Türkiyədə terror şoku – Azərbaycan da təhdid altında?
19-02-2016, 09:31
"rdoğanın Bakı səfərini əngəlləyən müdhiş olayın pərdəarxası; Onlarla insanın ölümünə gətirən faciədə Rusiya izi də istisna edilmir; Türkiyə terror havadarlarına xəbərdarlıq elədi; Azərbaycan prezidenti İlham Əliyev “Yanınızdayıq” dedi; təhlükəsizlik eksperti: “Terroru Bakının özündə törədə bilərdilər....”
Fevralın 17-də axşam saatlarında Türkiyənin paytaxtı Ankarada son 4 ayda ikinci böyük terror hadisəsi törədildi. Baş verən faciə qardaş ölkə ilə yanaşı, dünyanı silkələdi. 29 nəfərin öldüyü, 60-nın isə yaralandığı hadisədən Azərbaycan da ciddi şəkildə sarsıldı. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının terrorla bağlı yaydığı məlumatdan aydın olur ki, hadisə İnönü bulvarı yaxınlığında Silahlı Qüvvələrin heyətini daşıyan avtobuslar işıqforda dayanarkən baş verib. Terror hadisəsi anbaan təhlükəsizlik kameralarına düşüb.
Əslində qalsa, terrordan bir qədər öncə həyəcanlı xəbərlər türk mətbuatında dərc olunurdu. Mətbuat yazırdı ki, Suriyadan Türkiyəyə hava limanlarında bombalı qətliamlar törətmək üçün 14 “canlı bomba” keçib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hadisəyə münasibəti gözlənildiyi kimi sərt olub: “Türkiyənin terrorla mübarizəsində verdiyimiz itkilərin artması millət olaraq ürəyimizi yaralayır, səbrimizi tükədir. Əxlaqi və insani anlayışı olmayan bu hücumları reallaşdıran ”oyuncaqlarla" və onların arxasındakı güclərlə mübarizəmizi hər gün daha qərarlı bir şəkildə davam etdirəcəyik. Birliyimizə, bərabərliyimizə, gələcəyimizə qarşı sərhədlərimizdən kənarda və ya daxildə baş verən hücumlara misli ilə cavab verəcəyik. Türkiyə özünümüdafiə haqqından hər zaman, hər yerdə və hər vəziyyətdə istifadə edəcək".
Qeyd edək ki, ötən il oktyabrın 10-da baş verən ilk Ankara terroru ilə indiki arasındakı versiyalarda ciddi fərqlər var. Əgər o zaman hadisədə daha çox PKK izi axtarılırdısa, indi tamam fərqli situasiyadır. Hadisənin Türkiyə prezidentinin Azərbaycana, eləcə də baş nazir Əhməd Davudoğlunun Brüsselə səfəri ərəfəsində baş verməsi faciə ətrafında iddiaların çoxalmasına səbəb oldu. Qardaş ölkənin böyük güclərin təhdidi altında olduğu heç kəsə sirr deyil.
Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın ölkə dünyada yoxdur. Fevralın 18-də Gəncədə Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcəkdi. Bu görüş daha çox rus mediasının gündəmində idi. Çünki hər iki dövlət başçısının görüşündə əsas müzakirənin Türkiyə-Rusiya münasibətləri olacağı heç kəsə sirr deyildi. Görüş baş tutardısa, sonda Azərbaycanın Rusiya ilə münasibətlərdə qardaş ölkənin tərəfində olması ilə bağlı açıq mövqeyi də gözlənilən idi. Eləcə də, Davudoğlunun Avropa İttifaqına üzv 11 ölkənin dövlət və hökumət başçılarının fevralın 18-də Brüsseldə keçirilməsi nəzərdə tutulan miqrasiya və Suriyadakı vəziyyətlə bağlı görüşünü də unutmaq olmaz. Bu görüşdə də Suriyanın fonunda Rusiya məsələsinin müzakirə ediləcəyi şübhəsiz idi.
Faciə ilə bağlı hər iki səfər təxirə salındı. Xəbər verildiyi kimi, Türkiyənin dövlət başçısı Azərbaycan prezidentinə zəng edərək, terror aktına görə səfəri başqa vaxta təxirə saldığını bildirib. Bu amillərə görə qanlı Ankara olayında Rusiya izi axtaranlar çoxluq təşkil edir. Xüsusilə hadisəni törədən şəxsin kürd əsilli suriyalı Salih Necar olması, bu hadisədən Rusiyanın xəbərinin olması versiyalarının artmasına səbəb olub. Terrorçunun PKK-nın Suriya qolu olan YPG-nin üzvü olduğu qeyd edilir.
Kürdlərin Suriyadakı qoluna zaman-zaman Rusiyanın dəstək verməsi ilə bağlı mətbuatda xəbərlər gedib. Hətta kürdlərə təlim keçən rus təlimatçılarının olduğu barədə iddialar da var idi. Ankara terrorunun timsalında bu versiyaların ortaya atılması heç də təsadüfi deyil. Doğrudur, Rusiya rəhbərliyi hadisədən dərhal sonra Ankara terrorunu qınayan açıqlamalar verdi. Amma bu heç nəyi dəyişmədi.
