“O məşhur “gey”lər pullu kişilərin qurbanlarıdır”
30-04-2015, 21:02
Hər zaman “övlad tərbiyəni evdən, ailədən, cəmiyyətdən alır”, - deyirik. Bəli, ailədə, evdə normal davranışlarla qarşılaşan uşaq böyüdükcə ailəsinin güzgüsünə çevrilir. Ancaq tərbiyə təkcə ailə ilə məhdudlaşmır. Burada cəmiyyətin, KİV-in, medianın da böyük rolu var. Sosial media xəbərləri, TV proqramları birbaşa uşaqların əxlaqına, psixologiyasına təsir edir.
Şou-biznesdə məşhur olan, cəmiyyət arasında “gey” kimi tanınan şəxslərin üzə çıxarılması, onların evlərinin, avtomobillərinin, var-dövlətinin reklam edilməsi, efirdə meydan sulaması gənclərə “onlar daha yaxşı yaşayır” fikrini aşılayır. Uşağa “baxma”, “etmə”, “olmaz” deməklə onu hərəkətlərinə təsir etmək olar, amma şüuraltında formalaşmış “onlar daha yaxşı yaşayır” fikrini dəyişdirmək mümkün deyil. Az yaşlarında uşağın müəyyən hərəkətlərinin qarşısını almaq mümkün olsa da, böyüyəndə onun homoseksual olmayacağına heç kim zəmanət vermir. Bu fikirlər daha çox oğlan övladı olan anaların ən böyük problemidir. “Oğlumu necə böyüdüm ki, əsl kişi olsun”, “oğlum başımı ucaltmalıdır”, “mənim oğlum adıma layiq olmalıdır”, - düşünən oğlan anaları bəzən övladları ilə necə davranacaqlarını, onları necə tərbiyə edəcəklərini bilmirlər. Yolda, efirdə homoseksualları görən oğlan analarını “Yox, əsla mənim oğlum belə olmamalıdır”, “birdən o da belə olsa?” kimi düşüncələr çox narahat edir.
Ümumiyyətlə, homoseksuallığa meyl nədən qaynaqlanır? Oğlan uşaqlarını necə böyütmək lazımdır ki, əsl kişi kimi formalaşsınlar? Aile.lent.az bununla bağlı mütəxəssislərin fikirlərini öyrənib.
Psixologiya və Konsultasiya Mərkəzinin həkim-psixiatrı Denis Rzayev hesab edir ki, təkcə oğlan uşaqları deyil, eləcə də qız uşaqlarının homoseksuallıq meylləri ailədən qaynaqlanır: “Homoseksualizmin kökləri hələ Ziqmund Freyd tərəfindən araşdırılan mövzulardan biri olmuşdur. Onun nəzəriyyəsinə görə, homoseksualizmin yaranma səbəbi ailədən gəlir. Ailədə dominant rolunda güclü və eyni zamanda oğlu hədsiz dərəcədə sevən ana, zəif xarakterli, iradəsiz atanın olması belə nəticəyə gətirib çıxarır. Belə ki, uşaq ailədə kişi davranışı modelini görmür. Belə hallar atasız böyüyən oğlan uşaqlarında da baş verə bilər”.
Psixiatr bildirir ki, homoseksualizmin yaranma səbəbləri haqqında bir çox nəzəriyyələr mövcuddur. Son yarım əsrdə aparılan araşdırmalar zamanı məlum olub ki, əgər qadın hamiləlik dövründə qızılca və ya suçiçəyi xəstəliyinə yoluxubsa, onda onun hormonlar sistemində ciddi problemi olan uşaq dünyaya gətirməsi riski böyükdür: “Hamiləlik dövründə suçiçəyi və qızılca keçirən qadınlar tərəfindən dünyaya gətirilən oğlan uşaqlarında testestorunun səviyyəsi aşağı miqdarda olur. Bu da qadın təbiətli kişi modelinin ortaya çıxması ilə nəticələnir”.
