Keçmiş MTN əməkdaşları od püskürdü

16-05-2016, 22:36           
Keçmiş MTN əməkdaşları od püskürdü
Müraciət müəllifləri: «Hərbi Əks-Kəşfiyyatın ən savadlı, peşəkar kadrları keçmiş rəis Nizami Şirinovun qeyri-peşəkar rəhbərliyinə etiraz edərək işdən çıxıb getdilər…»
«Təzadlar»a vaxtilə strukturu dəyişdirilmiş MTN-də çalışmış, lakin özlərinin qeyd etdikləri kimi, Eldar Mahmudov və ətrafının qanunsuz hərəkətlərinə dözməyərək bu qurumdan uzaqlaşdıqlarını bildirən sabiqlərin Ali Baş Komandan, Prezident İlham Əliyevə ünvanlı yeni müraciəti daxil olub… Onlar Prezident İlham Əliyevə müraciət edərək bəzi mətləblərdən bilgiləndirmək istəyirlər.
Qeyd edək ki, bu dəfəki müraciətin müəllifləri keçmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq əməkdaşlarıdır…
***
Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin dekabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında Fərman imzalamışdı. Fərmana görə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır.
***
Beləliklə, müraciətdə deyilir:
«Çox hörmətli Cənab Prezident!
Keçmiş MTN-nin ləğvindən sonra bu qurumun bazasında təsis edilmiş strukturda aparılan kadr siyasətini kənardan diqqətlə izləyən biz sabiq əməkdaşlar, Sizə dərindən minnətdarıq, DTX-nin rəisi cənab M.Quliyevə bu yolda uğurlar arzulayırıq!
Bilirik ki, keçmiş MTN-də Sizin tapşırığınızla və M.Quliyevin rəhbərliyi ilə komissiya çalışır və hər bir məqam diqqətlə izlənilir, öyrənilir. Yəqin ki, bu komissiya bu qurumda çalışmış istənilən zabiti dindirəndə Eldar Mahmudovun nazirliyi dönəmində kimin nə işlə məşğul olduğunu özü üçün ayırd edəcək. Dilə gətirilməsi mümkün olmayan məsələlər də var ki, susuruq, dillənmirik. İstəmirik ki, belə bir qrum daha da gözdən salınsın. Amma ən azı, qalanlara dərs olsun deyə, MTN-ni bazara çevirmiş bəzi yüksək rütbəli rəislər və onlara əmrlər, göstərişlər vermiş generallar var ki, onların əməlləri ictimaiyyətə də bəlli olmalıdır.
Onu da bildiririk ki, məlum səbəbdən adımızın çəkilməsini də istəmirik. Bizi pis anlayarlar. Lakin vicdanımıza and içirik ki, qərəzdən və qisasçılıqdan uzaq olan fikirlərimizdir. Məlumat üçün onu da qeyd edirik ki, biz məhz idarə rəisi, general Nizami Şirinovun tutduğu vəzifəsinə qətiyyən uyğun gəlməyən fəaliyyəti nəticəsində neçə il əvvəl MTN-dəki vəzifəmizdən könüllü olaraq kənarlaşmışıq.
Hörmətli Cənab Prezident!
Sizin sərəncamınızla Mədət Quliyev Azərbaycan milli təhlükəsizlik nazirinin vəzifələrini icra etməyə başladı və bundan sonra onun müvafiq əmri ilə nazirliyin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Nizami Talış oğlu Şirinov və bir neçə gün sonra isə onun müavini Hafiz Musayev işdən çıxarıldılar. Hər ikisi general rütbəsi daşıyırlar.
«Nizami Şirinov işdən çıxarılıb deyə əleyhinə yazırlar», kimi qənaətdə olanlara indidən bildiririk ki, əvvəla, vəzifədə işləyərkən biz bu korrupsioner rəis-general barədə necə açıqlama verərdik??? Nizami Şirinov həmin statusda və Eldar Mahmudovla o yaxınlıqda idi ki, bizi məhv edərdi. İkincisi, indi biz də işləmirik, deməli, bunları yazmaqda özümüzə rəğbət qazandırıb vəzifə tutmaq istəyində də deyilik. Deməli, elə bizim sabiq rəisimizin qanunsuz, ipə-sapa, əndazəyə sığmayan hərəkətləri barədə yazmağımız lap yerinə düşür, hansısa məqsəd və ya niyyətdən çox uzaqdır.
