Alimpaşa Məmmədovdan nə xəbər var? - Şəmkir İcra Hakimiyyətindən AÇIQLAMA
27-04-2021, 11:12
“Şəmkir rayon İcra Hakimiyyətində adi iş günüdür, əməkdaşlar işinin başındadır”.
Bunu Modern.az-a açıqlamasında rayonun İnformasiya təminatı və təhlili sektorunun müdiri Natiq Qələndərov bildirib.
“Bəs Alimpaşa Məmmədov da işdədirmi” sualına, hüquq-mühafizə orqanları tərəfindən rayon İcra Hakimiyyətində keçirilmiş əməliyyata gəlincə, N.Qələndorov əməliyyat keçirildiyini təkzib etməyib.
Bununla belə, məsələ ilə bağlı informasiya vermək səlahiyyətinin olmadığını da deyib:
“Mənim bununla bağlı məlumat vermək səlahiyyətim yoxdur. Yaxşı olar ki, hüquq-mühafizə orqanlarına müraciət edəsiniz”.
Qeyri-rəsmi məlumatlara görə, dünən Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Əməliyyat nəticəsində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun, başçının birinci müavini Qüdrət Əliyevin, Təhsil şöbəsinin müdiri Qüdrət Əliyevin, baş memar İlqar Quliyevin, Şəmkir şəhər icra nümayəndəsi Pərviz İbrahimovun və Mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyevin saxlanıldığı bildirilir.
Xatırladaq ki, Alimpaşa Məmmədov əvvəllər Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Prezidentinin 8 oktyabr 2014-cü il tarixli sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.