Kiminin diplomu unudulub, kiminin övladı: - “myGov”-da məlumatlar niyə “yaddan çıxır”?
17-11-2022, 16:46

Bir neçə ildir ki, fəaliyyət göstərən “myGov” elektron hökumət portalı qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir.
TEREF.AZ bildirir ki, vətəndaşlar “myGov” portalı vasitəsi ilə dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olur, xidmətlərə elektron qaydada müraciət edir, e-arayışlar və digər sənədləri əldə edir, məlumatlarının doğruluğunu təsdiq edir, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər. Beləliklə, vətəndaşlar “myGov” şəxsi kabienti vasitəsilə vətəndaşlar öz şəxsi, maliyyə, təhsil və digər məlumatlarını əldə edə bilirlər.
Lakin vətəndaşlar portalda şəxsi kabinetində bir sıra problemlərlə üzləşirlər. Belə ki, “myGov” portalında şəxsi məlumatların bir qismi yerləşdirilsə də, bəzi məlumatlar yoxdur. Məsələn, vətəndaşın diplomu haqda məlumat olmur, yaxud iki övladından yalnız biri göstərilir, ailə tərkibi doğru göstərilmir və s.
Bu problem qurumların öz fəaliyyətlərinə ciddi yanaşmamasından irəli gəlir?
Məsələ ilə bağlı “ASAN xidmət”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Cebhe.info-ya bildirdi ki, vətəndaşlar bir çox şəxsi məlumatlarını “myGov” portalı üzərində əldə edə bilərlər:
“Buna baxmayaraq, vətəndaşların heç bir şəxsi məlumatı “myGov” portalının məlumat bazasında saxlanılmır. “myGov” portalı məlumatı ötürən qurum ilə vətəndaş arasında körpü rolunu oynayır. Bu şəxsi məlumatlar müvafiq qurumlardan məlumat mübadiləsi əsasında real rejimdə əldə edilir və “myGov” portalı vasitəsilə vətəndaşlara təqdim olunur. Odur ki, məlumatlara dair çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurumlara yəni məlumatı saxlayan tərəfə müraciət mütləqdir. “myGov” portalının ən önəmli funksiyalarından biri də budur ki, vətəndaş özü haqqında sistemdə aşkarladığı yanlış məlumatlar barədə heç yerə getmədən, müvafiq quruma "əks-əlaqə" bölməsi vasitəsilə onlayn müraciət ünvanlaya bilir. Bu isə öz növbəsində məlumat bazasının vətəndaşların da iştirakı ilə saflaşdırılmasına şərait yaradır. Yəni “myGov” portalı yanlış məlumatların düzəldilməsi üçün müvafiq qurumlar ilə vətəndaşlar arasında sürətli kommunikasiya kanalı rolunu oynayır”.
Qeyd edək ki, vətəndaşlar "əks əlaqə" bölməsilə əlaqə saxladıqda həmin problemin həlli müəyyən vaxt tələb edir. Yəni “əks əlaqə”bölməsi ilə müraciət edildikdə 15 gün müddətində cavab veriləcəyi qeyd olunur, ancaq müddət ya uzanır, bəzən sorğu ilə bağlı “Sizin nömrənizə zəng çatmır” kimi cavablar verilir. Bu kimi problemlərin həlli ilə bağlı müvafiq qurumların öz fəaliyyətinə daha ciddi yanaşması vacibdir. Müşahidələr göstərir ki, “myGov” portalında ən dəqiq və cəld məlumatlar DİN tərəfindən yerləşdirilir”.