Bakının diplomatik həmləsi üçün Vyana fürsəti – unikal şans!

16-05-2016, 10:04           
Bakının diplomatik həmləsi üçün Vyana fürsəti – unikal şans!
Aprel döyüşləri siyasi müstəviyə adlamaq üzrə; Bu gün Qarabağ danışıqlarında status-kvo Azərbaycanın xeyrinə dəyişə bilər, əgər...; işğalçı Ermənistan sülh prosesinə heç vaxt olmadığı qədər zəif mövqe ilə, ön şərtləri reallaşmadan qayıdır; siyasi atmosferi Bakı diktə edə bilsə, vasitəçilərin də başqa yolu qalmayacaq...
Bu gün - mayın 16-da Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Artıq erməni tərəfi Serj Sərkisyanın Vyanaya gedəcəyini rəsmən təsdiqləyib. Xəbər verildiyi kimi, prezidentlərin budəfəki görüşünə Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransanın xarici siyasət idarəsinin başçısı Jan Mark Ero da qatılacaq.

Görüşdə başlıca hədəf Qarabağ münaqişəsi zonasındakı son durum və konfliktin həllini dinc danışıqlar məcrasına qaytarmaq olacaq. Yəni Vyanada hansısa sülh sənədinin imzalanması gözlənilmir, əsas diqqət təmas xəttində yeni və daha böyük hərbi eskalasiyaları önləməyə yönələcək. Bu isə müstəsna olaraq, işğalçı Ermənistanın konstruktiv mövqe tutub-tutmayacağından asılı olacaq.

* * *
Azərbaycan və Ermənistan dövlət başçılarının bundan əvvəlki, sonuncu görüşü İsveçrənin Bern şəhərində - ötən il dekabrın 19-da baş tutub. O zaman 1 saatdan çox çəkən təmas öncəkilər kimi heç bir nəticə olmadan bitmişdi. Az sonra Azərbaycan prezidenti İlham Əliyev həmin görüşü imitasiya xətrinə görüş adlandıraraq, bu kimi təmaslara lüzum olmadığına diqqət yönəltmişdi.
Budəfəki Vyana görüşü isə ən azı, üç mühüm detalı ilə fərqlənir və diqqət çəkir: əvvəla, bu, apreldəki 4 günlük müharibədən sonra Qarabağa dair ilk yüksək səviyyəli görüş olacaq və sülh danışıqlarının bundan sonrakı perspektivinə, genişmiqyaslı müharibə ehtimalına aydınlıq gətirəcək.

İkinci mühüm özəllik odur ki, prezidentlərin görüşünə atəşkəs dönəmində ilk dəfə olaraq üç həmsədr dövlətin xarici siyasət idarələrinin başçıları qatılacaq. Bu da problemin aktuallığına dəlalət eləməklə yanaşı, Vyana görüşünə əlavə sanbal qatır və qəbul ediləcək qərarların reallaşmasına məxsusi zəmanət vəd edir.
Üçüncü mühüm məqam münaqişə tərəflərinin budəfəki görüşə fərqli siyasi imkanlarla gəlməsidir. Xüsusən də Azərbaycan üçün Vyana görüşü ilk bənzərsiz fürsətdir ki, nəhayət, işğal olunmuş ərazilər məsələsini, işğal rejiminin uzanmasının qeyri-mümkünlüyünü qəti şəkildə vasitəçi dövlətlər qarşısında qoysun, yeni müharibənin əsas baiskarı kimi Ermənistanı onlara barmaqla göstərsin.

* * *
Unutmaq lazım deyil ki, 4 günlük aprel müharibəsindən sonra indi təşəbbüs, üstünlük bütünlüklə Azərbaycana məxsusdur. Onu qaçırmaq olmaz. Döyüş cəbhəsindəki kimi, bundan sonrakı danışıqlar müstəvisində də Bakı hücum taktikası izləməlidir. Artıq məğlub tərəf biz yox, ermənilərdir. İrəvan heç vaxt olmadığı qədər sülh danışıqlarına uğursuz bir mövqe ilə qatılır. Bunu anladığı üçün də o, 5 apreldən sonra hərbi revanşa can atdı, Ermənistan prezidenti isə danışıqlara qatılmaq üçün absurd şərtlər irəli sürdü.

Sərkisyanın aprel məğlubiyyətindən sonra danışıqların bərpası üçün irəli sürdüyü həmin şərtlər bunlar idi: 1. Azərbaycanın yeni həmləyə əl atmayacağına dair qarantiyanın verilməsi;
2. Atəşkəsin pozulmasının araşdırılması mexanizminin qəbul edilməsi;

3. Aprelin əvvəllərində baş verənlərə görə Azərbaycanın beynəlxalq birlik tərəfindən rəsmən qınanılması - ünvanlı bəyanat.

Göründüyü kimi, düşmən ölkə başçısının bu şərtlərinin heç biri ciddiyə alınmayıb və o, sülh prosesinə qayıtmaq zorunda qalıb. Çünki zəif tərəfdir - zəif tərəflə bir qayda olaraq hesablaşmırlar.

