Vyana görüşü- “diplomatik tələ”, yoxsa...

14-05-2016, 10:53           
Vyana görüşü- “diplomatik tələ”, yoxsa...
Elxan Mehdiyev: “...Beləliklə, torpaqlar ermənidə və bizim işimiz də bundan sonra ”kim güllə atdı" onu müəyyənləşdirmək olur"
Azərbaycan və Ermənistan prezidentləri uzun fasilədən sonra gələn həftə Vyanada görüşəcəklər. Görüşün özəlliyi təkcə aprel döyüşlərindən sonraya təsadüf etməsi ilə əlaqədar deyil, həm də bu görüşdə ATƏT sədri, iki dövlətin XİN başçıları ilə yanaşı, ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın XİN başçısı Sergey Lavrovun da iştirak etməsidir. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrləri - amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryun da Vyana görüşünə qatılacaqlar.

Rusiyanın da bu görüşə “xeyir-dua” verməsi maraqlı situasiya yaradıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, görüşdə Rusiya, Fransa və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri də iştirak edə bilər. “Əsas məqsəd məsləhətləşmələr, atəşkəs rejiminin gücləndirilməsi, hərbi risklərin azaldılması, etimadın möhkəmləndirilməsi ilə bağlı razılığın əldə olunmasıdır” deyə, Zaxarova bildirib.

Bu arada Rusiyanın baş nazirin müavini Dmitri Roqozin yenidən Azərbaycana gələcəyi xəbəri yayılıb. Onun səfəri mayın 17-də baş tutacaq. Bu barədə xəbəri ANS məlumatı “İnterfaks”a istinadən yayıb. “Rusiyanın baş nazirinin müavini Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Səfər çərçivəsində həmçinin may ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən gəlişi müzakirə olunacaq” deyə, mənbə bildirib. Tərəflər həmçinin Qarabağ münaqişə ətrafında yaranan vəziyyəti də müzakirə edəcəklər. Eyni zamanda Rusiya dövlət başçısının səfərinin mayın sonunda reallaşağı da iddia edilir.

Azərbaycan ordusunun cəbhədə üstünlük qazandığı, işğalçı ölkənin ağır duruma düşdüyü bir zamanda danışıqlar qərarının verilməsi birmənalı qəbul olunmur. Bəzi ekspertlər hesab edir ki, Vyana görüşü Azərbaycanı diplomatik tələyə salmaq məqsədi güdür.



Siyasi şərhçi Elxan Mehdiyev “Yeni Müsavat”a açıqlamasında mühüm bir məqama diqqət çəkdi: “Həmsədrlərin bəyanatının mətni və Rusiya XİN-in bəyanatı göstərir ki, Vyana görüşü aprel qarşıdurmasından sonra erməni işğalının aradan qaldırılması üçün təcili tədbirlərin görülməsi istiqamətində yox, atəşkəs rejiminin möhkəmləndirilməsi, yəni işğalın davam etməsi istiqamətindədir. Görüş üçün bəyan edilən təkliflər faktiki olaraq Sərkisyanın təklifləridir və Minsk Qrupu həmsədrləri adından verilir. Burada daha dərinə gedilərək, Azərbaycanın əvvəllər qəbul etmədiyi təkliflər yəni, atəşkəs xəttində mexanizmlərin hazırlanması və insidentlərin araşdırılması və ”tərəflər arasında inam tədbirləri" deyilən texniki, amma vəziyyəti daha da qarışdırılan bir formulanın yenidən gündəliyə salınmasıdır. Bu, nə deməkdir? Bu, o deməkdir ki, əgər həmin təkliflər qəbul edilərsə, o zaman ATƏT- in Kasprşik ofisi genişləndirilir, səhra müşahidəçilərinin sayı artırılır və hər dərədə bir neçə ayırdedici “datçik”lər qurulur və kim atəşkəsi pozubsa araşdırılır və beləliklə, torpaqlar ermənidə və bizim işimiz də bundan sonra “kim güllə atdı” onu müəyyənləşdirmək olur. Sadə dildə desək, baş qarışacaq kiçik texniki məsələlərə və ATƏT-in də “prosesi” davam edəcək. Kim buna gedər ki? Hər halda İlham Əliyev bütün bunları əvvəllər rədd etmişdi. Əgər indi gündəmdə bu məsələlərdisə, o zaman Vyanaya getməyin heç bir mənası yoxdur. Erməni tərəfi sevinir ki, onun tələbləri ATƏT tərəfindən gündəmə qoyulub və onlara da vəziyyəti uzatmaq üçün elə bu lazımdır. Ermənilər dinc yolla torpaqlardan çıxmaq istəmir və indiki dönəmdə məqsəd bu mexanizmləri Azərbaycana qəbul etdirib bundan sonra da həmin mexanizmlərin ətrafında oynamaqdir. Elə onların diplomatiyasının son beş ildə səyləri də ancaq buna yönəlib. Bunu onlar heç gizlətmirlər də. Həmsədrlər bu mexanizmləri işə salmaqla faktiki olaraq Kiprdəki modeli tətbiq edirlər. İşğalı 22 il uzadıb sonra da işğalçı ilə inam tədbirləri təşkil etmək işğala bəraətdən başqa heç bir məna daşımır".

E.Mehdiyev hesab edir ki, Azərbaycan buna getməməlidir: “Azərbaycanın indiki danışıqlarda bir tələbi olmalıdır: o da erməni qüvvələrinin torpaqlardan çıxması və bunun üçün mexanizmlərin hazırlanması! Bütün cəmiyyətin gözlədiyi budur. Heç bir ölkə işğal altında olan öz torpağında işğalı uzatmağa xidmət edən mexanizmlər qurmaz! ATƏT-in təklifi Azərbaycanı diplomatik tələyə salmaq və yeni hüquqi mexanizmlərə bağlamaqdır. Azərbaycan buna gedərsə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyəti və eləcə də bu məsələyə beynəlxalq baxışı Azərbaycanin xeyrinə köklü şəkildə dəyişmiş Azərbaycan ordusunun bütün qəhrəmanlıqlarını yerə vuracaq, vəziyyəti yenidən qeyri-müəyyənliyə sürükləyəcək. Biz bu təklif edilən tədbirlərə o zaman razı ola bilərik ki, o, işğalın bitməsi ilə bağlı razılaşdırılmış siyasi yol xəritəsi ilə bərabər qəbul olunsun. Başqa cür olarsa, bu, ancaq birtərəfli və işğalçıya bəraət verən yeni situasiya yaradacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.