Azərbaycanda korrupsiya, inhisarçılıq, məmur müdaxilələri biznesi boğur - ŞƏRH

1-03-2021, 19:49           
Azərbaycanda korrupsiya, inhisarçılıq, məmur müdaxilələri biznesi boğur - ŞƏRH
"Bir araşdırma çərçivəsində Azərbaycan banklarında biznes kreditləri ilə bağlı məlumat toplayırdım. Kreditlər 14-18arası təklif olunur, əlavə xərclər də var. Ölkədə Mərkəzi Bankın uçot dərəcəsi 6,25 faizdir, dünyanın hər yerində MB-lərin uçot dərəcəsi ilə kredit faizləri arasında birbaşa bağlılıq olur, ciddi korelyasiya görülür. Dünyanın heç yerində uçot dərəcəsi ilə biznes krediti arasında 3 dəfəyə yaxın fərq olmur, bu mümkün deyil".

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, bizdə ya MB mənasız işlə məşğuldur, ya da MB-nin iqtisadiyyata təsirləri yox dərəcəsindədir:

“Bir anlıq təsəvvür edin ki, mən kiçik (orta) sahibkaram, məsələn, çayçılıqla məşğul olmaq istəyirəm. Gedirəm Banka, mənə maksimum 3 illik 15 faizlə biznes krediti təklif olunur. Mən o krediti götürüb çay kolları əkməyə başlayıram, ilk məhsulu 6 ildən sonra götürəcəm, amma elə ilk 3 ildəcə götürdüyüm 50 min (məsələn) kreditin yarısı qədər kredit faizi ödəməliyəm, sonra isə yenə 3 illik kredit götürməliyəm ki, kollara qulluq edim, anbarlar hazırlayım, avadanlıqlar alım. Həmin bank mənə yenə 3 illik 15%-lə kredit verir, yenə 50 min götürməliyəm, ilk məhsulun alındığı ilə, yəni 6 ilin tamamına mən 100 min kredit, 100 minə yaxın da faiz qaytarmalıyam. Belə biznes qurmaq isə mümkün deyil. Yəni 6 ilə kolların böyüməsi, məhsul verməsinə qədər 200 min ziyandayam, mən nə qədər qazanmalıyam ki, ziyanı da ödəyim, pul da qazanım?! Bu bir qırağa, 6 il kollar böyüyənə qədər mən o krediti, faizlərini necə qaytarmalıyam?!

Eyni yanaşma, amma fərqli müddətlər bağçılığa, heyvandarlığa, süd məhsulları istehsalına, balıq təsərrüfatlarına da aiddir”.

Ekspert vurğulayıb ki, korrupsiya, inhisarçılıq, məmur müdaxilələri ilə yanaşı, kredit faizləri də bizdə biznesi boğan, inkişaf etməyə imkan verməyən səbəbdir:

“2019-cu ildə bir tanışım Almaniyada işini böyütmək üçün Bankların birinə müraciət edərək biznes-plan təqdim etmişdi. Plana görə adam əlavə 10 iş yeri açmalı idi, Bank özü biznes-planı pulsuz təkmilləşdirir, ilk ili faizsiz, növbəti 2 ili isə hər ilə cəmi 1,5 faizlə kredit müqaviləsi təklif edir. 3 illik kredit, ortalama ilə 1 faizlə müqavilə bağlanılır. Keçən il pandemiyaya görə bank özü faizsiz müddəti daha 1 il (bu il üçün) uzadıb, qaytarılma müddətini isə 4 ilə qaldırıb, yəni 2 il faizsiz, 2 il kiçicik faizlə kredit müqaviləsi yenilənib və bu təklif bankın özündən gəlib.

Daha bir məsələ odur ki, Azərbaycanda bütün iqtisadi nəzəriyyələrin anasını ağladan Mərkəzi Bank və hökumət var: Nəzəriyyəyə görə hansısa ölkədə Mərkəzi Bankın uçot dərəcəsi 6,25%, biznes kreditlərinin faizi 15-18%, istehlak kreditlərinin faizi isə 20-30% arası olub da, rəsmi inflyasiya 3,3% ola bilməz! Bu mümkün deyil, deməli, ya statistika yanlışdır, ya da sistem eybəcər çalışır, ya da məmləkətdə hər iki problem var”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.