Rusiya-Azərbaycan hərbi əməkdaşlığına son qoyulacaq - Ekspertdən xəbərdarlıq
20-05-2016, 12:38
"Dmitri Roqozinin Bakıya tez-tez səfərlər etməsi Ermənistan hakimiyyətini və Rusiyadakı erməni lobbisinin təsiri altından olan qüvvələri narahat edir”.
Mia.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin Bakıya növbəti səfərini şərh edərkən bildirib.
Politoloqun fikrincə, Roqozin Ermənistanın və erməni lobbisinin əsas düşmənidir: "Aprel ayında cəbhə bölgəsində döyüşlər zamanı Azərbaycan ordusunun Rusiyanın müasir silahlarından istifadə etməsi Ermənistanda narazılıqla qarşılandı. Buna cavab olaraq Roqozin Ermənistandakı siyasi qüvvələrin demaqogiya ilə məşğul olduğunu dedi. Roqozin həm də onu söylədi ki, Rusiya Azərbaycana silah satmasa, Azərbaycan bu silahı başqa ölkədən alacaq və Bakı həmin ölkə ilə müttəfiq olacaq. Başqa sözlə Roqozin həmin ölkənin NATO üzvü ola biləcəyinə işarə edirdi.
Dmitri Roqozin bu gün də Ermənistanın və erməni lobbisinin əsas düşmənidir. Çünki Bakı məhz Roqozinin vasitəçiliyi sayəsində Rusiyadan müasir silahlar alır. İrəvanın anlamadığı amil var. Roqozin Azərbaycanla əməkdaşlığı sayəsində Rusiyaya milyardlarla dollar qazandırır. Rusiya hakimiyyəti bu gəlirlərdən imtina etmək istəmir. Rusiya müdafiə sənayesinin əldə etdiyi gəlirdə Azərbaycanın payı 5-7 faiz arasındadır”.
E.Şahinoğlunun sözlərinə görə, Roqozinin Rusiyada tənqid olunması erməniləri sevindirir: "Rusiya prezidenti Vladimir Putin son müşavirədə Roqozinə "qalstukunu düzəlt” sözləri ilə tənqid etdi. Bundan əvvəl isə Rusiya kosmik gəmisinin uçuşunun bir gün ləngiməsinə görə də Roqozin tənqid olunmuşdu. Çünki Rusiyada kosmik sənayeyə də Roqozin cavabdehdir. Roqozinin son günlər Kreml rəsmiləri və Kermlin nəzarətində olan media tərəfindən tənqid olunması Ermənistanı və erməni lobbisini sevindirir”.
Politoloq hesab edir ki, bu tənqidlərdən sonra Putin Roqozini istefaya göndərəcək və bununla Rusiya-Azərbaycan hərbi əməkdaşlığına son qoyulacaq.
"Roqozin qatı rus millətçisidir, vaxtilə millətçi partiyanın yaradıcılarından biri olub. Roqozin Qərbin siyasətini kəskin tənqid edənlərdəndir, amerikalı və avropalı rəsmiləri təhqirlərindən də çəkinmir. Bu mənada Roqozinin Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verməsi onun praqmatik maraqlardan irəli gəlir. Roqozin Rusiyanın gəlirini artırır. Ona görə də Putin bir gün Roqozini istefaya göndərsə belə, onun yerinə təyin olunacaq şəxs də Azərbaycanla hərbi əməkdaşlığı davam etdirəcək. Buna görə də İrəvanın və erməni lobbisinin vaxtından əvvəl sevinməsi üçün əsas yoxdur”.