Azərbaycanı gözləyən təhlükə: - “Qiymət “şarı” partlayarsa...”
12-01-2022, 17:30
Dünya İqtisadi Forumunun "2022 Qlobal Risk Hesabat"ı dərc olunub.
Hesabatda qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatını gözləyən risklər də göstərilib.
Həmin risklərin sırasında təbii ehtiyatlar böhranları, böyük iqtisadiyyatlarda aktiv "köpüyü"nün partlaması, böyük iqtisadiyyatlarda borc böhranları, iqlim fəaliyyətində uğursuzluq, insan tərəfindən ekoloji zərər və yoluxucu xəstəliklər yer alıb. Bu gün Azərbaycan iqtisadiyyatında hesabatda öz əksini tapan risklərlərdən hansı daha realdır və həmin risklərinin hansı daha təhlükəlidir? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, qlobal təhlükə bu gün də mövcud olan resurs iqtisadiyyatının olmasıdır:
“Yəni Azərbaycanın resurslardan kəskin şəkildə asılı olmasıdır. Resurs iqtisadiyyatından bu qədər asılılıq dünyada nadir ölkələrdə görünüb. Yəni xarici ticarətin 90 faizi, büdcənin formalaşmasının 60-65 faizi birbaşa və dolayı resurslara bağlı olursa, bu, ciddi təhlükədir. Həmin təhlükə bugünün, dünənin təhlükəsi deyil, uzun illərdir davam edir. Dünyada proseslərin indiki gedişində resursların qiymətinin artması Azərbaycana müəyyən üstünlük verirsə, bunun əks istiqamətdə də inkişafını gözləmək olar. Yəni elə bir dövrə qədəm qoya bilərik ki, resurs iqtisadiyyatları tamamilə bu resurların qiymətinin yenidən aşağı düşməsi nəticəsində daha böyük dalğalanmalar yaşaya bilər. Dünyada “yaşıl enerji”yə keçidin sürətini və bununla bağlı ölkələrin ardıcıl olaraq qərarlar verməsini nəzərə alsaq, bir müddətdən sonra ən azından neft qiymətlərində yenidən aşağıya doğru ciddi dalğalanmalar ola bilər. Bu da Azərbaycan iqtisadiyyatı üçün ən böyük təhdiddir”.
Ekspertin fikrincə, ikinci böyük problem qlobal bazarlarda qiymət “şarları”nın yaranmasıdır: “Bu qiymət “şarlarının” partlaması dalağavari şəkildə Azərbaycana da təsir göstərəcək. Çünki Azərbaycan ixracatının sütununu təşkil edən xam neftdə o “şarların” formalaşmasından öz payını alıb. Dünyada iki ildir ki, pandemiya davam edir, çox böyük logistik və digər problemlər, qapanmalar var. Ancaq neftin qiyməti bu gün 85 dollardır. Bu da qeyri-məntiqi görünür və həmin “şarların” yaranması ilə əlaqədardır. Sabah o “şarlar” partlayanda, daha sıx pul siyasəti yeridilməyə başlayanda, dünyada likvidlik azalacaq. Bundan neft qiymətləri öz payını ala bilər və neft qiymətlərində ucuzlaşama dalğaları yaşaya bilərik. Bu isə Azərbaycan iqtisadiyyatı üçün ən böyük təhdiddir”.