Ona görə də Azərbaycan əlverişli şansı qaçırmamalı, Vyanadakı danışıqlarda siyasi atmosferi özü diktə eləməlidir. Belə olarsa, vasitəçilərin də ayrı yolu qalmayacaq. İmkan vermək olmaz ki, həmsədr ölkələr, onların xarici siyasət idarələrinin başçıları yenə də təcavüzkarın maraqlarının yedəyində getsin, özünə gəlməsi üçün ona qiymətli vaxt qazandırsın, ən önəmlisi, təmas xəttində işğalçının neçə vaxtdır çalışdığı atəşkəsə nəzarət mexanizminin tətbiqinə nail olsun. Bu mexanizm o demək olacaq ki, işğalçı artıq özünü Azərbaycan sarıdan tam rahat və təhlükəsizlikdə hiss edəcək.

Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev az öncə işğal faktı dura-dura belə bir mexanizmin tətbiqinin mümkünsüz olduğunu bəyan edib. Çünki bu mexanizm müstəsna olaraq təcavüzkarın maraqlarına cavab verir, Azərbaycanın öz ərazilərini güc yolu ilə azad eləməkdə əl-qolunu bağlayır.

***
Hərgah, Azərbaycanın önündə ənənəvi olaraq çox ciddi, onun özündən asılı olmayan bir əngəl var - Rusiya faktoru. Ermənistan nə qədər zəifləsə də, əfsuslar olsun ki, arxasında güclü Rusiya dayanır. Bu mənada 5 apreldən sonra Qarabağ məsələsində əsas təşəbbüskar ölkə olsa da, Rusiyanın Vyana görüşünə “xeyir-dua” verməsi, təşəbbüskarlığı Qərblə “bölüşməsi” maraq doğurur. Bəzi skeptik ekspertlərə görə, Vyana görüşü Azərbaycanı hətta diplomatik tələyə salmaq məqsədi də güdə bilər.

“Ermənilər dinc yolla torpaqlardan çıxmaq istəmir və indiki dönəmdə məqsəd atəşkəsə nəzarət mexanizmlərini Azərbaycana qəbul etdirib, ardınca həmin mexanizmlərin ətrafında oynamaqdır. Həmsədrlər bu mexanizmləri işə salmaqla faktiki olaraq Kiprdəki modeli tətbiq edirlər. Heç bir ölkə işğal altında olan torpağında işğalı uzatmağa xidmət edən mexanizmlər qurmaz! Biz buna o zaman razı ola bilərik ki, o, işğalın bitməsi ilə bağlı razılaşdırılmış siyasi yol xəritəsi ilə bərabər qəbul olunsun. Başqa cür olarsa, bu, ancaq işğalçıya bəraət verən yeni situasiya yaradacaq”. (Konfliktoloq Elxan Mehdiyev).

Azərbaycan xalqının 4 günlük savaşdan sonra əsas gözləntisi də elə budur ki, Ermənistan, nəhayət, ona məxsus olmayan torpaqlardan çıxmaq davranışı göstərsin və vasitəçilər də ilk növbədə ona bu yöndə təzyiqlər eləsinlər. Əks təqdirdə, aydındır ki, bölgədə yeni müharibə riski aradan qalxmayacaq.
***
Bəs bundan sonra işğalçı tərəfə konstruktiv mövqe tutmaq üçün təzyiqlər edilə bilərmi? Söhbət ən əvvəl Rusiyadan gedir, çünki onun İrəvana təsir imkanları hamıdan güclüdür. Kreml buna gedərmi?

Rusiyalı politoloq Mixail Neyşmakova görə, hazırda bu, mümkünsüz görünür. “Aprel olaylarından dərhal sonra Ermənistanın Azərbaycanın bir neçə rayonunu azad etməsi üçün Moskvanın İrəvana təzyiq göstərməsi Ermənistan daxilində siyasi böhran yaratmaq demək olardı. Odur ki, yaxın zamanlarda Rusiya çətin ki, bu məsələni (bir neçə rayon məsələsini - A.X.) qaldırsın” - politoloq qeyd edib.

Rusiyalı ekspert əslində blef eləmir. Kreml gerçəkdən də ermənilərin “ətini yesə də, sümüyünü atmaz”. Çünki Rusiyanın hədəfi Qarabağ ixtilafının tezliklə çözümü, yaxud Azərbaycan torpaqlarının işğaldan azad olunması deyil, münaqişə hesabına Güney Qafqazda daha da möhkəmlənmək, Azərbaycan və Ermənistanı uzun müddət öz siyasi-hərbi orbitində saxlamaq, imkan düşdükcə Azərbaycanı da Avrasiya layihələrinə qoşmaq və Qərbin (ABŞ və NATO-nun) bölgədə nüfuzunu artırmasını əngəlləməkdir.

Şübhəsiz, Rusiya öz baş diplomatı Sergey Lavrovun timsalında bugünkü Vyana danışıqlarına məhz bu amalla gedir və marionet Ermənistanı da məhz öz hədəflərinə yönəltmək əzmindədir. Lakin bu, əsla o anlama gəlmir ki, Azərbaycan öz maraqlarından geri çəkilməlidir. Əsla. Əksinə, Qarabağ məsələsində uğurlu diplomatik həmlə üçün Bakı indi unikal bir fürsət yiyəsidir - Vyana fürsəti. Belə bir fürsəti Azərbaycan əsgəri, şəhidlərimiz yaradıb. Onu qaçırmağa haqqımız yox!!! musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.