanın Kaxetiya bölgəsindəki köhnə neft yatağında yeraltı qaz anbarı tikmək təklifi ilə çıxış edib və bu ideya Gürcüstan hökuməti tərəfindən rəğbətlə qarşılanıb. Bu ideya gerçəkləşdiyi təqdirdə, artıq qonşu dövlətin bazarının uzunmüddətli dövr üçün SOCAR-ın əlində olacağı şübhə doğurmur. Bu isə əldə olan qaz bazarlarının qorunması yönümündə çox yaxşı atılmış addım kimi qiymətləndirilə bilər. Nəzərə alsaq ki, Gürcüstan bazarına Rusiya və İran kimi qaz ölkələrinin də nəzəri dikilmişdi, gələcək üçün 2,5-3 milyardlıq bir perspektiv regional bazarda üstün imkanlara malik olmaq biznes üçün çox yaxşı imkandır”.
musavat/com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.