“Öz cinsinə maraq hələ uşaqlıqda özünü büruzə verə bilər” deyən həkimin sözlərinə görə, öz həmcinslərinə meyl erkən uşaqlıqda başlayarsa, seksopatoloqlar bunu erkən və ya “nüvə” homoseksualizmi adlandırır. Bu hal baş verdiyi zaman 7-8 yaşlı oğlanlar öz həmyaşıdları ilə maraqlanırlar və onların cinsi fantaziyalarında yalnız oğlanlar olur. İllər keçdikcə bu maraq daha da güclənir. Bu tip homoseksuallar heç vaxt qadınlarla ailə qurmur, əgər evlənmə halı baş versə belə, çox az zamanda bilərəkdən səhv etdiklərini etiraf edirlər.
Homoseksualizmin digər növü isə gec yaranan və ya sonradan yaranan formadır: “Belə kişilər əsasən biseksual olurlar. Əksər halda onların diqqətini 25-35 yaşa qədər ancaq qadınlar cəlb edir. Yetkin yaşda cinsi orientasiyanın dəyişməsinin əsas səbəbi ailə daxili problemlər və ya hansısa ətraf psixofaktorun təsir nəticəsidir. Homoseksual orientasiyaya həm də erkən yaşda olarkən baş tutmayan nakam sevgi, sevdiyi qadın tərəfindən gülüş mənbəyinə çevrilmə, rədd cavabı alma də gətirib çıxara bilər”.
Psixiatr məsləhət görür ki, analar gələcəkdə övladlarının homoseksual olmasının qarşısını almaq üçün uşaqla böyük kimi davranmalıdır. Yəni onun hər hansı bir bacarığını tərifləyib göylərə qaldırmamalıdır. Çünki belə olduğu zaman analar övladlarını olduqları çevrədən ayırıb başqa bir əhatəyə salmaq istəyir. Ana elə düşünür ki, istedadlı övladı adi insanlarla ünsiyyət qurmamalıdır. Belə olan halda uşaqlar böyüdükcə özlərinə bənzər insanlarla ünsiyyət qurmağa çalışırlar. Bu da uğursuz nəticələrə gətirib çıxarır: “Uşağınıza istedadlı, bacarıqlı olduğunu başa salmalısınız. Onu sevməlisiniz. Çünki hər şeyin təməlində ailədə olan sevgi durur. Qadın ilk növbədə həyat yoldaşını sevməlidir. Ata da öz növbəsində ananı sevməlidir ki, bu, uşağa örnək olsun. Uşaq ailədə olan sevgini görüb hiss etməlidir”.
Çox zaman belə düşünülür ki, homoseksuallar qadına bənzəyir, qadın kimi davranır, yumşaq, incə hərəkətləri və səs tembrləri ilə fərqlənir. D.Rzayev qeyd edir ki, bu, yanlış fikirdir. Homoseksuallar arasında çox güclü, iradəli, kişi təbiətli şəxslər də var ki, onların belə meyllərinin olması heç kimdə şübhə doğurmur. Lakin müqayisə zamanı homoseksualların daha səliqəli geyindiklərini, öz xarici görünüşlərinə daha diqqətli olduqlarını görmək mümkündür. Homoseksualların əksəriyyəti yaradıcı meyllərə üstünlük verir. Onlara daha yaxın peşə rəssamlıq, dizayn və incəsənət aləmidir.
Qeyd edildiyi kimi, homoseksuallıq çox zaman uşaqlıq yaşlarında özünü büruzə verməyə başlayır. Yəni hər bir valideyn övladına daha çox diqqət yetirsə, onun gələcəkdə necə olacağını başa düşə bilər.
