Zakir Fərəcov şagirdi döydüyünə görə işdən çıxarılan müəllimi “mükafatlandırdı”
19-02-2016, 16:26
Bir müddət öncə Sumqayıt şəhəri 22 saylı məktəbdə şagirdi döydüyünə görə işdən çıxarılan tarix müəllimi İdris Hüseynovla bağlı yeni xəbər var. Xatırladaq ki, ötən ay yaşanan bu hadisədən sonra müəllimin bu hərəkətləri qınayanlarla yanaşı, onu tərbiyəsiz şagirdi döydüyünə görə müdafiə edənlər də olmuşdu.
teref.az modern.az-a istinadən xəbər verir ki, ötən ay müəllimlikdən azad edil İdris Hüseynov bu günlərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qəbuluna düşüb. Keçmiş müəllimi qəbul edən icra başçısı onun hadisə barədə dediklərini dinləyib, məsələni araşdırıb və işlə təmin edib.
Modern.az-a açıqlamasında İdris Hüseynov faktı təsdiqləyib.
“O hadisə baş verəndən 4-5 gün sonra icra başçısı Zakir Fərəcovun qəbuluna çağrıldığımı dedilər. Düşündüm ki, son baş verən hadisələr fonunda orada da mənə nəsə deyəcəklər. Lakin düşündüyüm mənzərə ilə qarşılaşmadım. İcra başçısı məni dinlədi, məsələ ilə bağlı əsl həqiqəti öyrəndi və sonra işlə təmin etdi. Allah ona cansağlığı versin. Çoxları kimi, Zakir müəllim də mənim tərəfimdə durdu və ilin-günün bu vaxtında işsiz qalmamağıma səbəb oldu. Baxmayın, mənim yaşda insanlara iş tapmaq çox çətindir. Zakir Fərəcov mənə ikinci həyat bəxş etdi”.
İ.Hüseynov hazırda Sumqayıt Şəhər Kommunal Təsərrüfat İdarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müəhəndis işlədiyini qeyd edib.
“Hal-hazırda işdəyəm, işimdən razıyam, gözəl kollektivlə işləyirəm. Yəni ciddi problemim yoxdur. Sadəcə, sarsıntılar keçirmişdim, əsəblərim korlanmışdı. Onlar da yavaş-yavaş bərpa olunur”.
Keçmiş müəllim iddia edir ki, hadisələrin belə məcrada davam etməsində kimlərsə maraqlı olub.
“Hansı müəllim durduğu yerdə heç nədən uşaq vura bilər? Müəllimin əsəblərini tarıma çəkəndə belə olur. Həmin vaxtı da nadinc uşağa hirslənmişdim ki, “daha bəsdir, məni boğaza yığdın”. Bəziləri çıxıb televiyada nə gəldi danışırlar. Bu hadisənin üzərindən 1 ay keçib, amma yenə də məndən əl çəkmirlər. Bu günə qədər şifahi xəbərdarlığım olmayıb. Amma durub birdən-birə işdən azad edirlər. Bu nə dərəcədə düzgündür? Yatsam yuxuma girməzdi ki, başıma belə hadisə gələr.
O hadisənin videosunu çəkən uşaq kimin sifarişini yerinə yetirib, videolenti sonra aparım kimə verib, bunları araşdırmaq lazımdır. Mən araşdırmışam, amma belə bir söz var: “İmam bir yana, güman bir yana”. Əlimdə tutarlı dəlilim yoxdur, heç kim də boynuna almır. İndi işlədiyim üçün vaxtım da yoxdur ki, bu işin üstünə düşüm”.