Ankara hadisəsinin baş verdiyi günlə bağlı daha bir diqqətçəkən nüans var. Belə ki, 17 fevral Türkiyədə Hərbi Təyyarəçilər Günü kimi qeyd olunur. Məhz bu gündə faciənin törədilməsi, özü də hərbiçilərin olduğu avtomobillərin partladılması, hadisədə Rusiya amilinin rol oynadığı ehtimallarını gücləndirir. Əksər ekspertlər 17 fevralla ötən il Türkiyə tərəfdən vurulan Rusiyaya məxsus “Su-24" təyyarəsinin vurulduğu 24 noyabr gününü müqayisə edirlər. Buradan çıxış edərək, Rusiyanın məhz 17 fevralda Türkiyədən qısas aldığı deyilir.
Sabiq MTN-çi, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Ankara faciəsinin Ərdoğan və Davudoğlunun dövlət səfərləri ərəfəsinə təsadüf etməsinə belə aydınlıq gətirdi: “Türkiyə dinamik ölkədir. Burada təsadüfi heç nə yoxdur. Hər hansı iz axtarmaq mümkündür. Türkiyə rəhbərliyinin daim intensiv səfərləri olur. Hadisənin Türkiyə Böyük Millət Məclisinə, xüsusilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına yaxın yerdə iş saatından sonra baş verməsi düşünülmüş addımlardır. Əsas mesaj ondan ibarətdir ki, biz Türkiyəni onun mərkəzində vurmağa qadirik. Türkiyənin baş naziri açıq şəkildə əllərində faktların olduğunu bildirdi. Hadisəni törədən terrorçunun Suriya və Türkiyədəki kürd təşkilatları ilə bağlığının olduğunu, faciəni PKK və YPG-nin birlikdə təşkil etdiyini Davudoğlu qeyd etdi. Hər bir terror aktının sifarişçisi olur. Hələ ki icraçılar səviyyəsində terror məsələsinə aydınlıq gətirilir. Təşkilatçılar haqqında hələ ki əlimizdə bir bilgi yoxdur. Türkiyə ilə YPG-ni dəstəkləyən ölkələr arasındakı münasibətlərdə yeni mərhələnin başlandığını düşünürəm. Davudoğlu bildirdi ki, xarici işlər nazirinə göstəriş verəcək - YPG ilə bağlı bütün faktları dünya dövlətlərinə göndərməklə bağlı. Türkiyənin baş naziri konkret bəzi ölkələrin adını çəkərək, Suriyanın Ankara faciəsində birbaşa məsuliyyət daşıdığını bildirdi. Rusiyanın adını çəkərək, YPG-nin Rusiyada nümayəndəlik açmasına icazə verdiyini vurğuladı. Baş nazir ABŞ-a da mesaj verərək, YPG-yə münasibətinin dəyişməyəcəyi təqdirdə Türkiyə kimi müttəfiqini itirəcəyinin anonsunu verdi. Çox ciddi bir hadisənin baş verdiyini düşünürəm. Fürsətdən istifadə edib, Türkiyəyə, ölənlərin yaxınlarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.
S.Əkbər hadisədə Rusiya amilinin olması barədə iddialara da aydınlıq gətirdi: “Versiyalar ola bilər. Bununla bağlı mənim də düşüncələrim var. PKK-nı yaradan Rusiya xüsusi xidmət orqanları olub. İŞİD-i idarə edənlər də Səddam Hüseynin generallarıdır. Bu, konkret hadisədir. İstintaq bütün faktları ortaya çıxarmalıdır. İstintaq ictimaiyyət üçün açıqlana da bilər, açıqlanmaya da. Ola bilsin ki, terrorun arxasında duran ölkə məlum olsun, lakin adı açıqlanmasın”.
Politoloq Ərəstun Oruclu bu terror aktının Türkiyəyə ciddi xəbərdarlıq olduğunu qeyd etdi: “Türkiyənin nüfuzunun güclənməsi, son proseslərdə Qərb tərəfindən dəstəklənməsi onu istəməyənlər üçün ciddi narahatlıq doğururdu. İlham Əliyevin London səfəri və Suriya konfransındakı iştirakından sonra Azərbaycana qarşı açıq və gizli təhdidlər gördük. Araz Əzimovun məlum müsahibəsinin hansı effektləri doğurduğunu gördük. Türkiyə Suriya və digər məsələlərdə qəti addımlar atacaqdı və bu addımların qarşısında olacaq maneələri görürdü. Belə bir vəziyyətdə terror aktının baş verməsi ciddi xəbərdarlıqdır. Türkiyə rəhbərliyinin səfərləri təxirə salmaları da təsadüf deyil. Çünki Türkiyədə terror birinci dəfə deyil.