Uşaq psixoloqu Nigar Məmmədovanın sözlərinə görə, bu kimi davranışlar uşağın gələcəkdə homoseksual olacağına işarədir: az yaşlarından (4 yaşdan) haqqını müdafiə etmədə çətinlik, sözünü deməkdən çəkinmək, asılılıq və hirsi cinsiləşdirmək (o, oğlan olduğu üçün daha güclüdür), qız uşaqları ilə dost ola bilməmək, sözlə arxadan vurmaq (dostlarının yanlışını anaya, müəllimə deyən) bir küncə çəkilib tək qalmağa meyl, kişi oyunlarına qatılmamaq, oğlanların belə oyun fəaliyyətlərinə qarşı narahatlıq hissi, özündən kiçiklərlə oynamamaq, qızlarla oynamaq, qız paltarları geyinməyə meyl, yetkin kişilərdən çox qadınlarla birlikdə olmağa üstünlük vermək, kişilərə cinsi maraq göstərmək, ətrafdakılarda “qız kimi” fikri yaratmaq, kişi dostlarına qarşı özünü gücsüz və zəif hiss etmək, davadan qaçmaq, incidilməkdən, yaralanmaqdan qorxmaq, utancaq davranmaq, çox kitab oxumaq, kövrək bir ruha sahib olmaq, romantik olmaq, özünü tənha hiss etmək, qadına xas davranışlar sərgiləmək, özünü bir kişi kimi tam inkişaf etmiş hiss etməmək və s.
Müsahibimiz bildirir ki, müəyyən dövrə qədər homoseksuallıq bir xəstəlik kimi qəbul edilirdi. 1970-ci illərə qədər bu insanlara məcburi psixoloji, tibbi təsirlər edilirdi. 1970-ci illərdən sonra müəyyən edildi ki, bütün homoseksuallar xəstə hesab edilə bilməz. Çünki adamın xəstə olub-olmadığına özü qərar verməlidir. “Mən xəstə deyiləm, homoseksual həyatdan həzz alıram” deyən birinə “xəstə” demək çox böyük səhvdir. Ona “sən müalicə almalısan” deməyə heç kimin haqqı yoxdur. Amma belə bir insan özündə olan bu problemi xəstəlik kimi qəbul edirsə, bu şəxsi narahat edən hisslər zamanla, müalicə ilə aradan qaldırıla bilər. İnsan homoseksuallığı özündə çatışmazlıq və xəstəlik kimi qəbul edirsə, mütləq androloq- seksopatoloqa müraciət etməlidir.
Androloq-seksopatoloq Kamil Baxşıyev deyir ki, kişilər çox zaman belə problemlərlə həkimə müraciət etməyi özlərinə sığışdırmırlar: “Onlar homoseksual olmağı özünə yaraşdırır, ancaq bu problemi aradan qaldırmaq üçün həkimə müraciət etməyi qəbul etmirlər. Elə düşünürlər ki, bu gün bir partnyoru varsa, bu, artıq onun sirridir, həkim bilsə, bu sirr aşkar olacaq. Homoseksualizmin ən çox özünü büruzə verdiyi yaşlar 20-40 yaş arasıdır. Homoseksuallar bu dövrdə qorxu, günahkarlıq, passivlik, boşluq hiss etməklə yanaşı cinsi tələbatın qadınla ödənilmədiyi hissini də yaşayırlar. Bəziləri bu hala boyun əyib, zövq almağa çalışır. Bəziləri isə özünə qapanır. Homoseksuallarda bu, şüuraltı inkişaf edir. Bu, xəstəlik halındadırsa, uşaqlıqdan inkişaf etmir, sonradan yaranır”.
Androloq bildirir ki, homoseksuallığa tam olaraq xəstəlik kimi yanaşmaq düzgün deyil: “Bu, çox zaman psixoloji vəziyyətdən irəli gəlir. İnsan dadmadığı hissləri dadmağa can atır. Bu, əsasən imkanlı insanlarda özünü büruzə verir. Pulu ilə hər şeyi ala bilən kişi, qadınla münasibəti yeknəsəq hesab edib, kişi ilə münasibətə can atır. Bu, psixoloji problemdir. Efirdə gördüyünüz, “gey” kimi tanıdığınız insanlar da pullu kişilərin seçdiyi qurbanlardır.
