Naxçıvanda müəmmalı proses: generalların həbsi davam edir

16-01-2016, 14:09           

Naxçıvanda yüksək rütbəli şəxslərin və generalların həbs xəbərləri gəlməkdə davam edir. Rəsmi qurumlar isə bu xəbərləri nə təkzib, nə də təsdiq edir. Naxçıvandakı mənbələrdən əldə etdiyimiz və digər yerli mətbuatda yer alan məlumatlara görə, həbslərin əsas səbəbi Bakıdakı “MTN işi” ilə bağlıdır.

Naxçıvandakı ən sensasion xəbər Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev və Muxtar Respublikanın sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərovla bağlıdır. K.Mustafayevin Vasif Talıbovun yanında etibarını itirdiyi, artıq bir neçə əhəmiyyətli tədbirlərdə yer almadığı bildirilir. Hətta bir müddət əvvəl K.Mustafayevin həbs olunması xəbəri də yayılmışdı. Bəzi məlumatlara görə isə K.Mustafayev hələ ki vəzifədən uzaqlaşdırılmasa da, onun barəsində Muxtar Respublika rəhbərliyi tərəfindən ciddi araşdırmalar davam etdirilir.



Vəli Ələsgərov isə hazırda Naxçıvanda ev dustaqlığında olduğu bildirilir. Hər iki generalın keçmiş MTN rəhbəri Eldar Mahmudovla yaxın əlaqələrinin olduğu bildirilir. Onların fəaliyyəti ilə bağlı başlayan proseslər də məhz E.Mamhudovun vəzifədən uzaqlaşdırılması ilə başlayıb. V.Ələsgərovun Naxçıvandakı yüksək rütbəli şəxslərlə bağlı E.Mahmudova dosyelər göndərdiyi də gələn məlumatlar sırasındadır.

“Yeni Müsavat”ın ötən saylarında K.Mustafaeyvin qardaşı Nemət Mustafayevin həbs edilməsi xəbərini verilmişdi. Generalın qardaşı Naxçıvan ordusunun tikinti-quraşdırma işlərinə nəzarət edirdi və o, bu işində yol verdiyi külli miqdarda yeyintiyə görə hazırda həbsdədir.

Daha sonra K.Mustafayevin yaxın adamı olan Əlahiddə Ümumqoşun Ordusunun maliyyə xidmətinin rəisi Elşad Rzayev də həbs olunub.

Naxçıvandakı həbslərlə bağlı “AzPolitika.info” saytı yeni məlumat yayıb. Saytın yazdığına görə, Muxtar Respublikasında yüksək rütbəli məmurların, generalların ən yaxın adamlarından ibarət mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.
Məlumata görə, Naxçıvan Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl MR-in keçmiş milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərovun qardaşı Əli Ələsgərov, MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovun qardaşı Yusif Babayev (bu qardaşların rəsmi soyadları fərqlidir-red) və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş ərzaq xidməti rəisi, təqaüdə çıxdıqdan sonra da Naxçıvan ordusunun ərzaq təminatını həyata keçirən Fəxrəddin Quliyevi saxlayıb. Əməliyyata şəxsən daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov başçılıq edib.



Sonuncu şəxs Eldar Mahmudovun həmkəndlisi və yaxın dostu, eyni zamanda Əlahiddə Ordunun komandanı, general-leytenant Kərəm Mustafayevin ən inanılmış adamlarından biridir.

Həbslərlə bağlı toplanan materialların Vasif Talıbova təqdim edildiyi və yekun qərarın sədr tərəfindən veriləcəyi gözlənilir.

Milli təhlükəsizlik nazirinin sabiq 1-ci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Naxçıvanda baş verən proseslərin də “MTN işi” ilə əlaqəli ola biləcəyini deyir.

