“Onun mühakimə olunduğu maddələrin sanksiyasında həbs də var” - Vəkil

14-05-2016, 12:40           
“Onun mühakimə olunduğu maddələrin sanksiyasında həbs də var” - Vəkil
Telejurnalist Qulu Məhərrəmlinin həbs təhlükəsi sovuşmayıb. AzTV-nin rəhbəri Arif Alışanovun xüsusi ittiham qaydasında məhkəməyə verdiyi Məhərrəmlinin işinə Yasamal Rayon Məhkəməsində baxılır. Növbəti prosesin nə vaxt olacağı məlum deyil.

Ətrafında cərəyan edən hadisələrlə bağlı “Yeni Müsavat”a açıqlamasında telejurnalist bunları dedi: “Məhkəmə qərar qəbul etmişdi ki, müsahibəm linqvistik ekspertizaya göndərilsin. Onlar vəsatət qaldırdılar ki, müsahibənin linqvistik ekspertizasını aparmaq üçün yüksək səviyyəli mütəxəssislərin cəlb olunmasına məhkəmə icazə versin. Çox güman ki, məhkəmə yaxın günlərdə bu vəsatətə baxıb, təmin edəcək. Vəziyyət hazırda bu şəkildə davam edir. Məhkəmənin gələn həftə olacağını sadəcə ehtimal edirik. Həbs təhlükəmin olub-olmamasını ən yaxşı vəkilim deyə bilər. Çünki o, proseslərin içərisindədir. Təhlükə ola da bilər, olmaya da”.
Q.Məhərrəmlinin vəkili Nicat Gözəlov hüquqi baxımdan prosesin gedişatından narahat olmadıqlarını qeyd etdi: “Bəzi iddialarımız var. Qulu Məhərrəmliyə qarşı olan iddialarla bağlı şikayət vermişik. Hələ ki ekspertizadan xəbər yoxdur. Xüsusi ittiham qaydasında olan şikayətlə bağlı ekspertizaya müraciət olunub. 100 min manatlıq mülki iddia qaldırılıb ki, onun icraatı dayandırılıb. Çünki bu, cinayət işinin nəticəsindən asılıdır. Hüquqi baxımdan gedişatdan narahatçılığımız yoxdur. Qulu müəllimin iddialarla bağlı şikayəti ayrı məsələdir. Ondan verilən şikayət də tam ayrıdır. Bununla bağlı məhkəmə yəqin ki, qarşıdakı günlərdə olacaq. Qulu müəllimin mühakimə olunduğu maddələrin sanksiyasında həbs var. Ekspertlərin rəyindən çox şey asılıdır. Qulu müəllim kifayət qədər tanınmış ziyalıdır. Hesab edirəm ki, məhkəmə o qədər dərinə getməz”.

Sonda qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu körpələr evinə verəcəyini göstərib. İşə aprelin 7-də hakim Etibar Hümbətovun sədrliyi ilə baxılacaq. A.Alışanov həmçinin Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.