Bəzən homoseksuallar psixoloji müalicə alıb, başqa mühitdə, başqa həyat yaşaya bilirlər. Yəni ailə qurur, övlad sahibi ola bilirlər. Amma bu, çox nadir hallarda baş verir. Bunun üçün ən başlıcası güclü iradə lazımdır”.
Həkim homoseksuallığın 7 tipi olduğunu qeyd edir: “Həqiqi, yalançı, hərəkətə keçirilməyən, müvəqqəti, vəziyyətlə bağlı, cinsi fantaziyaların hərəkətə keçirildiyi, seks işçiliyi (yəni porno filmlərdə gördüyünüz homoseksualların hamısı homoseksual deyil, onlar üçün bu, bir iş ola bilər) adlanan bu tipləri ilk baxışda fərqləndirmək mümkün deyil. Bunu onlarla söhbət zamanı müəyyən etmək olur. Mənim yanıma adətən sağalmaq üçün deyil, cinsi xəstəliklərdən müalicə edilmək üçün homoseksuallar gəlir. Onlarla da homoseksuallıqdan müalicə almaq barədə soruşmaq həkim peşəkarlığına yaraşmır”.
“Uşaqda homoseksuallıq inkişaf edirsə, bunu hansı əlamətlərlə hiss etmək olar?” sualına androloq-seksopatoloq belə cavab verdi: “Bunu ancaq psixoloji olaraq hiss etmək mümkündür. Bu, elə bir xəstəlik deyil ki, hərarəti qalxsın, öskürsün, qarnı ağrısın. Bunu davranışlardan hiss etmək mümkündür. Buna da analar diqqət etməlidir. Oğlunuzda oğlan uşağına xas olmayan davranışlar müşahidə etdiyiniz halda, onu danlamayın, qışqırmayın, ələ salmayın. Onu psixoloqa aparın. Bu zaman siz övladınızın gələcək həyatını qoruya bilərsiniz”.
Mütəxəssislərin fikrincə, adətən uşaq yaşlarında cinsi zorakılığa, istismara məruz qalmış, döyülən, incidilən, uşaq tələbləri ödənilməyən, ailədə sevgi, qayğı, şəfqət görməyən, valideynləri tərəfindən hər zaman kənarlaşdırılan, ailədə ata-ana arasında hər zaman mübahisə, zorakılıq görən oğlan uşaqları daha çox homoseksuallığa meylli olur. Həmsöhbətlərimiz mənfi nümunələrin də uşaq psixologiyasına təsir etdiyini bildirir. Efirdə, küçədə, hər hansı saytda, jurnalda homoseksualların həyatının işıqlandırılması, onların bəh-bəhlə təriflənməsi oğlan uşaqlarında buna maraq oyadır.
Homoseksuallar da insandır. Bunu heç kim inkar etmir, heç kim də övladını belə vəziyyətdən sığortalamayıb. Amma heç bir normal insan bu halı qəbul etmədiyi və övladının belə vəziyyətə düşməsini istəmədiyi üçün valideynlər oğlan övladları ilə daha diqqətli davranmalıdır. Oğlanların tərbiyəsində kişi nümunəsi əsasən ata olur. Oğlan uşağı atadan nümunə götürür. Ananın da tərbiyədə mühüm rolu var, amma ideal kişi obrazı görməyən oğlanın gələcəkdə ideal kişi olacağına, homoseksual olmayacağına heç kim zəmanət verə bilməz. Odur ki, çalışın ən azından oğlan övladlarınızın gələcəyi xətrinə onların qarşısında ideal kişi, ideal ata olmağı bacarın.