Omicron: simptomlar, gücləndirici vaksin 6 suala cavabda
13-01-2022, 08:17

Azərbaycanda 12 nəfərdən götürülən nümunədə Covid-19 xəstəliyini törədən koronavirusun Omicron ştammının olduğu təsdiqlənib.
BBC News Azərbaycanca Cənubi Afrika ölkələrində aşkar edilən virusun bu variantı barədə əsas məlumatları bir araya gətirib.
Koronavirusun Omicron ştammı nədir?
Bütün viruslar daim mutasiyaya uğrayır və bunun nəticəsində onun yeni variantlar və ya ştammları əmələ gəlir.
Bunlardan bəziləri xəstəliyin gedişatı baxımından virusu daha təhlükəli edə bilər. Digər mutasiyalar isə onun asanlıqla yayılmasına səbəb olur.
Bu dəyişkənliyin çoxu, əsasən, əksər peyvəndlərin hədəflədiyi koronavirusdakı sünbül zülalı ilə əlaqədardır.
Omicron ştammı ilk dəfə Botsvana və Cənubi Afrikada aşkar edilib. Dekabrın sonuna olan məlumata görə, o, dünyanın 110 ölkəsində müəyyən edilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, Avropanın yarısı altı-səkkiz həftə içində Covid-19-un Omicron variantına yoluxacaq.
Omicron variantına yoluxma bir çox insanda boğaz ağrısı, burun axması və baş ağrısı kimi ümumi soyuqdəyməyə bənzər simptomlarla müşayiət olunur
Yoluxma simptomları hansılardır?
Omicron variantına yoluxma bir çox insanda boğaz ağrısı, burun axması və baş ağrısı kimi ümumi soyuqdəyməyə bənzər simptomlarla müşayiət olunur.
Hərçənd ki, Covid-19-un əvvəlki variantlarına aid olan dad və ya qoxubilmə hissinin yoxa çıxması, öskürək və qızdırma kimi simptomlar hələ də yoluxmanın üç rəsmi əlamətı sayılır.
Əgər yoluxdunuzu düşünürsünüzsə, testdən keçmək vacibdir. Çünki simptomları çox zəif olan və ya heç olmayan insanlar belə koronavirusu başqalarına ötürə bilərlər.
Covid-19-dan sonrakı immuniteti effektivdirmi?
Xəstəliyi keçirmiş insanların immun reaksiyası yeni ştammdan müdafiə edir. Lakin bir müddət sonra onun qoruma qabiliyyəti azala bilər.
Bu arada koronavirus infeksiyasına qarşı ən yüksək müdafiəni peyvənddən sonra yaranan anticisimlər verir.
Azərbaycanın səhiyyə rəsmiləri bunun üçün ikinci dozadan və yaxud da xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra bədənin anticisimlərini yenidən artırmaq üçün gücləndirici (buster) dozanın alınmasını tövsiyə edirlər.
Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin araşdırması göstərir ki, vaksinin buster dozası Omicron-a görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır.
Özünüzü qorumağın başqa yollarını da unutmayın, səhiyyə işçiləri xatırladır. Yəni, ehtiyat tədbirlərinə əməl edilməlidir: sosial məsafəni qoruyun, insanların sıx olduğu yerdə maska taxın, əllərinizi tez-tez yuyun, havalandırmanı yaxşılaşdırmaq üçün pəncərələri açın və s.
Omicron variantının yayılmasına görə hava limanlarında giriş-çıxış dair şərtlər sərtləşdirilib.
Təkrar yoluxma ehtimalı varmı?
ÜST bildirir ki, Omicron ştammı təkrar yoluxma riskini artırır.
Omicron əvvəlki yoluxma və ya iki peyvənd dozasından sonra yaranan immunitetin müdafiəsindən nisbətən asanlıqla yayına bilər. Belə nəticəyə London İmperial Kollecinin tədqiqatçıları da gəliblər.
Onların araşdırmasının ilkin nəticələrinə əsasən, Deltan-ı keçirəndən sonra yaranan immunitet 6 ay ərzində təkrar yoluxmadan 85 faizlik qorunmanı təmin edirsə, Omicron variantında bu göstərici cəmi 19 faiz təşkil edir.
Məndə olan Omicron variantıdırmı?
Şübhəli yoluxma hadisəsindən sonra sual yanana bilər ki, xəstəliyə səbəb olan virusun Omicron variantıdırmı. Bunu müəyyən etmək üçün genetik analiz tələb edilir.
Laboratoriyaya göndərilən testin nəticələri koronavirusun növünü təsdiqləyə bilər.
Çevik testlər isə yalnız bədəndə virusun olub-olmadığını göstərir.
Omicron daha ağır xəstəliyə səbəb olurmu?
Bu suala hələ də qəti cavab yoxdur, lakin ilkin məlumatlar əks istiqamətə işarə edir: Omicron ştammına yoluxanlar, xüsusilə də peyvənd olunmuşlar xəstəliyi daha yüngül keçirirlər.
Bunu təkcə Cənubi Afrika tədqiqatları deyil, həm də bir sıra digər araşdırmalar təsbit edir - baxmayaraq ki, onlar hələ çox genişmiqyaslı deyil.
İngiltərə və Şotlandiyada statistik məlumatları təhlil edən alimlər belə qənaətə gəliblər ki, Delta-dan fərqli olaraq, Omicron-la xəstəxanaya düşənlərin sayı təxminən 2-3 dəfə daha azdır. Əhalisi daha gənc olan Cənubi Afrikada bu rəqəm 3-5 dəfəyə çatır.
Hərçənd ki, ÜST "Omicron" variantını "yüngül" adlandırmaqdan çəkinməyə çağırıb. Təşkilatın rəhbəri Tedros Adhanom Ghebreyesus deyir ki, Omicron Delta ilə müqayisədə daha az ağır görünsə də, bu onun "yünğül xəstəlik" kateqoriyasına aid edilməsi demək deyil.