Beləliklə, Nizami Şirinov 2005-ci ildən E.Mahmudov tərəfindən bu vəzifəyə təyin olunmuşdu. 2007-ci ilin 27 mart tarixində isə cənab Prezidentin sərəncamı ilə ona general-mayor hərbi rütbəsi verildi. Mətbuatda da yazıldığı kimi, Nizami Şirinov əvvəlki rəis Elman Qəmbərovun vaxtında da bu idarənin tərkibində işləmişdi və 1997-ci ildə onu bəzi qanunsuz əməllərinə görə bu vəzifəsindən uzaqlaşdırdı. Sonradan E.Mahmudov onu bu vəzifəyə qaytardı… Bu həqiqətdir ki, Nizami Şirinovun adıçəkilən idarədə işlədiyi müddətdə təmiz və vicdanla çalışan, korrupsiyadan uzaq olan əməkdaşları görməyə gözü yox idi. Bu səbəbdən də onun rəis olduğu 10 il müddətində onlarla təmiz əqidəli, təmiz niyyətli əməkdaşlar Nizami Şirinovun bu dəsti-xəttinə dözməyərək işdən getmişdir. Onun vəzifədə olduğu illər ərzində elə bir şöbə və ya bölmə rəisi yox idi ki, sahələr üzrə pul yığdırmasın. Pul gətirməyən peşəkarları qovub yerinə naşıları yerləşdirirdi. «Osobist»lərdən Vaqif Şəfiyev 2-ci şöbənin, Elman Əliyev isə 1-ci şöbənin rəisi idi, onlar hər şeyi yaxşı bilirlər… 2-ci şöbədən Zaur Yusifov, kapitan Nadir Nəzirov, mayor Natiq Mehdiyev, kapitan Tural Nağıyev, polkovnik-leytenant Elxan Qasımov… idarədəki korrupsiya ab-havasına və peşəkarların qiymətləndirilməməsinə dözməyib gedənlərdəndir. Məsələn, acınacaqlı hal idi ki, Hərbi Əks-Kəşfiyyatın Sərhəd Qoşunları üzrə şöbəsinin rəisi polkovnik Azər Babayev kimi olduqca savadlı çekisti, idarənin şöbə rəisi Nizami Hüseynovu (polkovnik) Nizami Şirinovla Elcan Abdullayev bezdirmişdilər… Amma, hörmətli Mədət müəllim, sağ olsun ki, o, Nizami Hüseynov kimi savadlı və peşəkarı tanıdığından onu Nizami Şirinovun yerinə Hərbi Əks-Kəşfiyyat Baş İdarənin rəisi təyin etdi. MTN-də hamı bilir ki, Nizami Hüseynov Nizami Şirinovun tələblərinə «cavab vermədiyindən» 2004-2010-cu illər ərzində bezib işdən getmişdi… Belə savadlı kadrların yerinə isə Nizami Şirinov Baş Qərargaha və ona tabe olan hərbi hissələr üzrə (MN-nin) «osobist»ləri kim gəldi, yəni təcrübəsi, savadı olmayanları təyin edirdilər… Belələrindən biri hazırda kapitan rütbəsində olan Tamerlan Rzayevi göstərmək olar. Çünki T.Rzayevin bacısının həyat yoldaşı ilə Eldar Mahmudov yaxın dost idilər… Həmçinin tanışlıq, dostluq prinsipləri əsasında işə götürülmüş mayor İlkin Şıxıyev, mayor, deyəsən, artıq polkovnik-leytenant İlqar Tağızadə… hələ də Hərbi Əks-Kəşfiyyatın MN-nin hərbi hissələri üzrə məsul vəzifələrindədirlər. Təsəvvür edin ki, 2005-ci ildən belədir.
Qoy Nizami Şirinov özü açıqlama versin ki, Tərlan adlı (soyadını unutduq) polkovnik-leytenant necə və nəyin hesabına, nəyin müqabilində Hərbi Əks-Kəşfiyyat Baş İdarənin Sərhəd Qoşunları üzrə şöbəsinin rəisi oldu (Bakı Qarnizonu üzrə, üstəlik, aeroport da ona baxır)???
Qoy araşdırılsın ki, ölkədən kimlər və nə qədər xarici valyutanı məhz aeroport vasitəsilə Nizami Şirinovla necə dil tapıb çıxarmışdır???
Onu da qeyd edirik ki, Nizami Şirinov məzuniyyətə çıxanda Elcan Abdullayev onu əvəz edirdi. Yəqin ki, Elcan Abdullayev xatırlayar, bizə deyirdi ki, bu binada iki kişi var, biri mənəm, biri də Nizami Şirinov! Elcan Abdullayev bir də onu xatırlasa yaxşıdır ki, təcrübəsi və savadı olmayan Yaşar Həbibovu (mayordur) 2007-ci ildə Baş İdarənin Bərdə Korpusu üzrə şöbə rəisi vəzifəsinə necə təyin etdirdi? Hansı ki, Yaşar Həbibovdan dəfələrlə şikayətlər gəlirdi ki, o, bölmə rəislərinin canını boğazına yığıb, vəzifədən kənar tapşırıqlar verir, iş-güc yaddan çıxıb… O, bir gün bankdan, vətəndaşlardan pul almışdı və qaytarmadığına görə dələduzluq maddəsi ilə barəsində cinayət işi qaldırıldı, 8 il iş verdilər. Bu məsələdə Elcan Abdullayevin də izahatı alınmışdı, amma canını qurtardı. Hansı ki, o vaxt Yaşar Həbibov mayor idi, amma Elcan Abdullayevin sayəsində polkovnik rütbəli vəzifəyə təyin edilmişdi… Təsəvvür edirsinizmi, hərbi hissənin polkovnik, polkovnik-leytenant rütbəli rəisləri mayora tabe etdirilmişdi… Ondan əvvəl isə bu vəzifədə Nizami Şirinovun kadrı idi-Emin Abbasov.
-Elcan Abdullayev Emin Abbasovun nə üstündə vəzifəsini aşağı salmışdı?
-2014-cü ildə Elcan Abdullayevlə onun tabeliyində olan Ruhlan Əliyevin Nizami Şirinovla arası niyə dəydi?
-Baş İdarədə 300 min dollar məsələsi nədən qaynaqlanmışdı?
-MTN-nin Zığdakı hərbi hissəsində niyə bir nəfər də olsun çoban, bənna, bağban… balası yoxdur?
-Nizami Şirinov İlham Qaybalıyevə mənzili hansı şərtlərlə verdirmişdi?
-4-cü korpusun rəisi Ələddin Hümbətovun adı Baş İdarədə daha çox necə və nədə hallanır?
-Emin Həsənzadə, Məhəmməd Şıxıyev, Şahin Abdullayev, Hüseyn Fərzəliyev, Tofiq Məmmədov… kimi peşəkar zabitlər niyə və kimin əlindən bezib işdən gedəsi olublar? Bu işdə Elcan Abdullayevin rolu necə olmuşdu?
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.