ƏDV-nin ləğvini istəyən iri marketlərin əsl sahibləri məlum oldu - Ekspertdən ilginc açıqlama
13-05-2016, 16:49
Oqtay Haqverdiyev: “Devalivasiyadan sonra oliqarxların gəlirləri azalıb. Ona görə də, bu vasitəyə əl ataraq öz gəlirlərini əvvəlki vəziyyətdə saxlamağa çalışırlar”
Artıq bir neçə müddətdir ki, ölkə iqtisadiyyatında hökm sürən çətinliklər iri ticarət obyektlərini bağlanmaq təhlükəsi ilə qarşı-qarşıya qoyub. Azərbaycanda fəaliyyət göstərən iri supermarket şəbəkələrinin rəhbərləri mövcud vəziyyətlə bağlı dövlətin dəstəyinə ehtiyacın olduğunu bildirirlər. Təklif kimi isə əsasən yerli istehsal olan gündəlik tələbat məhsullarına qoyulan Əlavə Dəyər Vergisinin (ƏDV) ləğv edilməsini irəli sürürlər. Hətta bununla əlaqədar olaraq İri market şəbəkələrinin sahibləri iqtisadiyyat naziri ilə də görüşüblər. Lakin vergilər naziri Fazil Məmmədov bildirib ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Nazir sözlərini kənd təsərrüfatı məhsullarının 98%-nin bazarlarda, yalnız 1-2 faizin marketlərdə satılması ilə əsaslandırıb.
Bəs görəsən ekspertlər vəziyyətdən çıxış yolunu nədə görürlər?. Bu problemin həlli üçün nələri etmək lazımdır?
Mövzu ilə əlaqədar İslaminSesinin suallarını cavablandıran iqtisadçı ekspert Oqtay Haqverdiyev olduqca maraqlı fikirlər səsləndirib. İqtisadçı bildirib ki, Azərbaycanda fəaliyyət göstərən sözügedən iri supermarketlər bağlanmayacaq: “ Araşdırma aparsaq görərik ki, ƏDV-nin ləğvini istəyən nəhəng marketlər şəbəkəsinin əsl sahibləri kimlərdir. Dövlətə vergidən azad olmaq üçün müraciət edənlər əslində sadəcə həmin supermarketlər şəbəkəsini idarə edən şəxslərdir. Onlara bu müraciəti etmək göstərişi verildiyi üçün belə addım atırlar. Çünki devalivasiyadan sonra oliqarxların gəlirləri azalıb. Ona görə də, bu vasitəyə əl ataraq öz gəlirlərini əvvəlki vəziyyətdə saxlamağa çalışırlar. Əgər sözügedən supermarketlər zərərlə işləsəydilər, o zaman çoxdan fəaliyyətlərini dayandırardılar”.
Oqtay Haqverdiyevin sözlərinə görə, bütün dünyada ticarət ən gəlirli sahələrdən hesab olunur. Həmçinin dünyanın demək olar ki, bütün ölkələrində ticarət obyektlərinin üzərinə ƏDV qoyulur və gəlirlərdən vergilər tutulur. Büdcəni dolduran sahə olduğu üçün Azərbaycanda ƏDV ləğv edilməməlidir. Əslində rentabelliyə ( gəlirlilik) nəzər salsaq görərik ki, dünyada 12-15 faiz təşkil edir. Azərbaycanda isə supermarketlər 100-150 faiz gəlir götürürlər. Məhsulu 1 manata alıb 5-10 AZN-ə satırlar. Ona görə də, sözügedən problem sadəcə bir oyun kimi dəyərləndirilməlidir. Bu marketlərin əsl sahibləri yuxarı dairələrdə oturan şəxslərdir”.