Ərdoğan və Davudoğlu olmasaydı belə, terrorun fəsadları aradan qaldırılacaqdı. Bu, siyasi mesaj olduğundan səfərlər təxirə salındı. Əgər səfərlər təxirə salınmasaydı, Brüsseli demirəm, amma Türkiyə-Azərbaycan yaxınlığını istəməyənlər növbəti terroru Bakının özündə törədə bilərdilər. Açığı, konkret ad çəkmək istəməzdim. Faktlar olmadığı yerdə hansısa dövləti terrorçuluqda ittiham edə bilmərəm. Terrorçunun YPG-dən olmasının özü də ciddi mesajdır. Terrorçunun hansı quruma aid olması texniki məsələdir. Əsas sifarişçinin kim olmasıdır. Ciddi mesajdır ki, Türkiyənin Suriyada və daxilində kürdləri zərərsizləşdirməsi, qonşuluğunda separatçı dövlətin yaranmasına mane olması baha başa gələcək. Çox mürəkkəb situasiyadır. Türkiyənin Suriyaya girməsində, özünə müttəfiqlər toplamasında maraqlı olmayan dövlətlərin bu terror hadisəsində maraqlı tərəf olduqlarını açıq görürəm”.
***
Türkiyə tərəfinin əvvəlcədən belə təhlükə ilə üzləşə biləcəyini ehtimal etdiyini desək, yanılmarıq. Belə ki, prezident Ərdoğanın Azərbaycana səfərinə birbaşa Gəncədən başlayacağı deyilsə də, qəflətən Türkiyə rəhbərinin təyyarəsinin paytaxta enəcəyi barədə xəbərlərin yayılması bir sıra suallar yaratmışdı. Doğrudur, Türkiyə tərəf bunu dumanlı hava şəraiti ilə əlaqələndirmişdi. Amma sonradan bəzi ehtimallar ortaya çıxdı. Gəncənin işğal zonaları ilə həmsərhəd olduğu, işğal altındakı yüksəkliklərdən şəhərin aydın şəkildə göründüyü, qisas eşqi ilə alışıb-yanan Rusiyanın “erməni kartı”ndan istifadə edib, hər hansı bir hadisə törədə biləcəyi ehtimal olundu. Məhz bu səbəbdən Türkiyə prezidentinin səfərini Gəncəyə yox, Bakıya planlaşdırdığı deyildi.
Qeyd edək ki, terror aktının baş verdiyi andan etibarən dünya ölkələrinin əksəriyyəti Türkiyəyə başsağlığı verərək, dəstək nümayiş etdirirlər. Azərbaycan prezidenti İlham Əliyev həmkarına göndərdiyi başsağlığında baş verən hadisədən kədərləndiyini bildirib: “Ankara şəhərində törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi. Biz bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu amansız hadisə terrorizmə qarşı hamılıqla mübarizənin zəruriliyini bir daha təsdiq edir. Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Azərbaycan xalqı həmişə olduğu kimi Türkiyə xalqının yanındadır”.
Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və digər böyük dövlətlərin başçıları Türkiyə prezidentinə verdikləri başsağlığında türk xalqının yanında olduqlarını bildiriblər.
NATO-da Ankara terrorunu kəskin şəkildə qınayıb. Qurumun baş katibi Yens Stoltenberq bildirib ki, NATO terrorla mübarizədə Türkiyə ilə çiyin-çiyinədir.
***
Onu da qeyd edək ki, dünən - fevralın 18-də Türkiyədə növbəti terror hadisəsi törədilib. Bu dəfə hədəf Diyarbəkir vilayəti seçilib. Hərbi maşın yolu keçərkən partlayış törədilib. Nəticədə 5 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb.
Ankara faciəsindən bir gün sonra Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargahındakı çıxışında cinayətin ucunun xaricdə olduğunu istisna etmədikləri barədə sərt mesajlar verib: “Zəncir sökülməyə başlayıb. 14 nəfər tutulub. Mənim qənaətimə görə, onların sayı 14-dən çoxdur. Çünki bu cinayətin bir ucunun xaricdə olduğu istisna deyil. Son zamanlar Türkiyədə keçirdiyimiz antiterror əməliyyatları nəticəsini verməkdədir. İstər PKK, istərsə də PYD bu terrorla əlaqələrinin olmadığını söyləsələr də, Daxili İşlər Nazirliyi və təhlükəsizlik orqanlarının əldə etdiyi məlumatlara əsasən, cinayəti onların törətdiyi aşkarlanıb".
Ərdoğanın Azərbaycana səfəri təxirə salınsa da, fevralın 18-də Azərbaycan prezidenti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Görüşdə Ankara faciəsi əsas müzakirə mövzusu olub. Azərbaycan prezidenti bir daha öz dəstəyini qardaş ölkənin təmsilçisinə çatdırıb. İ.Əliyev tezliklə Ərdoğanın təxirə salınan səfərinin gerçəkləşəcəyinə də əminlik ifadə edib.musavat.com/