Elçibəy 17 iyunda öldürüləcəkdi? – Kələki sirləri

16-06-2016, 21:10           

Bu gün gecə saatlarında mərhum prezident Əbülfəz Elçibəyin Bakını tərk edərək Kələkiyə getməsinin 23-cü ili tamam olacaq. Azərbaycan tarixinə “Kələki sirləri” kimi düşən bu hadisənin baş verməsi, səbəbləri, nəticəsi haqda yəqin ki, çox yazılacaq, çox danışılacaq.

Teleqraf.com 23 il əvvəl prezident Elçibəyin Bakını tərk edərək Kələkiyə getməsinə dair maraqlı tarixi hadisələri, 2-3 nəfər arasında razılaşdırılan Kələki səfəri ilə bağlı məqamı oxucuların diqqətinə təqdim edir.

Kələki səfəri haqda kimlər nə bilirdi?

Prezident Elçibəyin Kələki səfəri haqda mühafizə xidmətinin rəisi Oqtay Məmmədovun, AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevin və prezidentin media, ictimai və məxfi sənədlər üzrə köməkçisi Oqtay Qasımovun informasiyası olub.

Yəni prezidentin gecə saatlarında paytaxtı tərk edərək Naxçıvana gedəcəyini bu 3 şəxs bilirdi. Oqtay Məmmədov iyunun 16-da, saat 22.00 radələrində prezidentin paytaxtı tərk edəcəyi barədə məlumatı prezidentin köməkçisi Oqtay Qasımova da çatdırıb. Bu iki şəxs Kələki səfərini birgə müzakirə edib. Oqtay Qasımov da Bakı kəndlərindən birinə deyil, Naxçıvana getmək ideyasını müdafiə edib. Ancaq burada Oqtay Qasımova sadəcə məlumat verilib, ondan səfərin uyğun olub-olmaması soruşulmayıb. Eyni zamanda prezidentin köməkçisinə tapşırılıb ki, sənədləri və möhürlə bağlı məsələləri həll etdikdən sonra dərhal Kələkiyə yollansın.

Bundan sona isə prezident Elçibəy AXC-nin İcraiyyə Komitəsinin, MNTK və İdarə Heyətinin üzvləri ilə görüşüb, onlara müvafiq tapşırıqlarını verib. Lakin prezidentin Kələkiyə gedəcəyi məsələsi bu görüş zamanı müzakirə mövzusu olmayıb.

Beləcə, prezidentin qəfil Kələki səfəri 2-3 nəfər arasında müzakirə edilib. Bu səfərin digər şəxslərlə müzakirə edilməsi, ümumiyyətlə, səhv informasiyadır.

Həmin dövrdə daxili işlər, təhlükəsizlik, müdafiə nazirləri istefaya göndərilmişdi, onları əvəz edən şəxslər isə qiyama münasibətdə loyal mövqe tuturdular deyə prezidentin onlara etimadı olmayıb.

Eyni zamanda iyunun 16-da bu nazirliklərə təyinatla bağlı məsələlər müzakirə edilib. Bu baxımdan araşdırma göstərir ki, qəfil Kələki səfəri prezidentin şəxsi iradəsi olub, bu haqda prezident mühafizə xidmətinin rəhbəri Oqtay Məmmədovla və AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevlə müzakirə edib. Bunun xaricində səfərdə iştirak edənlər son anda məlumatlandırılıb.

Prezidentlə təyyarədə uçanlar kimlər olub?

Prezidentlə Kələkiyə gedən təyyarədə mühafizə xidmətinin əməkdaşlarından Ədalət Məmmədov, Fətullah və İlqar Qədirquliyev adlı şəxslər olub. Bu adamlar prezidentin yaxın qohumları olub. Bundan başqa, prezidentin mühafizə xidmətinin rəisi Oqtay Məmmədov, AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyev və onun yaxın bir adamı da təyyarədə olublar.

Bir gün sonra Bakıdan Kələkiyə prezidentin köməkçisi Oqtay Qasımov, daha sonra isə sürücüsü Xəlil gedib. Beləcə, prezident Elçibəyin təyyarəsi Naxçıvan hava limanında yerə enənə qədər hətta mühafizə xidmətinin əməkdaşları belə hansı istiqamətdə uçduqlarını bilməyiblər. Prezidentin təyyarəsi Bakı aeroportundan qalxanda iki istiqamət verilib və son anda havaya qalxandan sonra pilotlar konkret istiqamətin hara olacağını biliblər.

Prezidentin cangüdənlərindən İlqar Qədirquliyev ötən il vəfat edib. Ədalət Məmmədov 1993-cü ilin iyunun 17-dən Kələki kəndində yaşayır. Fətullah adlı mühafizəçi isə artıq 15 ildən çoxdur ki, Amerikada yaşayır. Sürücüsü Xəlil Qəniyev Elçibəyin vəfatından sonra Almaniyaya gedib. Şəxsi mühafizə xidmətinin rəisi Oqtay Məmmədov və köməkçisi Oqtay Qasımov hazırda Bakıda yaşayır. Fərəc Quliyev isə parlamentdə deputatdır.

İyunun 17-də Elçibəy öldürüləcəkdi…

Həmin vaxt Prezidentə sui-qəsd olacağı, Bakıda bir neçə qrupun bu məqsədlə çalışacağı haqda iddialar irəli sürülür.

Məsələn, qeyd edilir ki, belə məlumatlar həm prezidentin mühafizə xidmətinə, həm də güc və təhlükəsizlik strukturlarına məlum olub. Bu məlumatlar təhlil edildikdən sonra yekun qərar verilib.

İddia olunur ki, həmin vaxt keçmiş SSRİ-də olan cinayətkar qrupların nümayəndələri, Rusiya kəşfiyyatına bağlı kriminal ünsürlər, habelə sonradan Dudayevə qarşı vətəndaş müharibəsində Rusiya tərəfindən vuruşan Ruslan Lamazanovun (Labazanov, N.X). dəstəsi Bakıda olub. Eyni zamanda "Qrad" qurğusunun “Azneft” meydanına gətirilərək Prezident Aparatının atəşə tutulması planları olub. Həmçinin prezidentin iqamətgahına hücum olacağı, prezidentin naməlum şəxslər tərəfindən öldürülməsi haqda məlumatların yayılması planları olub.

Elçibəy və yaxın ətrafının elə bu cür dezinformasiyalar səbəbindən Kələkiyə getmək qərarını verməsi də iddialar arasında yer alır.

Elçibəy ölkəni qurtardı?

Prezidentin köməkçisi Oqtay Qasımov bu iddiaya cavab verərkən deyib ki, bu, ciddi yanaşma deyil: “Mən adicə köməkçi idim. Amma mənə bir deyil, bir neçə yerdən informasiya gəlirdi. Aparatda müxtəlif əyləşən qurumlar və şəxslər də müxtəlif mənbələrdən gələn informasiyaları təhlil edirdilər. Yəni bir mənbədən məlumat gəlmirdi ki, dezinformasiya olduğunu düşünəsən. Azı 7-8 mənbədən gələn məlumatın əksəriyyəti bunu təsdiq edirsə və real situasiya da onu göstərirsə, deməli, bu, həqiqətdir. Mən dezinformasiya haqda iddiaları ciddi qəbul etmirəm”.

Prezidentin sabiq köməkçisi əlavə edib ki, 1993-cü ilin iyun qiyamı və ondan sonra prezident Elçibəyin hakimiyyətdən getməsinə, əslində, ölkəninin xilası prizmasından baxmaq lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.