Putinin Azərbaycan ssenarisi işə düşür

10-05-2015, 18:27           

Rusiya Təhlükəsizlik Şurasının katibi, ordu generalı Nikolay Patruşev sabah Bakıya səfərə gəlir.

Rusiya Təhlükəsizlik Şurasından yayılan rəsmi açıqlamaya əsasən səfər zamanı Partruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşəcək. Regional və beynəlxalq təhlükəsizliyə geniş spektrdə məsələlər müzakirə olunacaq.

N.Patruşevin prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi hələlik anons olunmayıb. Bununla belə Azərbaycan dövlət başçısının da yüksək vəzifəli rusiyalı rəsmi ilə görüşəcəyi təxmin edilir.

Bəs Patruşev hansı missiya ilə gəlir? Onun Bakıya səfərinin Riqada mayın 21-22-də keçiriləcək, Azərbaycan prezidentinin də dəvət aldığı Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” sammiti və Bakı Avropa Oyunları ərəfəsində baş verməsi təsadüfdürmü? Yaxud Patruşevin missiyasının Azərbaycanın Avrasiya İttifaqına daxil olması perspektivlərinə dəxli varmı?

Hələlik bu sualların dəqiq cavabı yoxdur. Bir qayda olaraq Rusiya Təhlükəsizlik Şurasının katibinin danışıqları yüksək məxfilik şəraitində keçirilir və ictimaiyyət bu danışıqlar ancaq qısa, protokol cümlələrindən ibarət bəyanatlar formasında xəbər tuta bilir. Bu baxımdan ekspertlərin rəyləri səfərin məqsədi haqda təxminlər irəli sürmək üçün yeganə mənbədir.

Rusiyanın Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk deyir ki, Azərbaycan özünün əsl suveren mövqeyi üzündən Qərbdən getdikcə daha intensiv təzyiqlərə məruz qalır. Bakının ünvanına vaxtaşırı olaraq müxtəlif xəbərdarlıqlar çatdırılır.

Ekspert kavpolit.com-a açıqlamasında bildirir ki, bu baxımdan Patruşevin səfəri zamanı əsas müzakirə predmetlərindən biri Avropa Oyunlarının keçirilməsidir. Çünki bu oyunların təhlükəsizliyi çox mühüm prioritetdir.

“Heç bir şübhə yoxdur ki, regionda və dünyada Azərbaycanın təşkilati baxımdan sadə olmayan bu yarışlarda möhkəmliyini sınağa çəkməyi arzu edən qüvvələr var. Rusiya tərəfinin bu cür səviyyədə yarışlar keçirməkdə və təhlükəsizliyini təmin etməkdə böyük təcrübəsi var. Bu təcrübəni indi azərbaycanlı həmkarlarla bölüşmək mühümdür” - deyə ekspert bildirir.

Q.Trofimçukun sözlərinə görə, səfər zamanı hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə olunacaq. Onun sözlərinə görə, səfər zamanı dönüş yaradan hansısa qərarlar, xüsusən də mətbuat üçün, gözləmək lazım deyil. Ancaq Nikolay Patruşevin Bakıya səfəri faktının özü hər şeyi deyir.

“Ümumi geosiyasi vəziyyət Azərbaycan üçün də, Rusiya üçün də pisləşir. Və bu, düşünülmüş birgə reaksiyalar, istənilən vaxt baş verə biləcək mümkün insidentlərə qarşı preventiv hazırlıqlar lazımdır” -deyə rusiyalı ekspert vurğulayıb.

Digər rusiyalı ekspert, Siyasi Ekspertlər Qrupunun rəhbəri Konstantin Kalaçev isə deyir ki, Rusiya Azərbaycanda başladılmış geniş antiqərb kampaniyasını qeydə alıb.

“Rusiya Azərbaycanı birdəfəlik öz tərəfinə çəkmək istəyir. İndi Rusiyanı nə narahat edir? Qərbin Cənubi Qafqazda yenidən fəallaşmaq cəhdləri, Avropa İttifaqının tədricən Rusiya qazından imtina edib digər təchizatçılar axtarması, Xəzər teması, İslam ekstremizmi təhlükəsi...” - deyə politoloq sadalayıb.

K.Kalaçevin mövqeyinə görə, səfər zamanı Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulması da müzakirə oluna bilər. Bu isə o deməkdir ki, əsas məsələ-münaqişənin həlli yollarının axtarılması da gündəmə gələcək.
Virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.