S.Əkbər “Yeni Müsavat”a açıqlamasında bu həbslərin hakimiyyət daxili qrupların mübarizəsi kimi dəyərləndirib: “Son baş verən prosesləri izlərkən hakimiyyət daxilindəki qruplar arası mübarizənin sərtləşdiyini görürük. Bu həm dünyada və regionda yaranmış geopolitik qarşıdurma ilə, eyni zamanda ölkədə yaranmış sistem böhranı ilə bağlıdır. Hansı qrupların siyasi ambisiyasının olmasından şübələnərilərsə, digər qruplar onu özünə rəqib görür və bir-birləri ilə mübarizə aparırlar. Sistem daxilindəki strukturlarda yuxarıda və aşağıda vəziyyət demək olar ki, eynidir. Bütün bunlar gələcəyə, dəyişikliyə hazırlıqdır. Qruplar xarici dəstək də alaraq bir-birləri ilə mübarizə aparırlar. Hansı qrup daha kövrək durumdadırsa, onu sıradan çıxarmağa çalışırlar. “MTN işi” kimi tanınan iş də hakimiyyət uğrunda mübarizənin tərkib hissəsidir”.

ADP sədri Sərdar Cəlaloğlu da Naxçıvandakı proseslərin “MTN işi”nin məntiqi davamı olduğunu deyir.

Onun fikrincə, E.Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra ona yaxın olan bütün məmurlar hakimiyyət orqanlarından kənarlaşdırılır. Partiya sədri bu cür vəziyyətin yaranmasının səbəbi kimi hakimiyyət daxilində yaranan “mafiyalaşma” ilə əlaqələndirir: “Məmurların uzun illər eyni vəzifədə qalması, bu vəzifələrdə qohumluq əlaqələri əsasında təmsil olunması və ya hakimiyyətə gəldikdən sonra qohumluq əlaqələrinə girməsi hakimiyyətdə mafiyalar siyasi cinayətkar qruplşmaların formalaşmasına gətirib çıxarır. Azərbaycanda 1992-ci ildən bu yana bir neçə ailədən kənar kimsə hakimiyyətdə, parlamentdə, məhkəmə hüquq sistemində təmsil olunmur. Bu da faktiki olaraq onu göstərir ki, Azərbaycanda mafiyalaşma prosesi gedib. Hakimiyyətdə təmsil olunan yüksək rütbəli bir şəxsin günahı meydana çıxsa, hakimiyyətdaxili ziddiyyət yaransa, bu bir sistem kimi, mafioz qrupun ifşa olunması kimi gedəcək. Eldar Mahmudovun işdən çıxarılmasından sonra bir çox nazirliklərdə vəzifəli şəxslərin işdən çıxarılması və həbsi prosesləri getdi. Səfər Əbiyev vəziufədən gedən də bunun şahidi olduq, Əli İnsanovun həbs olunması zamanı da. Görünür ki, hakimiyyət mafiyaşalıb və cəzalandırma da qruplaşma şəklində gedir. Naxçıvandakı proseslər də görsətir ki, baş verənlər Bakıdakı “MTN işi”nin məntiqi davamıdır”.

Bu cür proseslərin Naxçıvan üçün və ya Azərbaycan üçün təhlükə olmasına gəlincə isə S.Cəlaloğlu deyir ki, ölkə üçün ən böyük təhlükə hakimiyyətin bir neçə ailə arasında bölüşdürülməsidir: “Azərbaycan üçün, Naxçıvan üçün hər hansı bir mafiyanın vəzifədən getməsi, yenisinin vəzifəyə gəlməsi təhlükə deyil. Azərbaycanda hakimiyyətin özünün mafiyalaşması xalq üçün təhlükədir. Məmurların uzun müddət vəzifədə qalması onlarda məsuliyyətsizlik hissi formalaşdırır, onlarda hakimiyyətin özəlləşdirilməsi meyillərini yaradır. Bizdə hakimiyyət ayrı-ayrı ailələrin xüsusi mülkiyyətinə çevrilib. Bu da heç təsadüfü deyil ki, prezidentin verdiyi sərəncamlar icra olunmur. Azərbaycan üçün təhlükə budur. Azərbaycandakı idarə etmə siyasi idarə etmə deyil. Buna görə də beynəlxalq təşkilatların verdiyi təkliflər qəbul olunmur, beynəlxalq aləmlə hesablaşılmır, dünyada ümumi gedən sosial, iqtisadi qanuna uyğuluqlara Azərbaycan tabe olmur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.