DİM-dən deputatın ittihamlarına cavab: - “...Suallar sadələşdirilib”

4-05-2021, 18:13           
DİM-dən deputatın ittihamlarına cavab: -
Bu gün Milli Məclisin iclasında millət vəkili Azər Badamov Dövlət İmtahan Mərkəzinin (DİM) buraxılış imtahanları üçün tərtib etdiyi sualların çətin olmasından danışıb. Deputat qeyd edib ki, bəzi suallar ali məktəbə qəbul imtahanları səviyyəsində qoyulur.
“Təklif edirəm ki, buraxılış imtahanları yenidən keçirilsin və ya qiymətləndirmə sistemində fərqli yanaşma tətbiq edilsin”.

Millət vəkilinin səsləndirdiyi iddialarla bağlı “Sherg.az”a danışan DİM-in mətbuat xidmətinin rəisi Xanlar Xanlarzadə bildirib ki, mərkəz tərəfindən pandemiya şəraitinin yaratdığı çətinliklər nəzərə alınaraq imtahan proqramları bu il daha da sadələşdirilib:

“DİM tərəfindən keçirilən buraxılış (qəbul) imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır: Bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış qəbul proqramlarıdır. Builki imtahan proqramları sadələşdirilib. Hər kəs “Abituriyent” jurnalının müvafiq buraxılışlarına baxaraq bunun şahidi ola bilər.

2021-ci ildə keçirilən buraxılış imtahanlarında istifadə edilən tapşırıqların da hamısı əvvəlcədən dərc olunan imtahan proqramlarına əsaslanır. Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik şagirdləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. Bütün istiqamətlər üzrə keçirilən imtahanlarda bu bölgü dəyişmir.

80 mindən artıq şagird bu imtahanlarda iştirak edib. Hələlik nəticələr də bəlli deyil və materialların emalı prosesi üzərində iş gedir. Dünən hansı imtahan nəticələrinin nə vaxt elan olunacağı barədə məlumat da vermişik”.

X.Xanlarzadə qeyd edib ki, imtahan nəticələrinin elmi-statistik təhlili aparılmadan onun mürəkkəbliyi haqqında hər hansı fikir söyləmək doğru deyil:

“İmtahanlardan sonra bəzən onun çətinliyi haqqında fikirlərə rast gəlinir. Bu da gözləniləndir. İmtahanlarda müxtəlif hazırlıq səviyyələrinə malik uşaqlar iştirak edirlər.

Lakin nəzərə almaq lazımdır ki, hər il DİM tərəfindən imtahan nəticələrinin elmi-statistik təhlili aparılır və dərc olunaraq ictimaiyyətə təqdim olunur. Bu elmi-riyazi təhlillər göstərir ki, imtahanlarda istifadə olunan test tapşırıqlarının mürəkkəblik dərəcəsi iştirakçıların bilik səviyyələrinə uyğundur.

Hətta pandemiya olmasına baxmayaraq ötən ilin imtahan nəticələrini daha əvvəlki illərin nəticələri ilə müqayisə etdikdə belə görürük ki, nəticələr arasında ciddi fərq yoxdur. Bu fərq məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmayıb.

Bu, onu göstərir ki, DİM tərəfindən imtahanlarda təqdim olunan tapşırıqlar iştirakçıların hazırlıq səviyyələrinə uyğun formada hazırlanır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.