" “Bizim öz peykimiz olsun, öz neftayırma zavodlarımız, öz milli ayfonlarımız olsun” təklifləri yazmaq asandır"

15-01-2016, 22:42           
" “Bizim öz peykimiz olsun, öz neftayırma zavodlarımız, öz milli ayfonlarımız olsun” təklifləri yazmaq asandır"
Neft emalından sonra ortaya çıxan məhsulların neçəyə satılacağını yazsa da, neft emalının xərclərini yazmayıb. Məsələn, 1 ton aviakerosinin 600-900 dollara satıldığını qeyd edib. Ancaq 1 ton aviakerosinin havadan alınmadığı, onun üçün neçə barrel neft istifadə olunduğunu, hər barreli də 30 dollara vuranda alınan xərci yazmayıb.

Axar.az xəbər verir ki, bunu tanınmış ictimai fəal Bəxtiyar Hacıyev deyib. O, iqtisadçı Natiq Cəfərlinin fikirlərinə münasibət bildirib və neftdən alınan məhsulların hansı bazarlarda satılacağı, o bazarlarda əlavə təklif olunacağı halda qiymətlərin sabit qalmayacağı, bazarların nə qədər doymuş olması, daşınma xərcləri və digər xərclərin nəzərə alınmadığını vurğulayıb:

“Natiq Cəfərli 1 barrel neftdən neçə litr benzin, aviakerosin, dizel, neçə ədəd şam alınmasını yazıb, sadə hesablama edib, 120 ədəd şamın 25 sentdən elə 30 dollar etməsini, 30 dollarlıq nefti emal edib, 300 dollara sata biləcəyimizi yazıb.

Azərbaycanda belə bir araşdırma aparılmışdı və SOCAR səhv etmirəmsə, 2010-cu ildən belə bir layihə etmək istəyirdi. Lakin Natiq bəyin təklif etdiyi miqyasda bir zavodun tikilməsi üçün 15-20 milyard investisiya qoymaq lazım idi.

Zavodun tikintisi 3-6 il, gəlir gətirməsi isə daha uzun müddət çəkə bilərdi. Eyni zamanda, təcrübə göstərib ki, buna bənzər bir çox investisiyalar, dövlət dotasiyası olmasa, mənfəət gətirəcək səviyyəyə çıxmayıb”.

B.Hacıyev qeyd edib ki, SOCAR Türkiyədə illərdir işlək olan PETKİM-in faizlərini alıb:

“Petkimin 2500-dən çox işçisi var. Azərbaycanda bu sahədə, bu miqyasda bir müəssisənin idarəetməsindən tutmuş texniki heyətinə qədər mütəxəssis bazası da yoxdur. Eyni zamanda, SOCAR Türkiyədə Dövlət Neft Fondunun maliyəsi ilə STAR neft emalı zavodunun tikintisinə başlayıb. Bu seçim də təsadüfi olmayıb, Azərbaycan sadəcə öz neftinin emalını yox, başqa mənbələrdən gələn neftin də emalını, daşınmanın daha asan və ucuz olmasını nəzərə alıb bu investisiyanı qoyub.

Qısacası, böhran vaxtında rəqəmlərlə oynayıb, günahkar axtarmaq, “120 şam istehsal edib 30 dollar qazana bilərdik” demək, “bizim öz peykimiz olsun, öz neftayırma zavodlarımız, öz milli ayfonlarımız olsun” təklifləri yazmaq asandır”.

Qeyd edək ki, iqtisadçı N.Cəfərli Feysbukda bunları yazıb: “Bir barrel neft 159 litrdir, emaldan sonra 168 litr olur. 102 litr benzin, 30 litr dizel, 25 litr aviakerosin, 6,8 litr mazut, 1 litr maşın yağı, 120 ədəd şam alınır. 120 ədəd şamı 25 sentdən satsaydıq, 30 dollar edərdi. 30 dollarlıq nefti emal edib, 300 dollara satardıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.