Vətənə xəyanət haradan qaynaqlanır?
25-10-2020, 20:03
Məlumdur ki, Azərbaycanda ölüm cəzası 1998-ci ildən tətbiq olunmur. Bu respublikamızın humanist akt tərəfdarı olan Avropa ölkələri ilə bərabər qəbul etdiyi qərar olmaqla qanunla təsbit olunmuşdur. Bəs müharibə şəraitində necə olmalıdır? Ölüm cəzası tətbiq oluna bilərmi? Aydındır ki, müharibə şəraitində qanunlar sərtləşdirilir. Əlbəttə, bu qəbulolunan bir məsələdir. Çünki ən ideal cəmiyyətlərdə belə müharibə vəziyyətində vətənə xəyanət edən müəyyən şəxsiyyətsiz insanlar mövcud olur. Vətənə xəyanət ibrətli şəkildə cəza ilə hətta xalqın gözü qarşısında gerçəkləşməsə, bu kimi hallar daha da arta bilər. Ancaq bu günə kimi görünür ki, hələ buna ehtiyac yoxdur.
Bəs vətənə xəyanət haradan qaynaqlanır? Xainlik nədən irəli gəlir? Bunun səbəbləri müxtəlifdir. Bu davranışın nə üçün meydana çıxdığını sosioloqlar və psixoloqlar dünyada geniş şəkildə tədqiq edir. Bizim təsnif etdiyimiz amillər isə aşağıdakı kimidir;
1. İdeyasızlıq;
2. Maddi düşkünlük;
3. Vətəndaşlıq daşıyan fərqli etnik kimlik;
4. Natamamlıq psixikası;
5. Siyasi ambisiya və s.
Aydındır ki, sosial-ictimai mühit fərdin davranışlarında öz təsirini yüksək həddə göstərir. Ancaq maraqlıdır ki, eyni şəraitdən çıxan insanların heç də hər biri eyni mahiyyətdə olmur. Bunun kifayət qədər irsi səbəbləri də mövcuddur. Xüsusilə vətən xaini kimi ağır suçlarda bu fərqlililik araşırılmağa layiq bir mövzudur. Təsəvvür edin ki, bir insan bir mühitdə boy atır, böyüyür, yaşa dolur, müəyyən ünsiyyət çevrəsi, qohum və qonşuluq münasibətləri, yoldaşlıq və s. kimi əlaqələri mövcud olur, ancaq bir anda bunların üzərindən xətt çəkir. Hər kəsi düşmənə satır. Nəticədə qarşısı alına bilmədikdə böyük fəlakətlərə səbəb olur. Bu necə psixika, necə davranış tərzidir? Bu normallıqdır, yoxsa anormallıq? Bizə belə gəlir ki, əslində bütün cinayətlər anormallıqdır. Çünki norma daxilində olan şəxsiyyət vəhşi üsullara əl ata bilməz. Vətənə xəyanət ilkin olaraq ideyasızlıqdan irəli gəlir. Yəni bu insan üçün böyüdüyü mühitdə heç bir yurd anlayışı, vətən sevdası təbliğ olunmur. Onun əksi təbliğ olunur. Yurdsuzluq, vətənsizlik onun üçün norma sayılır. Harada yaxşı yaşayırsansa, ora sənin üçün vətəndir anlayışı bu kimi şəxslərin ortaq düşüncəsidir. Onun üçün kim olduğu, hansı yerdən olduğu, hansı millətdən olduğu əhəmiyyətsizdir. Vətəni satmağa başlamaq ilk olaraq elə bu düşüncədən irəli gəlir.
Maddiyyata düşkün olan adamlar da vətənə xəyanət etməyə çox yaxındırlar. Onlar pul qazanmaq xətrinə nəinki vətəni, hətta ailəni, ata-ananı, bacı-qardaşı belə hər zaman satmağa hazırdırlar. Təklif olunan müəyyən maddi miqdar dəyərində öz dəyərsiz varlıqlarını satan bu adamlar vətən xaini olmaqda heç bir qəbahət görə bilməzlər.
Vətənə xəyanətin bir səbəbi də eyni vətəndaşlıq daşıyan, ancaq fərqli etnik kimliyi olan insanların düşüncəsindən qaynaqlanır. Tolerantlığın yüksək səviyyədə qüvvədə olduğu ölkələrdə bu kimi amillər meydana çıxır. Hər kəsə məlumdur ki, ölkəmizdə müharibə apardığımız tərəfin millətinə aid olan on minllərlə erməni yaşayır. Təbiidir ki, dövlət nəzarəti xüsusilə bu situasuyada mövcuddur. Ancaq bizim kimi vətəndaşlar da bu istiqamətdə çox diqqətli olmalı, dövlətimizə kömək etməyə çalışmalıyıq.
Psixologiyada natamamlıq psixikası mövcuddur ki, bu kimi insanlar da asanlıqla vətənə xəyanət edə bilər. Bu insanlarda öz millətini sevməmək, başqa millətlərə vurğunluq, daha böyük millətlərin gücünə heyranlıq, onu təqlid etmək, xalq deyimiylə desək “yerişini yamsılamaq” və s. əsas yeri tutur. Misal üçün ifrat rusiyapərəst üçün öz milləti heç bir əhəmiyyət daşımır. Əgər təklif gələrsə, asanlıqla öz vətənini heyran olduğu ölkəyə və onun əlaltılarına peşkəş çəkə bilər. Təbiidir ki, bu kimi düşüncə tərzi daşıyan insanlar da nəzərdə saxlanmalıdır.
Burada qeyd etmək vacibdir ki, bu səbəblərin ən dəhşətlisi siyasi ambisiyalardan doğan xəyanətdir. Bu kimi insanlar bütün siyasi qüvvələrin içində mövcuddur. Burada əsas səbəb iqtidarda və yaxud müxalifətdə olmaq deyil, əsas etibarilə xarici ölkələrdən asılı olmaq və onların siyasi kursunu müxtəlif vasitələrlə ortaya qoymaqdır.Azərbaycan daxilinə yerləşdirilmiş bu qüvvələrə qarşı iqtidarlı-müxalifətli və yaxud bitərəf olaraq hansı düşüncə daşımağımızdan asılı olmayaraq dövlətimizin yanında olmalıyıq. Keçən yazılarımdan birində səsləndirdiyim şüar kimi “Müharibə vəziyyətində hakimiyyət, müxalifət , millət və dövlət birliyi təmin olunmalıdır”. Bu zaman xainləri ortaya çıxarmaq və cəzalandırmaq mümkündür.
Atif İslamzadə, Filologiya üzrə fəlsəfə doktoru
dominant.az